Bu gün Nizami Kino
Mərkəzində azərbaycanlı aktyor Kamran Ağabalayev və "Nargis"
Nəşriyyat evinin və "Nargis" jurnalının direktoru, aktrisa Könül
Nağıyevanın baş rollarını oynadıqları Türkiyə istehsalı olan
"Tərkedilmişlər" filminin Qala gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, gecədə filmin rejissoru Korhan
Uğur, filmdə rol alan azərbaycanlı aktyorlar Kamran Ağabalayev,
aktrisa Könül Nağıyeva, türkiyəli aktyorlar Levent Ülgen, Hakan
Vanlı, Sema Şimşek, Neriman Uğur, Burak Sarımola iştirak
ediblər.
Qırmızı xalıdan keçən yaradıcı heyət filmin posterinin önündə
jurnalistləri salamlayıb, onların suallarını qısaca
cavablandırıblar. Hakan Vanlı Bakıya ilk dəfə gəldiyini və
şəhərimizin çox mənzərə malik olduğunu dilə gətirib. Azərbaycanlı
aktyorlarla oynamaqdan həzz aldığını bildirən aktyor qeyd edib ki,
ikisi də filmdəki rollarını məharətlə ifa ediblər:
"Könül xanım və Kamran bəy çox yaxşı, peşəkar aktyorlardır.
Bütün türk aktyorları adından deyirəm ki, belə bir filmdə
oynamaqdan qürur duyuruq.
Azərbaycanlı tamaşaçıların "Akasya durağı" serialından
tanıdıqları aktyor Levent Ülgen filmdə serialdakı rolundan tamamilə
fərqli bir rol ifa etdiyini deyib:
"Xəbərim var ki, Azərbaycan tamaşaçıları məni serialdakı rolumla
seviblər. Amma filmdə serialdakından fərqli bir rolda çıxış edirəm.
Baxaq görək, hansı rolu daha çox bəyənəcəksiniz. Deyirlər ki, mənim
rolum filmdə pis adamdır. Amma mən deyirəm ki, bizim filmdə yaxşı
adam yoxdur" (gülür)
Filmin rejissoru Korhan Uğur filmin əsas mövzusu - tərk
edilməklə bağlı fikirlərini belə ifadə edib: "Filmin ssenarisi tərk
edilmə duyğusundan yola çıxaraq yazıldı. Öncə bu mövzudan
qısametrajlı film çəkmək istəyirdim, amma məkanları gəzəndən sonra
fikrimi dəyişdim. Çünki həmin məkanda qısametrajlı film çəkmək
günah olardı, ona görə qısafilm üçün nəzərdə tutulmuş ssenarini
tammetraj üçün yenidən işlədim. Filmdə müxtəlif səbəblərdən tərk
edilmiş insanlar uzun illər baxımsız qalan, tərk edilən bir
sanatoriyada bir araya gətirilir. Qəhrəmanlardan biri immiqrant,
biri ona kömək etmək istəyən, amma pis niyyətli Çirkin, biri Zəngin
və başqalarıdır. "Tərkedilmişlər"in əsas özülü: hamımız insanıq,
yaxşı və pisliyimizdən asılı olmayaraq və hamımızın içində yaxşılıq
da var , pislik də. Bəzən olur ki, kiməsə pislik edirsiniz, o an
bunun fərqinə varmırsınız. Amma elə bir an gəlir ki, nə etdiyinizi
anlayıb vicdanınızla baş-başa qalırsınız. "Tərkedilmişlər" məhz bu
duyğunu insanlara yaşadır. Mənə elə gəlir, filmdən hər kəs məmnun
qalacaq".
Qeyd edək ki, filmin ilk Qala gecəsi mart ayının 27-də Türkiyədə
baş tutub. Gecədə azərbaycanlı aktyorlar da iştirak ediblər. Kamran
Ağabalayev filmin Türkiyə Qalasından danışaraq, ekran əsərinin və
ifa etdiyi obrazın türk kinematoqrafçıları tərəfindən rəğbətlə
qarşılandığını bildirib: "Film çox maraqla qarşılanıb. Baxan
tamaşaçılar bizə çox müsbət fikirlər söyləyiblər.Bundan başqa bu
filmdən sonra dörd türk filmindən oynamaq üçün rejissorlardan
təkliflər almışam. Bu çox gözəl nəticədir.O ki, qaldı
filmə..."Tərkedilmişlər" həqiqətən baxılası filmdir. Filmə aynaya
baxıb öz içinin əyrisi ilə düzünü görmək istəyən kütlə baxacaq.
Çünki filmdə insanlıq üçün çox gözəl mesajlar var. "Tərkedilmişlər"
insan haqda çox yaxşı filmdir".
Filmdə suriyalı qaçqın xanım obrazını canlandıran aktrisa Könül
Nağıyeva rolu və film barədə təəssüratlarını bölüşüb: "Suriyadakı
müharibədən sonra ölkəsini tərk etməyə məcbur qalan qəhrəmanımın
Türkiyədə də əzabları bitmir. Filmdə onun Türkiyə başına gələnlər
əks olunub. Bu film insanlıq barəsindədir. Yaxşı, pis olmağından
asılı olmayaraq insan olmaq lazımdır. Bu bizim əsas mövzumuzdur. Və
mən əminəm ki, hər bir kəs filmdə özünə yaxın bir obrazı tapa
biləcək. Onu da deyim ki, türk kinematoqrafçıları ilə işləməkdən
böyük zövq aldım. Bu mənim üçün böyük məktəb oldu. İnanıram ki, bu,
mənim Azərbaycandan kənar ilk, amma sonuncu işim olmayacaq".