Yuxarı

Axı onlar "Xalqın şairi"nə niyə gəlib?! – Qulu Ağsəs

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-də yayımlanan “Xalqın şairi” şeir müsabiqəsində münsiflər heyətində yer alan tanınmış şair, əməkdar jurnalist, “Ulduz” dərgisinin baş redaktoru Qulu Ağsəsin Kult.az-a müsahibəsi:

- “Xalqın şairi” müsabiqəsində münsiflər arasında yer alan Elza Seyidcahan adətən iştirakçılara “yaşıl işıq” yandırırdı. Sizcə, Elza xanım müsabiqəyə sırf buna görə gəlmişdi?

- Münsiflərin seçimində mənim heç bir rolum yoxdur. Buna görə də başqa münsif haqqında danışmağım düzgün olmaz. “Xalqın şairi” proqramına dəvət olunanda mənə demişdilər ki, münsiflər heyəti bir neçə nəfərdən ibarət olacaq. Açığı, münsiflər heyətində kimlərin olacağından xəbərim yox idi. O münsifləri ilk dəfə seçim turlarında görmüşəm. Elza xanım müsabiqəyə bəstəkar kimi qatılıb, hamıya “yaşıl işıq” yandırır, uğur arzulayır. Hətta E.Seyidcahan öz xoşuna gələn 3-4 mətn seçib ki, onlara mahnı bəstələsin. Qalanlarının isə demək olar ki, hamısına “yaşıl işıq” yandırıb. Orada dörd nəfərik, bir nəfərin səsi heç nəyi dəyişmir. Onun qaldırdığı “yaşıl taxta” daha çox “ümidinizi itirməyin”, “ruhdan düşməyin” anlamına gəlir.

Müsabiqədə münsif kimi yalnız öz rəyimə cavabdehəm. Nə iştirakçıların, nə də münsiflərin rəylərinə baxıram. Onlara təsir etmirəm və digər münsiflərin təsirini öz üzərimdə hiss etmirəm. Yalnız istedadlı bildiyim adamlara “yaşıl” verirəm. Çünki bu, hələ ilkin seçimdir. Bura yüzlərlə adam gəlib. Növbəti turlar çox çətin olacaq. Ola bilsin münsiflərin də bəziləri dəyişilsin. Növbəti turlarda “Xalqın şairi” müsabiqəsinə Azərbaycanın tanınmış adamları gələcək. Sonda qaliblərin kitabları çıxacaq və onlara ev veriləcək. Buna görə də son mərhələdə yalnız istedadlı adamlar qalacaq.

- Ötən gün efirə gedən verilişin sonunda dediniz ki, “ümid edirəm növbəti buraxılışlarda daha istedadlı adamlar gələcək”. Doğrudanmı düşünürsünüz ki, həmin müsabiqəyə qatılanlar arasında bir nəfər də olsun istedadlı adam yoxdur?

- Ona ümid eləməsəm və layihəyə qoşulan adamları tanımasam, elə açıqlama verməzdim. Müsabiqəyə xeyli sayda istedadlı adamlar gəlir. Biz də münsif kimi daha yaxşılarını gözləməliyik. Çünki müsabiqəyə istedadlı insanlar gəlməyəcəksə, mənim orada nə işim var? “Xalqın şairi”nə qatılan iştirakçılar arasında tanıdığım, qələminə hörmət etdiyim gənclər var. Mən həmin istedadlı insanlara görə oradayam. Qalan hamısı sıradan adamlardır.

- İştirakçılar arasında gənc şair Şəhriyar Del Geraninin olması sizi diksindirmədi ki?

- Şəhriyarın ora gəlməyi yaxşı oldu. Onu görəndə niyə diksinirəm? Şəhriyarın müsabiqəyə qatılacağını gözləyirdim. Onu görəndə təəccüblənmədim, əksinə sevindim. Ora təkcə Şəhriyar yox, Vasif Zöhraboğlu, Xəlil Adıgözəl, Ulucay Akif, Elçin Kərimli, Tural Turan kimi istedadlı gənclər gəlib. Şəhriyar “Ulduz” jurnalının da şeir müəlliflərindən biridir. Onun finala qədər getməyini səbirsizliklə gözləyirəm. İnanıram ki, Şəhriyar hələ çox tur adlayacaq. Müsabiqənin seçim turları çox şəffafdır, nə olacaqsa, camaatın gözü qarşısında baş verəcək.

Müsabiqədə yalnız əsl istedadı olan adamlar qalacaq. Hətta belə deyim ki, bir-iki qohumu növbəti turu keçməyə qoymamışam. Əgər bu adam yazıları çap olunacaq adam deyilsə, tur adlamağa da mən imkan vermirəm. Mən iştirakçılara təkcə münsif kimi yox, həm də naşir, redaktor kimi yanaşıram. Əgər müsabiqəyə qatılan şəxsin yazdıqlarını çap etmək mümkün deyilsə, o adam niyə mərhələ adlamalıdır ki?!

- Müsabiqədə yaxşı və pis mənada tez-tez təəccüblənirsinizmi?

- Bu müsabiqədə hər mənada təəəccüblənirəm. Çoxdandır ki, insanların belə kütləvi şeir oxumasını müşahidə etməmişdim. Özüm şeir dinləməyi sevirəm. Buna görə də müsabiqəyə qatılanda çox sevindim.

Seçim turları zamanı yaxşı və pis mənada təəccübləndim. Hətta bəzən təəccübləndiyimə görə də təəccüblənirdim. İştirakçıların arasında Mehman adında istedadlı şair var. Onun adını qeyd dəftərimə yazmışam. Mən doğrudan da elə bir gənci tanımadığıma çox təəssüfləndim. Onun şeirləri məni yaxşı mənada təəccübləndirdi. Həmin gənci tapıb “Ulduz” jurnalına cəlb etmək istəyirəm. Pis mənada təəccüblənirəm ki, axı bəzilərinin şeir aləmində, poeziyada, qələmdə, kağızda, klaviaturada nə işləri var?!

Tarix
2017.09.26 / 08:15
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

AZAL-ın keçmiş prezidenti qəza haqda: Bunu gizlətmək olmazdı

Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir?

Astroloq: Təyyarə qəzası ilə bədəl ödədik - Video

Nazarbayev İlham Əliyevə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla