O, demək olar ki, həmişə tək
gəzərdi. Hər kəsdən uzaq durmağının səbəbini insanlarla ünsiyyət
qura bilmədiyində, acıdil olmasında görürdüm. Elə gəminin bütün
heyəti bu fikirdə idi. Onunla çoxdanın tanışı, iş yoldaşı olsaq da,
demək olar ki, yaxından tanımırdım. Qapalı adamdı. Amma bu dəfə
xeyli söhbət etdik...
Növbəti iş günü Dübəndi reydində lövbərə durmuşduq. Bir azdan
ətrafdakı gəmilər yaxınlaşacaq, onları su ilə təchiz edəcəkdik. Son
tamamlama işlərini bitirdikdən sonra gəmi jurnalına bəzi qeydləri
etdim və kapitan körpüsünün sağ qanadına çıxdım.
- Komandir, ona bax, deyəsən, ağlayır, - addımbaaddım məni
izləyən, hərəkət zamanı verdiyim tapşırıqlara diqqət kəsilən,
sualları ilə məni az qala, bezdirən, lakin öyrənmək istəyi
tükənməyən Dəniz Akademiyasının 1-ci kurs tələbəsi Mahmud hələ də
yanımda idi və onun beqafil yanıqlı səslə dediyi cümlənin ardınca
"yollandım".
Kürəyini dor ağacına söykəyib ağac dibində oturubmuş kimi,
çömələrək oturan adam bizim bugünkü hekayətimizin qəhrəmanı
idi.
Hə, düşünürəm ki, artıq qəhrəmanımın kimliyi sizi maraqlandırdı.
O zaman qısa da olsa deyim: Adı Rakifdir. Qərb rayonlarından
birində anadan olub. Başı dənizə, dənizçiliyə qarışdığından
gəncliyini və demək olar ki, bütün həyatını dalğaların arasında
qərq edib. 48 yaşında ailə qurub, iki uşağı var. Böyüyü qızdır,
1-ci sinfə gedir. Balaca uşağı oğlandır. Hər gün oğlu ilə telefonla
danışır. Uşaq ondan oyuncaq gəmi, döyüşmək üçün tank istəyir. Bu
isə balasının dediklərini mütləq alacağını və böyük bir adamla
danışırmış kimi, "evin kişisi sənsən, anana, bacına bax, növbəm
bitəndə gələcəm, dediklərini alıb gətirəcəm", - deyir.
Mahmudun işarə verdiyi yerdə, dor ağacının dibində yerini
rahatlayan, gözlərini gəminin gövdəsini yalayan ləpələrə dikən
Rakif arada geriyə qanrılır, kürəyinin arxasında "gizlənən", bir
azdan batacaq Günəşə baxırdı. Dənizdən çox uzaqlarda olan dağlara
tərəf sürünən günəş öləzimiş kimi idi. Xəfif əsən külək də adama
xoş bir duyğu verirdi. Kapitan körpüsündən göyərtəyə, yaşı 60-a
çatmaqda olan bu insana baxmaq məni sıxdı. Onun miskin görkəmi
həmişə ürəyimi ağrıdıb. Mahmuda bəzi tapşırıqları verib aşağı
düşdüm. Gəminin burun hissəsinə tərəf getdim. Dor ağacına çatdıqda
ayaq səslərimi eşidən Rakif mənə tərəf baxdı. Gülümsədi. Alt
çənəsinin yeyilib, az qala, damağına yapışan dişlərinin arasından
selikli qişa göründü. Əlinin arxası ilə ağzını sildi:
- Komandir, gəl otur. Dədəmin goru haqqı, elə bildim kənddəyəm,
kürəyimi də söykəmişəm şaftalı ağacına. Ağacın dibiylə axan arxın
suyuna baxıram. Uşaq vaxtından yadımda qalıb, bağımızdakı ağacları
suvarmaq üçün arx çəkmişdik. Ayağımızı da salırdıq suyun içinə.
Yaşıl çayırlar bitirdi həmin arxın içində. Balaca qurbağalar bizim
gəlişimizi görcək tullanıb suya girmək istəyirdi, amma çayıra
ilişirdilər, ha hoppanırdı, bir şey çıxmırdı. Öldürürdüm
qurbağaları...
Bu, onun bugünkü xatiratı idi. Yaddaşının qat kəsmiş, ara-sıra
vərəqlədiyi səhifəsi idi...
- Gəl, sən də otur o biri tərəfdə, kürəyini söykə, suya bax,
dənizin suyu gözəldir, adamın gözünün ağrısını alır.
Rakifi, əminəm ki, heç kəs belə görməyib, duyğulu, kövrək,
səbrlə, təmkinlə danışan. Həmişə acıdil olması, özünün dənizçilik
fəaliyyəti, Şimal Buzlu okeanında, Uzaq Şərqdə üzməsi, müxtəlif
limanlarda olması ilə bağlı əsəbi halda danışmaları çoxunun qanını
qaraldıb: "Mən filan yerdə üzəndə sən hələ həyətinizdən qoyun qığı
təmizləyib, qığatanla dava-dava oynayırdınız", - deyirdi.
Az qala, dava-dalaşa səbəb olacaq belə mübahisələrdə onun
qanının arasına çox girmişəm. Heyəti, tabeçiliyində olanları çox
acılayıb, cavan, söz götürməyən dənizçilər ona qarşı kobudluq etmək
istəyəndə buna yol verməmişəm. Bu, ancaq onun xoşuna gəlməyib:
- Bəri bax e... sən niyə belə edirsən, baxma belə arığam.
Əvvəllər dörd onlar çəkidə olmuşam. Nə olsun şəkər, əsəb məni belə
edib, qolumun gücü isə hələ də var.
Gülürdüm və onu başa salırdım ki, ağsaqqal adamsan, gəmidə
dava-dalaş olmaz, özü də sən komandir heyətindəsən, mən isə təkcə
gəmiyə yox, elə sizin də salamat olmağınıza cavabdehəm.
Gəmilərdə dava-dalaş tez-tez olur. Və tez də barışırlar. O isə
doğru deyirdi, güclü idi. Hər gün də idman edirdi. Yenə də tək.
Çünki adamlar ondan qaçırdı. Səliqəsiz idi, demək olar ki, günlərlə
çimmirdi. Bu gün isə tamam başqa adam olmuşdu.
- Dur gedək "baka" - lövbərin yanına. Orada oturarıq.
Ağır-ağır, könülsüz halda ayağa qalxdı. Neçə ayın çirkindən
qartmaq bağlamış şalvarının arxasını çırpdı. Əyninin kiri qat belə
kəsmirdi. Dəfələrlə ona iradımı bildirmişdim:
- Ayıbdır, at paltarını maşına at, yuyulsun. Belə olmaz. Sənə
tabe olan işçilər səndən nümunə götürməlidir.
- Mənim işimə qarışma, mənə belə yaxşıdır, - demişdi. Sonra da
paltar yumağın əziyyət olduğunu, hövsələsiz olduğunu dilə
gətirmişdi.
- Sən belə elə, cins şalvarını kəndirlə bağla at dənizə, gəmi
hərəkət etdikcə yuyulacaq, sonra şirin suda suya çəkərsən.
Buna da razı olmamışdı:
- Bir dəfə elə etmişdim, hansısa əclaf kəndiri kəsmişdi.
Şalvarsız qalmışdım, demişdi.
Amma Rakifin bu günkü durumu xoşagələn idi.
- Neçə ildir bir-birimizi tanıyırıq. Niyə sən özünü belə pis
gündə saxlayırsan? Evə gedəndə uşaqların, arvadın səndən
iyrənmir?
Sözlərim xətrinə dəydi:
- Niyə iyrənməlidirlər ki? Mənim gecəm-gündüzüm yoxdur, onlar
üçün yaşayıram da...
- Aya, çimmirsən də... İt günündəsən... qoxuyursan, fikir
verirsən, uşaqlar sən yemək yeyəndə salona girmir?
Duruxdu. Əli ilə yenə də ağzının seliyini sildi.
- Cəhənnəm olsun hamısı. İşimi görürəm, vsyo. O ki qaldı
arvadıma, gedən kimi hamama salır, çimirəm, təmiz paltarlarımı
geyinirəm girirəm evə. Uşaqlarım da səhərə qədər boynuma sarılır,
mənimlə yatırlar...
- Rakif, danış görüm necə oldu dənizə gəldin, taleyini sulara
verdin.
Rakifin dən düşmüş qaşları dartıldı, elə dodaqları da
bir-birindən aralandı.
Qıyılmış gözləri uzaqlara dikildi. Dənizdə yetim kimi durmuş
istifadəsiz buruqlardan ön tərəfə, uzaqlara, xatirələrinin boy
göstərdiyi tərəflərə baxdı. Yadına çox illər qabaqları saldı. Yenə
də yeyilmiş dişlərinin saxlaya bilmədiyi ağız suyu alt
dodaqlarından çənəsinə tərəf sürüldü. Bu dəfə də əllərinin arxası
ilə nəmli çənəsini qurutdu. Sifəti də gülürdü, onu bəlkə də son
illər beləcə söhbətə tutan olmamışdı. Ağır-ağır, xırıltılı səslə,
nağıl danışırmış kimi həyatının arxada qalan səhifələrini nəql
etdi:
- Yadımdan çıxmır ki... Doqquzuncu sinifdə oxuyurdum. Anam mənə
qarğış etdi. Sonra da söydü. Məni əkən kişinin dədəsinin gorunu
söydü. Atam əlindəki dəhrənin arxası ilə anamın belinə vurdu,
"köpəyin qızı, mənim dədmin goru sənin üçün nədir ki, söyürsən", -
dedi. Anam kərəntinin zərbəsindən qıvrıla-qıvrıla atama çımxırdı,
sənin dədən nurlu kişi idi, söyüşümün ona aidiyyəti yoxdur,
başıbatmış cavab qaytardı, hirsimdən belə dedim. Amma atam ona rəhm
etmədi, onu təpiyinin altına saldı. Qonşu arvadlar həyətimizə
töküldü. Araladılar, atama öyüd verdilər. Məni danladılar, başıma
qapaz vurdular, böyük oğlansan, dedilər, ananın sözünə bax ki, o da
əsəbiləşməsin.
Rakifin gözlərinə dəniz suyu kimi şəffaf bir su yığını gəldi.
Deyəsən, dodaqları da səyridi:
- Bax, onda mənə elə gəldi ki, anam məni bic qazanıb...
Sözünü yarımçıq saxladı, lövbər zəncirinin üstündə oturdu. Səhv
etdiyini, anası haqda xoş danışmadığını başa düşdü. Amma ox yaydan
çıxmışdı.
- Bəlkə də anam atamın qəzəbini görüb elə dedi. Dedi ki, bu
söyüşün sənin dədənə aidiyyəti yoxdur. Amma ürəyimə xal düşdü.
Atama yazığım gəldi. Dedim, bəlkə də anam doğrudan məni bic
qazanıb, bəs, o zaman bu kişi kənddə gözükölgəli olur axı. O gündən
kənddə hər kəsdən utandım. Sinif yoldaşlarımdan, kənd
cavanlarından, hamıdan çəkinirdim. Gözaltı kənd oğlanlarına
baxırdım ki, görüm kimə oxşarım var, anam atamı hansı uşağın
atasına dəyişə bilər? Oxşar tapa bilməsəm də, ürəyim
sakitləşmirdi.
Rakif çox uzaqdan başladı söhbətə, bu, ona lazım idi, görünür,
illərlə içini söküb-dağıdan, onu vaxtsız qocaldan bu dərd yığınını
açıb-tökmək üçün onun kiminləsə həmsöhbət olması vacib idi.
- Bir dəfə rayon mərkəzinə getmişdim. Avtobus dayanacağında bir
qadın məndən soruşdu ki, sənin anan filankəsdir? Dedim, hə. Sonra
mən soruşdum ki, sən hardan bildin mən onun oğluyam? Dedi ki,
qaşlarından, gözündən oxşatdım. Sən ananla eynisən. Soruşdum ki,
bəs, atama oxşamıram? Dedi, Allah eləməsin ona oxşayasan, anan ipək
kimi qadındır. Amma mən anama yox, atama oxşamaq istəyirdim. Atamla
öz aramda oxşarlıq gəzirdim. Tapmırdım. Amma anam yenə də mənə
acığı tutanda dədəsinə oxşamış köpəyoğlu, deyirdi. Mən isə atama
oxşamırdım.
Bir dəfə də quzularımızı kolxozun bostanına salıb otardıqda
qoruqçu məni qovdu, çata bilmədikdə dədəndən artıq olmayacaqsan ki,
o da sənin kimi ziyankar idi, deyib, söyüş söydü. Hə, bax, bu söyüş
də, qoruqçunun dədəmə ziyankar deməsi də məni sevindirdi. Atamın
gənclik illərində etdiklərini taytuşları çox danışmışdı. Mən də
görünür, ona bu xüsusiyyətimlə oxşayırmışam.
Rakif zəncirin üstündən qalxdı. Əlini yanbızlarının üstünə qoyub
sərt hərəkətlə gövdəsini sağa-sola çəkdi. Oynaqları şaqqıldadı.
- Duz öldürüb də məni... Atam da belə edərdi, bax, sənə onun
haqqında danışıram, indi təsadüfən yadıma düşdü. Heç əvvəllər
düşünməmişdim də... O da belini belə şaqqıldadardı.
Artıq Günəş görünmürdü. Gəminin projektorları göyərtəni
işıqlandırırdı. Növbətçi matros gəminin lövbərdə durduğunu bildirən
işqları da yandırmışdı. Külək isə bir qədər də zəifləmişdi.
- Külək əssəydi, balıq tutardıq. Bu havada balıqlar ölü kimi
yatır, dedi Rakif.
Razılaşdım:
- Hə, amma demədin axı, necə oldu dənizə gəldin. Elə ananın
atana, sənə qarğış etməsindən danışdın.
- Anamdan zəhləm gedirdi. Məni söyəndə başqa qonşu arvadlar kimi
heç vaxt demirdi ki, səni doğan yerdə qarnım cırılaydı, qarnıma şiş
bataydı. Elə məni əkən kişinin özünü və dədəsinin gorunu söyürdü.
Özünü atamdan çox istəyirdi. Fikirləşirdim ki, atamı aşağılayır,
vaxt gələr ona xəyanət də edə bilər. Ona görə də kənddən getmək
istəyirdim. Ona görə də təsadüfən qəzetlərin birində oxuduğum bir
elanın ardınca düşdüm. Zaqulbada dənizçilk məktəbi müdavim qəbul
edirdi. 8-ci sinfi və orta məktəbi qurtaranlar sənəd verə bilərdi.
Mən anama dedim, razı olmadı, atama dedim, dedi, qoyunları kim
otaracaq? Zəhləm getdi, elə bilirdim ki, kənddə hamı mənə gülür.
Gəldim məktəb direktorunun yanına, ona yalvardım. Onu
yalvarıb-yaxardım ki, mənim həyatda bir yer tutmağımı istəyirsə,
kömək etsin. O, mənə məktəbdən çıxmağa, 8-ci sinfin şəhadətnaməsini
verməyə razılıq verdi. Bir şərtlə, onun ot yerini biçməli idim.
Vaxt az idi, dostlarıma dedim, razılaşdılar. Mənə kömək etdilər, 2
günə otu çaldıq. Direktor mənim sənədlərimi verdi, kəndimizdən bir
uşaqla məni gecə stansiyaya gətirdi, bilet alıb qatara mindirdi.
Ayrılanda məni kənara çəkib 25 manat da pul qoydu cibimə, dedi ki,
"get oxu adam ol, atan bir kişi deyil, heç olmasa sən kişi ol. Özü
də bunu ananın xətrinə edirəm, o yaxşı kişinin qızıdır". Yaxşı ki,
elə dedi, həm də kənarda dedi, yoxsa ürəyimdə yüz fikir
qalacaqdı.
Səhər vağzalda düşdük, soraqlaşıb "Əzizbəyov" metrosuna qədər
taksi ilə gəldik. Ordan da 171 nömrəli avtobusa minib gəldik həmin
məktəbə. Sənədlərimizi verdik. Baxdılar, amma götürmədilər. Sənəd
qəbulu dayandırılmışdı. Mən direktorun qapısının ağzında durdum.
Malik müəllim idi direktor. Onu görcək dedim, mənim yaşamağım,
həyatda qalmağım sizdən asılıdır. Oxumaq istəyirəm. Kök, qaraqabaq,
uzun saçlı kişi idi. Solmaz xanım vardı, onu çağırdı, dedi, bu
uşağı "aformut" elə. Yalvardım ki, rus qrupu olsun. Rusca da
bilmirdim. Olmaz dedikdə, dedim, niyə olmur, ruslar gəlib
Azərbaycanda oxuya bilir, mən Azərbaycanda rusca oxuya bilmirəm?
Öyrənəcəm də. Sonra bu dil mənə gərək olar. O biri oğlanı
götürmədilər. O, yalvara bilmədi, o itib-batdı kənddə, həyətinin
şaftalısını satıb-dolanır güc-bəla ilə. Bax, mən beləcə dənizçi
oldum.
Rakifin xatirələrini çözələmək istədiyini hiss etdim. Təcrübəçi
Mahmud gəlib kənarda durmuşdu. Gözlərimin işarəsi ilə çağırdım,
bizim üçün çay tədarükü görməsini tapşırdım və söhbəti davam
etdirdim:
- Sonra?
- Pis-yaxşı oxudum. Rus dilini öyrəndim. Yay aylarında kəndə
getmədim. Anamı 30 ildən sonra gördüm, qocalmışdı. Amma doğrudan da
çətin oldu. Məktəbdə oxuyarkən azərbaycanlı müdavimlərlə rusların
arasında tez-tez dava düşürdü. Mən rus qrupunda oxuduğum üçün
qalmışdım girinc. Kimin tərəfində olum? Axırda qərar verdim ki,
əlbəttə, öz qrupumla olmalıyam. Amma heç vaxt davada öz millətimi
vurmurdum. Yalandan atlanıb-düşürdüm, guya ki, dalaşıram. Amma
bizimkilər mənim anamı söyürdülər, "rusa satılan oğraş" deyib, məni
daha çox vururdular. Hər davadan sonra qrup yoldaşlarım mənim
qayğıma qalırdılar. Yaramı sarıyırdılar. Amma bir dəfə bir
azərbaycanlının ağzına təpiklə vurdum. İndi də özümə bağışlaya
bilmirəm, dişləri töküldü. Lap sonralar dost olduq onunla.
- Necə oldu vurdun?
- Onda axırıncı kursda idim. Böyümüşdüm. Məktəbin kaşası məni
yekəltmişdi. Dişim indi yoxdur. O vaxt dişsiz qalan o oğlanın
halına acıyıram indi. Hə, oğurluq etmişdi. Kəmərlərimizi
oğurlamışdı. İki rus və mən saldıq onu kubrikə (kubrik – dənizçi
yataqxanasında, gəmidə ümumi otağa deyilir. - F.B). Ruslar onu
döydülər. Birdən dönüb mənə baxdılar. Hiss etdim ki, deyirlər, bunu
birlikdə etməliyik. Bax onda təpiklə həmin oğlanın ağzına vurdum.
Yerə sərildi, heydə düşdü. Sonra şikayət etdi. Bizi tutdular.
Əzizbəyov rayon prokurorluğunun müstəntiqi qadın idi. Gözəl idi.
Elə maraqla onun gözəlliyinə, əynindəki formaya baxırdım ki...
Birdən üstümə qışqırdı: "Nə mal kimi ağzu açıb baxırsan, mal oğlu
mal. Öz millətini niyə vurmusan, daş nakişi başuva. Biqeyrət,
oğraş".
Bizi tutmadılar, heç məktəbdən də qovmadılar. 79-cu il idi.
Milli münaqişə ilə adam tutmazdılar o vaxtı. Direktoru isə necə
lazımdır tərlətdilər. Direktor məni sonra gördükdə südümə söydü...
Anama yazığım gəldi. Mən də direktorun var-yoxuna söydüm
ürəyimdə...
Mahmud çay tədarükü görmüşdü. Rakif onun gətirdiyi çaydan içərək
söhbətin mövzusunu dəyişdi:
- Bilirsən ki, vaxtı ilə mən də kapitan olmuşam. Amma heç vaxt
mənim matrosum mənə belə sevinə-sevinə çay gətirməyib. Sənin dilin
şirindir.
Adamlarla danışa bilirsən, sən mənim bütün sirrimi öyrəndin e...
haqqımda yazarsan, bax adımı olduğu kimi yazma ha... bəzi şeyləri
də dəyiş.
Rakif danışdı. Öyrənə bildim ki, onun həyatının davamı daha
ürəkağrıdıcı olub. Şimalda hərbi donanmada xidmət edib. Əsgərlikdən
sonra hərbi gəmidə müqavilə ilə miçman kimi işləyib. Sonradan
vətənə qayıdıb. Donanmada işə düzəlib və günlərin bir günü dişini
təpiklə vurub saldığı adamla qarşılaşıb.
- Onu görəndə utandım. O, sonradan qiyabi olaraq "Qafur"da
(Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbi, indiki Azərbaycan
Dövlət Dəniz Akademiyası - F.B.) oxumuşdu, komsostav idi. Onun
mexanik olduğu gəmidə mən matros işləyirdim. Gördüm, mənə hörmətlə
yanaşır. Bir gün mənə dedi ki, sənin yanında xəcalətliyəm, gərək
sizi o vaxt satmayaydım, günah məndə olmuşdu, məni bağışla. Mən də
ondan üzr istədim. Dişlərini qırmışam, dedim. Düzəltdirmişdi
dişini. Sonra mən də qiyabi oxudum, gəmi kapitanına qədər
yüksəldim. Bilirsən, yaxınlarda "rajjalivat" etdilər.
- Bəs, kənddəki məktəb direktoruna sübut etdinmi oxuyub adam
olmusan?
- Yox, kəndə heç getmədim, dedim axı, anamdan zəhləm gedirdi.
Çox sonralar getdim. Bilmişdilər ki, mən artıq Uzaq Şərqdə yox,
Bakıdayam. Anam məni tapdı, atam ölmüşdü. Öz bacısı qızını aldı
mənə. Sözündən çıxmadım. O da gecikmişdi. Düzdür, məndən çox
cavandır, amma kənd yerlərində bu yaşlı qızlar qarımış sayılır.
Uşaqlarım balacadır, bilirsən. Arvadım bağça müəllimidir. Oğlum
nadincdir. Anası əsəbiləşəndə söyür, deyir, səni əkən kişinin
atasının goruna itin poxu... Sonra da deyir ki, sənə demirəm ha,
sənin atan yaxşı kişi olub, qohumcanlı idi... Amma bilirəm ki, məni
deyir. Çünki bilirəm ki, o uşaqları mən əkmişəm... Oğlum mənim
uşaqlığımı təkrar edir...