Yuxarı

Şok bazar: 20 qəpiyə köynək, 50 qəpiyə şalvar – Axar TV

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalinin yaşam səviyyəsinin göstəricilərindən biri də Sabunçu bazarıdır. Əhali arasında "rus bazarı", "cındır bazarı", "bit bazarı" adları ilə tanınan bu bazarın yanından laqeyd keçmək mümkün deyil.

Bazarın uzaqdan eşidilən səs-küyü, girişdən sonacan insanı müşayiət edən üfunət qoxusu, mallarını sırımağa çalışan satıcılar, boynubükük qiymət endirən alıcılar, yerlərə səpələnmiş köhnə əşyalar, nimdaş paltarlar "Bit bazarı" haqqında ilkin təəssürat üçün kifayət edir.

"Bit bazarı"nın tarixçəsi

Həftənin şənbə və bazar günləri saat 09:00 - 16:00 arası fəaliyyət göstərən bu bazarın alıcıları əsasən Bakıətrafı qəsəbələrdən və kəndlərdən gələn kasıb insanlardır.

Buranın "Bit bazarı" adlanmasının səbəbi isə köhnə paltarların satılmasıdır. Satıcılar, belə adlandırılmasına baxmayaraq, burada bit-birənin olmadığını deyirlər.

Bazarın yaranmasının tarixçəsinə gəlincə, satıcılar deyir ki, bu adəti ilk dəfə Sovet dövründə ruslar Bakıya gətirib. Yaşlı və imkansız ruslar köhnə əşyalarını gətirib burada sataraq, çörəkpulu qazanırmışlar. Sonralar bu yolla pul qazanmağın mümkünlüyünü görən yerli satıcılar da bazara axın etməyə başlayıb. İndi burada xırda biznesini qurub lazımınca gəlir qazananlar az deyil.

"Bit bazarı"na kimi köhnə, atılmalı əşyalarını dəyər-dəyməzinə satmağa, kimi də 3-5 manat pul ilə pal-paltar almağa gəlir. Satıcı və alıcıların əksəriyyəti orta yaşlılar və qocalardır.

Bazarda ev əşyaları- xırdavat, yataq dəstləri, yorğan-döşək, qab-qacaq, oyuncaqlar, film diskləri, kitablar, xalça, pərdə, samovar, ayaqqabı və pal-paltar səliqəsiz vəziyyətdə, yerə səpələnmiş şəkildə alıcılara təqdim olunur.

Zir-zibildən pul çıxaran satıcılar

15 ilini bu bazarda satıcı işləməklə keçirən Şəhriyar Bəxtiyarov burada alver etməyin onlar üçün sərfəli olduğunu deyir: "Burada yer pulu çox aşağıdır, gündəlik bir-iki manat veririk. Ticarət üçün elə də böyük sərmayə qoymağa ehtiyac yoxdur. Köhnə paltarları insanlardan kilo ilə 1-2 manata alıb, bir az düzəliş etdikdən sonra hər birini 1-2 manata, bahalı paltarları isə 5-6 manata satırıq".

İş stajı bazarla yaşıd olan satıcı qadının dediyinə görə, buradakı alverin hesabına ikimərtəbəli ev tikdirənlər, xarici maşın alanlar da var. Ancaq köhnə, səliqəsiz geyinmək, kasıb görkəm bu bazarın əvvəlki adətlərindəndir. Bir çox alıcılar imkanlı şəxslərdən atılmalı olan əşyaları alıb, burada 2-3 manata satırlar.

Köhnə elektrik avadanlıqları satanlar da digərləri ilə müqayisədə yaxşı qazanır. Atılmış qızdırıcı pilətələrdən, kondisionerlərdən, televizorlardan 40-50 manat qazanan peşəkar satıcıları var "bit bazarı"nın...

Alıcılara gəlincə, onların üzündəki kədərli ifadədən burada alış-veriş etməkdən məmnun olmadıqlarını görmək olur. Ancaq qiymətlərin dəfələrlə ucuz olması bu bazarı onlar üçün də əvəzolunmaz edir.

50 qəpiyə nələr almaq olar...

Bazarda söhbətləşdiymiz alıcılar, buraya imkansızlıq səbəbindən gəldiklərini, qiymətlərin onların büdcəsdinə uyğun olduğunu deyirlər. Qiymətlər isə insanı təəccübləndirəcək qədər aşağıdır. Burada manatdan deyil, qəpiklərdən söhbət gedir. 10-20 qəpiyə köynək, 50 qəpiyə ayaqqabı, 1 manata cins şalvar almaq mümkündür.
Təzəsi 40-50 manata satılan qazanları burada 3-4 manata ala bilərsiniz. 20-30 manatlıq yataq dəstlərinin qiyməti isə 50 qəpikdən başlayıb, 5 manatda bitir.

Başqalarının alt paltarını kimlər geyinir?

Bazarda köhnə mətbəx əşyalarının, kitabların, disklərin, pal-paltarın satışı insanı təəccübləndirməsə də, dəhşət yaradan məqamlar da var. Piştaxtalar arasında yerə tökülmüş, geyilmiş qadın və kişi alt paltarları bunların alıcıları haqqında suallar yaradır. Satıcıların sözlərindən məlum olur ki, köhnə alt paltarlarına tələbat heç də az deyil.

Bununla belə, ikinci əl alt paltarlarının, uşaq paltarlarının və ya oyuncaqların hansı xəstəliklərə səbəb ola biləcəyini təsəvvür etmək üçün həkim olmağa ehtiyac yoxdur. Satıcılar özləri də köhnə paltarlar vasitəsilə yoluxucu xəstəliklərə tutulma ehtimalını istisna etmir.

Onların sözlərinə görə, burada paltarlar elə gətirildiyi kimi, yuyulub-təmizlənmədən satılır. Onu necə istifadə etməksə alıcıdan asılıdır. Ancaq söhbət etdiyimiz qadın satıcılar arasında paltarları yuyub-ütüləyib gətirdiklərini deyənlər də az deyildi.

Kitabların burada da bəxti gətirmir

Hər yerdə olduğu kimi "Bit bazarı"nda da kitablarla maraqlanan alıcıların sayı çox azdır. Digər əşyalar, xüsusən də geyimlə müqayisədə kitab satışı demək olar ki, gəlir gətirmir. Sadəcə, evindən köhnə kitabları çıxarmaq istəyən insanlar onları gətirib satıcılarına verirlər. Kitabların qiyməti də qəpikdən manata çıxmır.

Səhər saat 9-da açılan bazar günorta saat 4-də satıcılarını və alıcılarını yola salır. Üstündən bir saat keçəcək və heç kim "cındır bazarı"nda olduğunu xatırlamaq istəməyəcək.

"Bit bazarı"ndakı mənzərəni daha ətraflı, təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Tarix
2014.07.22 / 10:38
Müəllif
Nərgiz Liftiyeva
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla