Yuxarı

Nuriyev təhqirləri "ləzzətlə" qəbul etməlidir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş deputat, vaxtilə Dövlət Gömrük Komitəsi sədrinin müavini işləmiş Cümşüd Nuriyevin efirdə çıxışı zamanı işlətdiyi ifadə ciddi müzakirələrə səbəb olub.

Sosial şəbəkədə paylaşılan hissə əsasında hamı Cümşüd Nuriyevi təhqir edir.

Bu təhqirlər nə qədər “ədalətlidir”?

Verilişin tam mətnində o vaxtkı Milli Məclisə (Ali Sovet – red.) 15 mayda edilən hücum əksini tapıb. Bu hücumda tanklar, əli silahlı şəxslərin güllə açdığı görünür və s.

Həmin olaya qiymət verən C.Nuriyev mart ayında qanunsuz həbs olunmasını xatırladıb və deyib: “Xalq Cəbhəsinin bir qadın batalyonu vardı, Xanım Xəlilovanın başçılığı ilə. Ölkədə nə qədər ərindən boşanmış, üzr istəyirəm, küçədə qalan qadınlar var idi, bunlar kişi söyüşləri ilə orada (Ali Sovetdə - red.) idilər”.

Məsələnin mahiyyətinə sonra qayıdarıq. İndi keçək Cümşüd Nuriyevin bu ifadələrinə:

C.Nuriyev bu sözləri ilə əvvəla, ərindən ayrılan qadınları təhqir edib, ikincisi, qadın batalyonları anlayışının üstünə kölgə salıb, daha doğrusu, bu missiyanı murdarlayıb.

Hər ərindən ayrılana əxlaqsız deməyin özü əxlaqsızlıqdır. Əxlaqsız küçə qadını şəhər küçələrində bədənini satanlara deyilir, əlinə silah alıb, Vətən üçün savaşa qalxanların qeyrəti artıq müzakirə olunmur. Onun qeyrəti apardığı mübarizədə əks olunur.

Lap hansısa əxlaqsız o batalyonlara qoşulubsa, artıq əxlaqını da, namusunu da təmizləyib demək. Əksinə, Vətən darda ikən silaha sarılan əxlaqsız qadın toyuq hinində və ya yaşı çatmasına baxmayaraq, siyasi demaqogiya dalında gizlənən “namuslu” kişidən min dəfə qeyrətli, namuslu, əxlaqlıdır.

Dünyanın heç bir ölkəsində qadın hərbçilər mələk deyil və həmin qadınların hansı əxlaqi keyfiyyət daşıması müzakirə belə olunmur. Məsələn, dünyanın ən güclü ordularından olan İsrail ordusundakı qadınların açıq-saçıq fotoları tez-tez mətbuatda yayımlanır.

Heç bir yəhudi durub demir ki, ay qız hey, əyninizə paltar geyinin, bir az ismətli olun, düz oturun!

Çünki hərbçinin missiyası döyüşmək, torpağı qorumaqdır, onun namusu, əxlaqı Vətəndirsə, gerisi təfərrüatdır.

90-cı illərdə bəzi “kişilər” müxtəlif bəhanələrlə qaçıb gizlənəndə Cümşüdün təhqir etdiyi o qadınlarımız “qadın batalyonu” yaratmışdılarsa, onun sırasında olan və bəlkə də nə vaxtsa əxlaqsız olmuş qadının dırnağı belə deyil Cümşüd Nuriyev – həm özü, həm də əxlaqı! Çünki C.Nuriyev o vaxt Gömrük Komitəsinin müavini kimi Bakıda mənsəbi üçün vuruşurdu, o qadınlar isə cəbhədə olurdular və onların sırasında şəhidlər də az olmayıb.

Əsir düşməmək üçün özünü güllələyən Qaratel nümunəsi bəsdir ki, Cümşüd Nuriyevə yönələn təhqirlərin ədalətli və haqlı olduğu təsdiq olunsun.

Ümumiyyətlə, Cümşüd Nuriyevə kim o haqqı verib ki, özünü əxlaqölçən cihaz kimi aparsın? Əxlaq ölçmək lazımdırsa, əvvəlcə, kimlərdənsə pul alıb kimlərisə təhqir edənlərin əxlaqını ölçmək lazımdır.

Belə bir vaxtda - Qarabağla bağlı proseslərin həm qaynadığı, həm də dalana dirəndiyi bir anda Cümşüd Nuriyevin qəhrəman Azərbaycan qadınlarını təhqir etməsi birbaşa təkcə milli qürura, dövlətçiliyə deyil, həm də insani prinsiplərə vurulmuş zərbədir.

Cümşüd Nuriyevin dediyini yalnız və yalnız hansısa erməni terrorçusu deyə bilərdi. Başqa heç kim! Yəni bu adam təxminən işğalçı erməni ordusunun təfəkküründə danışıb.

Bir tərəfdə nasist terrorçusu Njdeni dünyaya milli qəhrəman kimi sırıyan və onu müdafiə edən ermənilər, digər tərəfdə Azərbaycanı qorumağa gedən qadınlarımızı təhqir edən sabiq deputat Cümşüd Nuriyev. Özünüz qərar verin: hansı daha çox düşməndir?

O ayrı məsələdir ki, C.Nuriyevin dediyi batalyondan siyasi proseslərdə istifadə olunub.

Əlbəttə, kişi batalyonlarından da Bakıdakı siyasi mübarizədə əxlaqsızcasına istifadə edilib. Ancaq bu, həmin batalyonda vuruşan igidlərə qətiyyən aid deyil: onlar əmri yerinə yetiriblər – bu qədər bəsit!

Qayıdaq söhbətin əvvəlinə:

Təxmin etmək olar ki, C.Nuriyev doğru ifadə seçməyib, əslində, hədəfi tamamilə fərqli olub. Deyəsən, özü də sonrakı açıqlamasında buna cəhd edir.

Uğursuz cəhddir! Sənin nə demək istədiyin özünə aiddir, ortada isə nə dediyin var! Sən – bir vaxtlar millət vəkili olmuş şəxs hələ də özünü və fikrini ifadə edə bilmirsənsə, bu, sənin problemindir. Sözü deyəndən sonra fikirləşmirlər, Nuriyev, fikirləşib deyirlər!

Əxlaqı üstündə olan şəxs “səhv başa düşülmüşəm” deyil, “səhv ifadə seçmişəm” deyib, çıxıb bütün boşanmış qadınlardan, qazi xanımlarımızın özündən, şəhid xanımlarımızın ruhundan və bütün Azərbaycan xalqından üzr istəməlidir!

Həm də ünvanına işlədilən özünəlayiq sözləri “ləzzətlə” qəbul etməlidir!

Tarix
2019.11.28 / 11:31
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla