İyunun 30-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2015-ci il
buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Axar.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik
və Təyyarəçilik məktəblərinin məzunları, Müdafiə Nazirliyinin
rəhbərliyi, ictimaiyyətin nümayəndələri, məzunların yaxınları
iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və
kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin
müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi,
general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə
kursantları və onların valideynlərini Müdafiə Nazirliyinin
rəhbərliyi adından təbrik edib.
N.Osmanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin təhsil
sistemi gündən-günə təkmilləşir, inkişaf edir. Azərbaycan Ali Hərbi
məktəblərində təhsil sisteminin təkmilləşdirilməsi üçün aparılan
islahatlar mühüm nəticələrini verməkdədir. Bu hərbi məktəblərin
tədris, maddi bazası müasir tələblərə cavab verir. Burada
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hazırlıqlı,
vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılıb.
Biz bundan sonra da bütün imkanlardan istifadə edərək Ali Hərbi
məktəblərdə təhsil sisteminin təkmilləşdirilməsi işini davam
etdirəcəyik. Hərbi təhsil sisteminin daim inkişaf etdirilməsi
ordumuzun yüksək ixtisaslı zabit kadrlarla təmin olunmasının
qarantıdır. Burada xidmət edən hər bir zabit, gizir, çalışan
müəllimlər, təhsil alan kursantlar dövlətimizin adına layiq olmalı,
üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı
nəticəsində ordumuzun daha da inkişaf etdiyini deyən N.Osmanov
vurğulayıb ki, 2014-2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbini 473, Ali Hərbi Dənizçilik Məktəbini 18, Ali Hərbi
Təyyarəçilik Məktəbini 131 nəfər bitirib.
N.Osmanov kursantları diplom və ilk hərbi leytenant rütbəsi
almaları münasibətilə təbrik edib, onlara Azərbaycanın gələcəyi,
ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da
yüksəldilməsi naminə xidmətlərində yeni-yeni uğurlar arzulayıb.
Sonra N.Osmanov xüsusi təyinatlı hərbi məktəblərdə tədris və
intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə
ilə bitirən məzunlara diplomlar təqdim edib.
Ali hərbi məktəbləri fərqlənmə ilə bitirən məzunların Azərbaycan
Prezidenti İlham Əliyev və Müdafiə naziri tərəfindən qiymətli
hədiyyələrlə təltif olunduqları elan edilib və hədiyyələr təqdim
olunub.
Məktəbləri fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və
aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
döyüş bayrağının təhvili və qəbulu olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı
növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa
edilib.
Kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın
önündən keçiblər.