Yuxarı

Bu “demokrat” “erməniləri də başa düşək” dedi...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəqani Həbiboğlu Kəlbəcərdə doğulub. Fizika-riyaziyyat müəllimidir. Amma özünü sözün, şeirin əsirinə çevirib. İmzası üçün darıxılan şairlərimizdəndir. Hazırda məcburi köçkün kimi Yevlaxda məskunlaşıb.

Onunla Axar.az-ın “Xatirə dəftəri” layihəsində həmsöhbət oldum, Kəlbəcərli və Kəlbəcərsiz günlərə ötəri də olsa, baş vurduq.

- Xəqani müəllim, Yevlaxdan Kəlbəcərin havasını uda bilirsiniz?

- Yevlaxda Kəlbəcərdən çox yaşamışam, xətri əzizdir - adamlarıyla, istisiylə, şoranıyla... Ancaq mən həm də “iqlim terroruna” məruz qalmışam. Əsən yellərin acı qınaqdır payı, özüm yenə dağa-daşa qaçıram arada, biz tərəfdən gələnlərin və əvvəllər yaylağa biz tərəflərə gedən yerli əhalinin işi lap zülümdür...

- Yenə də

Gəl çərrədək, yoraq atı,

Yol yox, yorur qoruq atı!

Qara günün qarağatı,

Moruq qoşa üskük sallar,

Kəlbəcərə gedən yollar" - harayındasınız?

- Bu suala sözlə cavab versəm, dilim yanar...

Deyirdim ovudar məni vaxt, o da

gündə həsrətimə bir üz gətirir.

Nazlı gecələri alıb əlimdən,

Üzü üzlər görmüş kəniz gətirir...

Ay ocaq, yiyə dur, külümü neynim...

Yer yoxdu basdıram, ölümü neynim?!

İllər dərdi verib sələmə, neynim...
Getdikcə üstünə faiz gətirir...

- Yevlaxın istili, bürkülü günləri başlayır, Kəlbəcərin soyuğu qalıbmı canınızda?

- Murovun başından baxanda Kəlbəcər üstüaçıq qəbirə bənzəyir. Kəlbəcər zəlzələdən, vəlvələdən dağılsaydı, Murov ona başdaşı olardı və ağlayıb kiriyərdik, mənim gözəlim anam yad əllərdədir.

- Təcnislərinizin birində “Şair taleyinə yaz ayaz düşər!” - deyirsiniz. İçiniz, ruhunuz qızınmır, deyəsən?

- El-oba dərdi olmayanların da dağ boyda dərdi var, əksəriyyət ayrılıqdan yazıb, yazır, yazacaq... Biri var, mövzunu işləyəsən, bir də var ki, mövzu səni “işləyə”. Mənim yevlaxlı, qubalı, şəkili... yazardan fərqim budur.

Sevgisi tək dərdlərin də başıdır VƏTƏN!

O gün birisi mənə insanlıqdan dəm vuraraq, ermənini də başa düşməyimi istəyirdi, hansı ki, özü kiçik qardaşı Messini tərifləyib Ronaldoya “yekəbaş” dediyi üçün “ölsəm, onu üstümə qoymayın” vəsiyyəti eləmişdi... Qonşu masada pivə içən gənc həmin “demokrat”ı müdafiə elədi, sakitcə soruşdum:

- İçdiyin pivəni başına töksəm, neynərsən?

- Sizi öldürərəm, - dedi.

- Bəs onlar bizim suyumuzu içib başımızı murdarlayırlar , neyniyək? - sualımı gözləmirmiş yazıq!

- Sağmal buludların yerdəki şəkli:

Keçir xəyalımdan dəvə karvanı...

Səmada-öycüldü, fəzada-ağ yol,

Aləmdə dəvədi köçün sarvanı!

Köçkün olmaq, səmalara boylanmaq, qübarlanmaq ədəbi taleyinizin alın yazısıdır…

- Dünyanın köçləri, yolları, səfərləri səni ürəyinin istədiyi yerə aparmırsa... çox ağırdır!

Dünən-Təbriz idi, indi-Kəlbəcər,

Arada dəyişir adı həsrətin...

Bir qusarlı yüz il kəndinə getməsə, vecinə olmaz, nədən ki, qadağan olunmayıb, özü getmir... Ürəyə damar getməsə necə olar... Ancaq ölməyə də ixtiyarımız yoxdur!

- Sərgərdan ruhlara süfrə müftədi;

Tənha yuxulara qonar gecələr...

Təzə yaraların nübar ağrısı,

Köhnə yaraları qınar gecələr... - demisiniz, təzə yaraların nübar ağrısı ötən yaralara qaysaq tuta bilirmi?

- Təzə doğulan körpə ananın, atanın, nəslin davamı olduğu kimi, hər təzə dərd də Qarabağsızlığın meyvəsidir...

- Günəşdir ən böyük həqiqət, amma

o da varlığını danar gecələr... - Varlığını, özünü, əqidəsini dananları çoxmu gördünüz?

- Özüm də fikrimi arada dəyişirəm, ancaq əqidə... ağır söhbətdir. Öz adıma danışsam, mollanın sözü olmasın - qapıdakı qara daşı 60 ildir qaldıra bilmirəm!

- Kəlbəcərin çox duyğulu ədəbi mühiti olub. İndi pərakəndədir. Toparlanmaq olurmu?

- Aşıq Şəmşir yadıma gəlmir, digər məşhur yazanları görmüşəm və əksəriyyəti ilə dost olmuşam. Qəmkeş Allahverdiylə İdris Verdiyevin qardaşı oğlu olmağımın münasibətlərə müsbət təsiri olub! İmkan düşdükcə görüşürük, ad çəkmirəm ki, yaddan çıxan olar.

- Yevlaxdan ədəbiyyatımız necə görünür?

- Yevlaxda savadlı, qabiliyyətli ziyalılar çoxdur, gözəl şairlər yetirib bu torpaq.

- Şeirlə, təcnislə, cinasla yolumuz yetişmədi Kəlbəcərə. Fizika-riyaziyyat müəllimisiniz, necə hesablayırsınız o yollarla geri qayıtmağı?

- Qarabağın işğalı mənim siyasi “uzaqgörənliyim”ə, hesablamalarıma elə bir zərbə vurdu ki, misal-məsələdəki hesablamaları da şagirdlər özləri aparır... İmanı yanandan pis yanıram, çeşmə həsrətimi Qafqazın ən böyük çayı Kür soyuda bilmir!

Tarix
2017.06.03 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla