Yuxarı

Səməd Vurğuna qiymət verin, Əlisa Nicata isə dəyməyin...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Vurğuna qiymət verin, Əlisa Nicata isə dəyməyin...

Əlisa Nicatın son müsahibəsini belə dəyərləndirdim: adam uzun-uzun illər dünya müdriklərini oxuyub, onları Azərbaycan dilinə çevirib, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfələr verib, ancaq o onillərlə oxuyub, pulsuz-parasız, təmənnasız olaraq tərcümə edib, Azərbaycana qazandırdıqları filosoflardan qəti öyrənməyib – yəni mənimsəməyib.

Bu, Əlisa Nicatın xidmətlərini, zəhmətini, zülmünü dəyərdən salmır, sadəcə, ona filosof kimi yanaşmağın lüzumsuzluğunu önə çıxarır – necə deyərlər, hər şeir deyənə-yazana şair deməzlər.

Şair demişkən, Səməd Vurğundan danışaq – çünki Əlisa Nicatın Səmədlə bağlı sözləri dartışılır.

Nə dövrü qiymətləndirəsiyik, nə Səməd Vurğunun “mövcud reallıqdan” çıxış etməsini; nə ona bəraət qazandıracağıq, nə də tənqid edəcəyik. Bu fikirləri isə ona görə “müzakirəyə atırıq” ki: sosial şəbəkələrdə Səməd Vurğunu və Əlisa Nicatı “tarixin ixtiyarına buraxmaq” çağırışları səslənir.

Əlisa Nicatla bağlı tam haqlıdırlar, amma bunun Səmədə aidiyyəti yoxdur. Səməd Vurğun artıq tarixdir, adamın ölümündən az qala 70 il keçir. Artıq “tarix” onun haqda qiymətini verib!

Səməd Vurğun haqda ən məşhur sözü Ramiz Rövşən deyib. Sitatı olduğu kimi yaza bilməyəcəm, yaddaşıma güvənirəm, ancaq məzmun dəqiqliklə belədir: Səməd Vurğun öləndən sonra hamı onun yerini tutmağa çalışırdı. Ancaq ikimiz – bir onun oğlu Vaqif, bir də mən anladıq ki, Səməd öldü və yerini də özü ilə apardı.

Bu fikri öz “arşınımızla” davam etdirək: Səməd Vurğunun Azərbaycan poeziyasında fəth etdiyi zirvəni 70 ildir heç kəs onun əlindən ala bilmir, 700 ildən sonra da belə olacaq.

Xəqanini, Nizamini, Nəsimini, Füzulini... dərhal nümunə kimi gətirməyə tələsməyin: o dahilərin yeri tam başqa zirvədir, zirvələrdir, onlar bir-biri və Səmədlə müqayisə edilməz.

Səməd Vurğun poeziyanı azərbaycanca danışdıran ən böyük, ən nəhəng söz ustadıdır. Bu istiqamətdə ilk inqilabı Vaqif etmişdi, Səməd Vurğun isə bunu elə bir zirvəyə qaldırdı ki, onu izah etməyin özü belə çətindir.

Poemalarının dilinə, axıcılığına, şəhd-şəkərinə baxın; dramına göz atın – mən hələ “Azərbaycan” şeirini demirəm!

“Komsomol poeması”nı gedin bir də oxuyun – komsomola görə yox, Sözə görə: Ayazlı, şaxtalı bir qış axşamı...

Yalnız Nizami şeirin misrasındakı sözlərin özünün belə daxili həmahəngliyi, ritmi, nizamı üstündə poeziya yaradıb – Füzuli belə onun bu istedadı qarşısında donub-qaldığını dəfələrlə yazıb. Ancaq Nizami şeiri farscadır, Nizaminin necə nəhəng olduğunu onu orijinaldan oxuyaraq bilmək olar.

Səməd Vurğun isə məhz “türkcə qəzəl nahamvar olur” deyən Füzuli kimi nəhəngdən fərqli olaraq, Azərbaycan dilinin ən yüksək çalarlarında poeziya yaradıb, sözlərinin özü belə bir-biri ilə səsləşən, həmahəng, daxili ritmini qoruyan minlərlə misrası var.

Səməddə xalq var, Azərbaycan var, Azərbaycan dili var!

Haşiyə: Səməd Vurğunu çağdaşları sözlə bağlaya bilmirmiş. Günlərin birində bir yerə yığışıb, xeyli yeyib-içirlər və zarafatlaşırlar ki, Səmədi necə bağlayaq?

Ancaq bir yolu var – Səməd yuxulu olmalıdır ki, cavab verə bilməsin.

Beləliklə, gecənin bir aləmi süfrədən qalxıb, gəlirlər Səmədin evinə, qapını döyürlər və Əliağa Vahidi verirlər qabağa.

Səməd Vurğun qapını açan kimi Vahid deyir:

O ata at demərəm, yanında dayı olmaya,

O evə ev demərəm, bu vaxtı çayı olmayaq!

Səməd dərhal qayıdır ki:

Uykudan kal durmuşam, yuxuludur əl-ayağım;

Atası gorbagor olsun vaxtsız gələn qonağın!

Bu, son olur – Səmədi yuxuda belə sözlə bağlamağın mümkün olmadığını etiraf edib, deyib-gülə evə girirlər...

Bu bir epizoddur – bu epizodlar isə saysız-hesabsızdır!

Səməd Vurğun fitri istedaddır: onun kiminsə üzünə durmağa, kimisə satmağa sadəcə ehtiyacı olmayıb. Çünki elə bir istedad idi ki, qabağında durulması mümkün deyildi!

Səməd kimə paxıllıq edəsiydi? Kimi “yolundan götürməyə” çalışasıydı ki!

Gedin, araşdırın, şeirinizi qoşun, romanınızı yazın və Səmədə az paxıllıq edin: Onun yerini ala bilməyəcəksiniz, çünki onun Yeri sizin düşündüyünüz yerdə deyil!

Tarix
2025.02.05 / 20:43
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla