Yuxarı

Bakıya görə türk dövlətləri təcili toplanmalıdır – Türk ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az türkiyəli politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis, BULTÜRK-ün Ankara təmsilçisi İsmayıl Cingözün Tovuz bölgəsində baş verən hərbi əməliyyatlarla bağlı müsahibəsini təqdim edir:

- Azərbaycanın Tovuz bölgəsində erməni təxribarı ilə bağlı baş verənləri yəqin ki, izləyirsiniz...

- İyulun 12-i günortadan sonra erməni silahlı qüvvələri Azərbaycan-Ermənistan arasındakı atəşkəsi pozaraq Tovuz bölgəsinə hücumlar təşkil edib. Bu olayın ardınca da ermənilərin atəşkəsi pozmağa davam etdiyini izləyirik. Hücumlar nəticəsində Azərbaycan ordusunun şəhid verməsi bizi dərindən yaraladı. Erməni hücumları qarşısında Türkiyə rəsmiləri, XİN-dən qınama mesajları yayımlandı, Türkiyənin Azərbaycana olan dəstəyi beynəlxalq ictimaiyyətə göstərildi. Ermənistan bu həmlələri ilə işğalçı-rasist anlayışını davam etdirdiyini bir daha sərgilədi. Azərbaycan ermənilərin 12 iyul hücumuna lazımi şəkildə cavab verib, düşməni geri oturtmağı bacarıb. Ermənistan Müdafiə Nazirliyinin açıqlamalarında Azərbaycanın 13 iyul tarixində hücuma keçdiyi, 2 dəfə sərhədi keçməyə çalışan Azərbaycan əsgərlərinin qarşısının alındığını, itki verilmədiyini bildirərək, itkilərini gizlətməyə çalışır. Ermənilərin Rusiyanın da dəstəyi və istəyi ilə Azərbaycanın Qarabağ torpaqlarına hücum edərək 20 faiz ərazisini işğal etməsini, bu topraqlarda yaşayan Azərbaycan türklərini qadın, uşaq, yaşlı demədən, vəhşicəsinə qətlə yetirməsini 1988-1994-cü illərdə görmüşdük. Xocalı bu savaşın ən qanlı simgələrindən biri olaraq tarixə keçib.

- Dünyanın koronavirusla mübarizə apardığı bir dönəmdə ermənilər atəşkəsi pozmaqla hansı məqsədi güdür?

- Yaşadığımız son zamanlarda, dünyanın COVİD-19 pandemiyası səbəbilə səssizlikdə olduğu bir dönəmdə edilən bu hücumlarla ermənilərin bölgəyə diqqət çəkməyə cəhd etdiklərini düşünürəm. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisində BMT qərarlarının əksinə olaraq sürdürməyə davam etdiyi işğalına baxmayaraq, “Azərbaycan əsgərləri bizə hücum edir” mesajı ilə dünyanı öz lehinə və Azərbaycanın əleyhinə çevirməyə, diqqəti başqa istiqamətlərə çəkməyə və siyasi çözümə gedəcək yolları qapamağa çalışdığı anlaşılmaqdadır. BMT Ermənistanın işğalçı bir ölkə olduğunu açıqlayıb. Siyasi görüşdə Xocalı faciəsi kimi qətliamlar Ermənistanı haqsız çıxaracaq. Dolayısı ilə Ermənistan siyasi müzakirələrə girmək istəmir. Amma bu cəhdlər də Ermənistanı qurtarmağa yetməyəcək.

- Ermənistan Dağlıq Qarabağ problemini müharibə yolu ilə həll etməyə çalışır?

- Ermənistan Rusiyanın dəstəyi ilə boyunu aşan əməllərin arxasınca düşüb və macəra axtarır. 2016-cı ilin sonlarında İrəvan və Moskva arasındakı razılaşmaya əsasən Ermənistan sərhədlərinin qorunması rus əsgərlərinə verilib. Tovuz bölgəsində Ermənistan hər nə qədər itkimiz yoxdur desə də, qeyri-rəsmi qaynaqlarına görə, 200-dən çox ölən, 300-dən çox yaralılarının olduğuna dair məlumatlar gəlir. 2017-ci ildən etibarən rus əsgərlərinin sərhəddə olduğunu nəzərə alsaq, ölən və yaralananlar arasında rusların da olması ehtimalı yüksəkdir.

- Son olaylardan sonra türk dövlətlərindən nə gözlənilir?

- Bu hücumlara görə türk dövlətləri təcili bir toplantı qərarı verməli, Azərbaycana olan dəstək qüvvətli bir şəkildə göstərilməlidir. Ermənistan beynəlxalq aləmdə qınanmalı, isti-isti BMT-nin Təhlükəsizlik Şurasına çağırılaraq işğal etdiyi ərazilərinin boşaldılması üçün yenidən görüş tələb edilməlidir. Torpaqların geri qaytarılması ilə qaçqın və məcburi köçkünlər torpaqlarına dönərək mülklərinə, torpaqlarına qovuşmalıdırlar. Azərbaycana atılan hər güllə Türkiyəyə və digər türk dövlətlərinə atılmış kimdir. Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün Türkiyə bütün imkanları ilə onun yanındadır, olmağa da davam edəcək. Türkiyə-Azərbaycan eyni millətin iki dövlətidir. Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir. Erməni hücumları sadəcə Azərbaycana deyil, türk dünyasınadır. Rusiya və Qərb bu səbəbdən səssiz qalmağı seçir. Erməni silahlı ünsürlərinin Azərbaycanın Tovuz bölgəsində həyata keçirtdiyi hücumu şiddətlə qınayır, həyatını itirən azərbaycanlı şəhidlərimiz üçün Azərbaycan türk dövlətinə, dost və qardaş Azərbaycan xalqına başsağlığı, yaralılara şəfalar diləyirəm!

Tarix
2020.07.15 / 09:13
Müəllif
Aytac Araz
Digər xəbərlər

Bayramov AB rəsmisi ilə İrəvanla münasibətləri müzakirə etdi

Azərbaycana bunun üçün gəlmişəm - Çavuşoğlu

Bizə Azərbaycanla müharibə lazım deyil - Paşinyan

Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov?

İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan

MM sədri Çavuşoğlu ilə görüşdü

Litvanın İrəvandakı səfiri sərhədimizə gəldi

İmaməli Rəhman İlham Əliyevə zəng etdi - təbrik üçün

Bayramovla Mirzoyan Maltada görüşəcəkmi?

Səfərovun gah nala, gah da mıxa vuran 3 vəkili...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla