Nyu York Müasir Sənət Muzeyində Pikassonun 1221 əsəri
var, amma xalqa cəmi 24-ü nümayiş etdirilir.
Axar.az xəbər verir ki, dünyanın ən məşhurlarından hesab olunan
Teyt, Met və MoMa muzeylərində izləyicilərə təqdim olunan əsərlərin
sayı qurumların sahib olduğu ümumi əsərlərin sayından qat-qat
azdır. Xalqa nümayiş olunmayan əsərlər isə xüsusi qaranlıq
anbarlarda saxlanılır.
Məsələn, Teyt Qalereyası sahib olduğu əsərlərin yalnız 20
faizini, Luvr muzeyi 8 faizini, Berlin muzeyi isə yüzdə iksini
xalqa sərgiləyir.
Bunun ən böyük səbəblərindən biri muzeylərin yer problemidir.
Həmçinin müasir sənətlə ayaqlaşmağa çalışan muzeylər dəbdə olan və
dövrümüzə daha yaxın olan tabloları nümayiş etdirməyə çalışır. Bəzi
muzeylər nümayiş etdirmədiyi əsərləri öz şəxsi anbarlarında
saxlayarkən, bəzilıri bunun üçün muzeydən kənarda yerləşən gizli
ünvanlardan istifadə edir.
Lakin hazırda muzeylər daha çox əsərin nümayiş olunması üçün
böyük bir cəhdlə çalışır. Bu səylərin birincisi tabloların internet
vasitəsilə xalqa nümayiş olunmasıdır. Bəzi museylər isə öz
anbarlarını xalqa açıq elan edib böyük əsərləri izləyicilərə təqdim
etmək fikrindədir.
Axar.az "BBC Culture"ə istinadən bəzi gizlədilən əsərlərin
siyahısını təqdim edir:
Albrext Dürer – "Dovşan" (1502) Albertina muzeyi,
Vyana
Dürerin sulu boya və quajla kağız üzərində işlədiyi məşhur əsəri
"Dovşan" Vyananın qeyri-rəsmi talismanı hesab olunur. Bu əsər hər
üç aylıq sərgidən sonra kağızın xarab olmaması üçün 5 il müddətində
qaranlıqda və havanın nəmliyinin 50 faizdən aşağı olduğu bir
şəraitdə saxlanılır. Ən son 10 illik aradan sonra 2014-cü ildə
qısamüddətlik nümayiş olunmuşdu.
Əsərin yenidən sərgilənməsi 2018-ci ilə planlaşdırılır.
Anri Matiss – "Hovuz" (1952) Müasir Sənət muzeyi (MoMa),
Nyu York
Matissin Nays kəndindəki evinin qonaq otağı üçün kağız üzərində
işlədiyi bu əsərini Nyu York Müasir Sənət muzeyi 1975-ci ildə alıb,
amma 20 il ərzində nümayiş etdirməyib. İllər keçdiyi üçün kağız
saralıb, rənglər bir-birinə qarışıb. Bu səbəbdən əsər restavrasiya
olunub və yalnız 1995-ci ildən sonra nümayiş etdirilib.
Cekson Pollok – "Qızıldərili qırmızısı üzərində divar
rəsmi" (1950) Tehran Müasir Sənət muzeyi, Tehran
İran şahı Rza Pəhləvinin hakimiyyətinin son dövrlərində şahzadə
Fərəh Pəhləvi müasir günümüzdə qiyməti milyard dollarla ölçülən bu
əsərlə maraqlanır. Başda Pikasso, Pollok və Varhol olmaqla, müasir
tablolar alınaraq 1977-ci ildən İran inqilabının olduğu 1979-cu ilə
qədər Tehran muzeyində nümayiş olunub. İnqilabdan sonra bu əsərlər
qərbə aid olduğu üçün nümayiş olunan əsərlər sırasından
çıxarıldı.
Kuratorlar sözügedən əsərləri xüsusi nəzarət və mühafizə altında
anbarlarda saxlamağa başladı.
"Ərdəbil xalçası" (1520–1530) Viktoriya və Albert
Muzeyi, London
Ərdəbil xalçası Viktoriya və Albert muzeyi ziyarətçilərinin ən
sevdiyi əsərlərdən biri, bəlkə də, birincisidr.
Xalçanın rənglərinə və materialına ziyan gəlməsin deyə, xalça
bir saatda yalnız 10 dəqiqə nümayiş olunur.