Eldar Baxış 1996-cı il mayın 22-də dünyasını dəyişdi.
Həkimlər bu qənaətə gəldi ki, şair zəhərlənib. 8 ay ölümlə əlbəyaxa
oldu. Zalım Əzrayıl bacısının göz yaşlarına, anasının harayına,
hələ o qədər də böyüməyən, sümükləri bərkiməyən 3 balanın çəkəcəyi
iztiraba, uşaqların anasının aşkar və gizlin axıdacağı göz
yaşlarına belə rəhm etmədi... Aldı və apardı şairi 48
yaşında.
Əvvəli burada
- Eldar müəllimə basqılar, təzyiqlər olub? Sizə də
gileylənirdi?
- Çox olurdu və mənə bəzən danışardı. Bir şeiri var e, deyirdi,
yazıçı var başına döyürlər, yazıçı var qələminə. Qələminə döyülən
ölkədə yaşamaram. Çox arzusunda idi Türkiyədə yaşasın, orda
yazıb-yaratsın.
- Bəs niyə gerçəkləşmədi o arzusu?
- O dövrdə bir az çətin idi. Ona görə də gerçəkləşmədi. Eldarı o
vaxtlar çox izləyirdilər. O "Yeni Müsavat" qəzeti ilə müqavilə
imzalamışdı. Hər nömrə Eldarın yazısı çıxacaqdı. Bir nömrədə də
oktyabr hadisələri, metro partladılması haqda yazdı. "Millət
qırılır. Qırılmalı olan adamlara isə heç nə olmur. Filankəsləri
öldürün, niyə qara millətimi qırırsız? Bir şeir də yazdı. Mən ona
çox yalvardım ki, Eldar, o şeiri dərc eləmə. Eşitmədi məni. Elə o
şeirin də qurbanı oldu.
- O şeirdən yadınızda qalan var?..
- Yox. O şeir kitabda da yoxdur. O yazı formasında getmışdi.
- Siz həkimin "Eldar müəllimi ustalıqla zəhərləyiblər"
dediyini demisiz. Bəlkə elə qidadan olub?
- Yox, qidadan deyildi. Özünə gələndə ondan bir müsahibə də
götürmüşdüm. Danışıqlarını maqnitofona da yazdım. Dedi ki, biz
Prezident Aparatının informasiya şöbəsinin işçiləri ilə oturmuşduq.
Bizdən yan tərəfdə Fizulidən olan hansısa kolxoz sədri öz işçiləri
ilə yeyib-içirdi. Yeyib-içmək qızışandan sonra onlar gəlib bizimlə
bir oturdular. Və beləcə, məclis davam etdi.
Ondan yeməkləri, stola verilən çörəyi soruşdum ki, nə cür idi?
"Stollar birləşəndən sonra gətirilən çörəklər balaca idi", - dedi.
Soruşdum ki, araq süzülüb gəlirdi, yoxsa şüşədəydi? Dedi, süzülüb
gəlirdi. Dedim elə onda sənin evin yıxılıb. Bir də onu dedi ki,
stolda hər şey boşalmışdı, bircə balıq var idi. O balığı da
sonradan gətirib mənim nimçəmə qoymuşdular. Eldar dedi ki, ürəyim
heç o tikəni götürmək istəmirdi. Neçə dəfə əlimi uzatdım götürəm,
əlimi geri çəkdim. Deyir, gördüm, yox, ürəyim istəyir də, axı çox
araq içmişdim.
Başını kötüyün üstə qoyub balta ilə
vuracağıq
Onu çox təhdid edirdilər. Eldar bir dəfə özü mənə danışdı. Ona
biri zəng eləyib deyib ki, qəssabam, insan qəssabı. Sənin başını
kötüyün üstə qoyub balta ilə vuracağam. Əl çək bu tərsliklərindən.
Deyir, o adama dedim ki, mən kişiyəm, gələrəm, başımı kötüyün üstə
qoyaram, amma sən də gəl vur, görüm kimsən sən. Kişisən, özünü
göstər. Mən bu başımı qurban eləyirəm millətimə. Telefonu asıblar,
heç nə deməyiblər.
Anan namaz üstə deyil...
...Deyirdi ki, bir dəfə də zəng gəlib. İşin axırı imiş. Deyiblər
ki, anan artıq namaz üstə deyil, bu sənin sonuncu addımlarındı.
Eldar da deyib, kişisizsə, gəlin üzümə deyin ki, səni öldürməyə
gəlmişik, bu tülkülük nədir? Eldara deyiblər, qapının ağzında
zibilin yanına "limonka" (əl qumbarası. – F.B.) qoymuşuq. Səni
partladacağıq. Tez Mövlud Süleymanlıya zəng elədim ki, bəs mənə
belə zəng gəlib, düş aşağı, polisə də zəng eləmişəm. Polis gəlib
həmin qumbaranı deyilən yerdən götürdü.
Sui-qəsd
...Eldar deyirdi ki, mənə bir dəfə də zəng olundu: "Bu gün sənin
sonundu, - dedilər. Dedim ə, kişisiz, adamsız, gəlin də...
İstəyirsiz özüm öldürüm özümü? Onsuz da canımdan bezən adamam. Mənə
dedilər ki, sən görərsən, bu gün sənin sonundur. Eldar işdən çıxıb
maşına minən andan bir yük maşını bunları izləyir. Hər dəfə imkan
tapdıqca sıxır bunları. Ta ki Razinə qədər. Sonra yük maşını fürsət
tapıb Eldar oturan tərəfdən "Jiquli"ni vurur. Eldarın qolu
çiynindən sınır. Gətirmişdilər "Semaşko"ya. Sağaldı. Amma ondan əl
çəkmirdilər.
- Ceyran xanım, bəs necə oldu axı Eldar müəllim həmin
kafeyə getdi. İş yerindən, yaşadığı yerdən uzaq bir
yerə...
- Neçə illik dostu var idi, İbrahim doktor. O, hələ də yaşayır.
Həmin gün Eldarı o dəvət edib ora. Məndə hələ də şübhə var ki, onun
da bu işdən xəbəri var imiş. İbrahim Eldarı gecə bizə gətirdi.
Eldarın vəziyyəti çox pis idi. İbrahim doktor çaşqın idi. Qusdurduq
Eldarı, qatıq verdik. Bir binada oluruq. Səhər açıldı, qızı gəldi
dedi ki, bibi, atam yatıb, göm-göy göyərib, yuxudan ayılmayıb.
Soruşdum ki, bəs atan işdə deyil? Sonra qaçdım yuxarı, getdik dilin
çıxartdıq. Təcili yardım çağırdıq, apardıq xəstəxanaya. Xəstəxanada
dedilər Eldar müəllim üç gün yat, bədəninə maye köçürdək. Özünə
gələcəksən. Onlar da elə başa düşüb ki, qidadan zəhərlənib. Eldar
qalmadı xəstəxanada. Dedi, məni bacım məni xəstə eləyir, heç nəyim
yoxdu.
Bir dənə sistem köçürtdülər. Həkim dedi ki, suya şəkər töküb,
limon sıxıb içsin. Yoldan 10-15 dənə limon aldım ki, bunu qoy
kabinetə, istifadə elə.
Eldar, elə
yazılar yazma
Anam yaylığını Eldarın ayaqları altına atdı: "Yazma, Eldar, elə
yazılar yazma... Məni oğulsuz qoyma. Gözümün işığı sənsən".
Eldar o qədər arıqlamışdı ki, qucağıma ala bilirdim. Mənə bir
gün dedi ki, yaxın otur, sənə sözüm var. Oturdum. Dedi, səndən bir
xahişim var, atamızın goruna and verirəm, onu edərsən. Dedim,
sözünü de. Dedi, mən öləndə Xırdalanda basdırarsan...
Ceyran xanımın dəsmalı göz yaşından islanıb.
Çantasından yenisini çıxarır. Yanaqları boyu axan yaşı qurudur.
Ürəyinə axanları quruda bilməz ki, deyə düşünürəm və
soruşuram:
- Niyə Xırdalan?
- Mən də soruşdum Eldardan. Dedi ki, Xırdalan qəbiristanlığı
Qubadlı daglarına oxşayır. Məni bax orda, lap hündürdə basdırarsan,
amma müvəqqəti, torpağa amanat verərsən. Qubadlı alınanda apararsan
kəndimizə... Elə ondan iki üç gün sonra dili tutuldu. Danışa
bilmirdi. Getdim dediyi qəbiristanlığa. Gəzdim, ən hündür, qayalığı
çox olan bir yer tapdım. Gəldim yanına. Baxışları ilə soruşurdu, nə
oldu? Son günləri idi. Dedim ki, sən deyəni edəcəyəm. Yer də
tapmışam. Mənə "qardaşım" dedi...
Əbülfəz Elçibəy Kələkidə olanda Bayramov soyadlı bir qadın
göndərmişdi. Dedi ki, həkimlərlə danışmışıq, təyyarə ilə də. Eldarı
aparırıq Türkiyəyə müalicəyə. Qadını çağırıb Eldarı göstərdim.
Gecdir, dedim. Gərək 7-8 ay qabaq edəydiz bunu...
Onun başı həmişə qalmaqalda oldu. Basqı gördü. 1982-ci ildə
"Balıq ölüm" poemasına görə başı o qədər ağrıdı ki! Yazırdı ki, CAR
hökuməti var, amma Azərbaycan hökuməti yoxdur...
Eldar 1985-ci ildə "İşıq" şeirini yazmışdı. Ölümündən sonra
arxivində işləyəndə bildim. Yazıb, dərc etdirə bilmədiyi şeirləri
çox idi. Daha qoymadım ki, arxivində bir dənə yazısı qala, hamısını
çap elətdirdim.
Ceyran xanımı qardaşlı günlərindən ayırmaq çətindir. Kim bilir
bəlkə də ürəyində hər gün bizə danışdıqlarını özü-özünə nəql edib,
gözləri önünə gətirir.
Balayana görə Eldarı öldürmək istəyi
- "Xatirə
dəftəri" dediz. Onunla bağlı xatirələr tükənməz. Onun bir
xatirəsini də danışım sizə. Demək, bir gün Qazaxa getmişdi.
Qayıdanda mənə zəng elədi ki, Ceyran, bu gün sərhəddən gəlmişəm,
mən indi bildim sən nə çəkirsən. Dedim nə oldu ki? Sənə kim dedi
ki, sərhədə gedəsən, üstünə avtomat çəkələr. Güldü: - Sən semə,
"Zori Balayana açıq məktub" şeirim ermənilərin arasında da məşhur
imiş.
Demək, Qazaxın icra başçısı, Eldar, bir də köməkçisi gediblər
sərhəddə erməni əsgərləri ilə görüşüblər. Deyir ki, erməni
əsgərlərilə qaynaşdıq. Onlar deyib ki, sizin bir şair var, Eldar
Baxış. O, şeirində bizim milli liderimizi təhqir eləyib, əlimizə
düşsə, onu tikə-tikə edəcəyik. Deyir, dedim ki, qoy gedim Bakıya, o
Eldar Baxışla danışaram.
Gorusa getmək istədi
Bir dəfə də Qubadlıya gəlmişdi. Ermənilərlə görüş olacaqdı.
Gorusun rəhbərləri ilə. İstəmirdim ki, Eldar getsin. Humanist adam
idi. Amma saxlaya bilmədim. Bunlar gedəndə ürəyimlə bacarmadım, mən
də getdim. Dedim, neytral zonada dayanın. Eldarı qabağa qoymayın.
Bu vaxtı da ermənilərin kombriqi, polis rəisi və bir neçə də əlavə
adamları gəldi. Nə isə, görüşdük, danışdıq ki, atışma 3 gün
dayansın. Eldar Gorusun polis rəisiylə dostlaşdı. Ona dedi ki, mən
sənə kişi sözü verirəm, mindirirəm səni maşına, aparıram Dagüstü
parka. Qonaqlıq verirəm, sonra da səni gətirərəm bura. İndi də sən
kişi sözü ver, mən getmək istəyirəm Gorusa. Məni apar Gorusa, çay
içək, qayıdaq. Rəis başın aşağı saldı. Dedim, Eldar, adam özündən
arxayın deyil. Rəis utana-utana dedi:
- Mən söz verə bilmərəm. Sizin millət sizin sözünüzdən
çıxmaz...
Eldar şaqqanaq çəkib dedi:
- Adə, kişi olun e... heç bizim kimi millətlə də düşmənçilik
etmək olar?
Ceyran xanımla söhbətimiz çox oldu. Sağollaşdıq. Onu qardaşı
ilə, heç vaxt yaddan çıxmayacaq xatirələri ilə baş-başa
qoydum...