Yuxarı

Nərminin qatili əslində kimdir? Yalnız bir şahid var!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərmin qətlə yetiriləndə bir yazı yazmışdım. “Nərmini mən öldürdüm” demişdim. Elə həmin gün İlkini saxlamışdılar. Sosial şəbəkələrdə yalnız 4-5 saat söydülər onu. Sonra sürətlə dəyişdi hər şey, İlkinin günahsızlığına inananların sayı artmağa başladı: əvvəlcə kənd sakinləri, İlkinin qonşuları, qohumları, sonra tanınmışlar, kriminalistlər, vəkillər, müəllimlər... Sosial şəbəkə aşıb-daşırdı yazılarla. Hər kəs bir söz deyirdi - İlkin günahsızdır.

Aylar keçdi, məhkəmə başladı: az qala hər məhkəmədə yeni “şahidlər” peyda oldu, qəribə ssenarilər yazıldı, məhkəmədə olan jurnalistlər dəfələrlə İlkinə qarşı yanlış ifadələrin üstünü açdılar. İstintaq zamanı bir-birinə zidd onlarla fakt ortaya qoyuldu. Hamısı bir şeyi sübut edirdi – İlkin günahsızdır.

İlkin ziyalı bir şəxsdir, bir neçə dil bilir, xaricdə yüksək təhsil alıb. İndiyədək ailə qurmayıb, balaca həyətyanı sahəsində valideynləri ilə birlikdə yaşayan kəndçidir. Qəfildən kiçik bir qızcığazı öldürməkdə təqsirləndirilən qatil oldu...

Niyə məhz İlkin? Yəni doğrudanmı yanğını gördüyü üçün qatil kimi onun yaxasından yapışmaq lazım idi? Yəni doğrudanmı onu cinayətkar çıxarmaq lazım idi? Bəlkə İlkinin özü şahiddir, azadlıqda qalsa, hansısa cinayətin izinə düşə bilərdi?..

Ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 3 ildir davam edən proses yekunlaşdı, İlkinə 18 il həbs verildi. Necə sübut olundu qatil olduğu? Hansı fakta əsasən? Əgər həqiqətən qatildirsə, niyə 18 il? Sizcə də Prezidentin şəxsən nəzarətə aldığı, Baş prokuror səviyyəsində dəfələrlə araşdırılan, bir ölkənin gündəmini darmadağın edən dəhşətli qətl üçün qatilə 18 il az deyilmi?

İndi deyə bilərsiz ki, İlkinin haqsız olduğuna niyə bu qədər əminsən…

Mənim isə cavabım belədir: Sizin onun cinayətkar olduğunuza inandığınız qədər.

Hökmdən sonra hər iki statusdan biri İlkinin günahsız olduğuna dair idi. Hüquqşünasından diş həkiminə qədər, hamı İlkinin günahsız olduğuna inanır. Bəs indi nə olacaq?

Bu gün yazırıq, bəlkə sabah da yazarıq, lap uzağa getsək, yəqin bir həftə yazıb-pozarıq. Bəs sonra? – baş qarışacaq, bu qətl də yaddan çıxacaq, İlkin qətlə qədər olduğu kimi, həbsdən sonra da unudulacaq, medianın gündəmindən düşəcək. Bir həyatın da üstündən beləcə adlayıb keçəcəyik – cəmiyyətin İlkində ilişib qalması mümkün də deyil. Cəmiyyət zamanla birgə sel kimi axır – toplum zəncirə vurulub, ömür dayandırılanlarla dayana bilməz…

İlkinin baxışı, duruşu, üzündəki mimika, qırışlar, əlləri, ağarmış saçları… – sanki hamısı “günahsızdır” deyə bağırırdı.

Amma öz aramızdır, biz heç qatili günahsızdan ayıra da bilmirik axı! Jestlərlə, mimkalarla qatil tapılar? Əlbəttə ki, yox. Faktlarla tapılar, sübut olunar! Amma fakt yoxdur!

Bu istintaq medianın, sosial şəbəkələrin hay-küyünə rəğmən “Tərtər işi”ndə günahsız hərbçilərə zülm edən, onları döyüb öldürən istintaqdan nə ilə fərqləndi?

Bu müstəntiqlər günahı yalnız Vətənə xidmət olan əsgərləri döyüb şikəst edən həmkarlarından nə ilə fərqləndilər?

Bu məhkəmə günahsız əsgərlərə 10 il, 15 il verən və yaxud döyülüb öldürülənin meyitinə hökm oxuyan məhkəmədən nə ilə fərqləndi?

Fərq – faktlarda, sübutlarda, şahid ifadələrində olmalıdır.

Axı bu fərqi İlkinin məhkəməsində görmədik!

“Tərtər işi”ndə günahsız yerə həbsə atılan onlarla əsgər ömürlərindən 4 il, 5 il oğurlandıqdan sonra bəraət alırlar. Bəs, onların oğurlanan 5 ili? Bəs, onların vətən xaini kimi damğalanmasına görə aylarla, illərlə çəkdikləri iztirablar, sarsıntılar?

Bəs, 3 ildən sonra İlkinin günahsız olduğu sübuta yetirilsə, onda onun indiyə qədər çəkdikləri, amansız işgəncələrə məruz qalması necə olacaq?

Sübutlar kifayət deyilsə, faktlar heç kəsi inandıra bilmirsə, bu qərarı – bir insanı 18 il azadlıqdan məhrum etməyə hakim necə razı olur?

Və İlkin təkdirmi? Neçə günahsız adam dəmir barmaqlıqlar arxasında işgəncələrə məruz qalır?

Bu gün günahsız hesab etdiyimiz birini xilas edə bilmirik. Amma İranın əlinə düşmüş gənc üçün gündə bir nota veririk.

Erməniyə əsir düşmüş iki əsgərimizə görə bəlkə çoxumuz yuxumuzu da qarışdırırıq. Niyə? Səbəb odur ki, erməni əlindədirlər. Devizimiz birdir: nə olur olsun, düşmən əlində olmayaq - nə özümüz, nə torpağımız.

Amma öz içimizdən kimisə tutub, günahsız yerə əsir edirik. Günahsız yerə həbsə salınan şəxs torpaq uğrunda vuruşub, düşmənə əsir düşən əsgərdən qəti fərqlənmir.

İndi İlkinlər günahsız bağlandığı türməyə görə onu əsir alanlara necə münasibət bəsləməlidir? Düşmən kimi – elədirmi? Bəs, biz niyə öz içimizdə heç bir səbəb olmadan insanları düşmənə çeviririk? Bu İlkinləri düşmənə çevirənlər bu Vətənin düşmənləri deyilmi? - fərqi yoxdur, bunu qəsdənmi, ya düşünmədən, savadsızlığından, təcrübəsizliyindən, iş bacarmadığından və yaxud nəyinsə müqabilində edir. Hər nədirsə, bu, düşmənçilikdir…

Bu düşmənçilik cəmiyyətə edilir: sübut olmadan, tutarlı fakt ortaya qoyulmadan birinə 18 il verilirsə, bu, cəmiyyətə verilən cəzadır…

Gəlin, əlimizi açaq göyə: orada hər şeyin şahidi olan birinin olduğuna ürəkdən inanaq, dua edək! 

Yox, daha vacib işimiz var - hələ Damlanın konsertinə gedib, şou göstərməliyik; yarıçılpaq halda oturub, Tiktokda canlı yayım açmalıyıq, jeton dilənməliyik, boğazımız cırılana qədər bir-birimizi söyməliyik ki, daha çox adam baxsın bizə…

Ona görə bizə 18 il cəza doğrudan da azdır…

Tarix
2023.06.06 / 08:00
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla