Eldar Baxış 1996-cı il mayın
22-də dünyasını dəyişdi. Həkimlər bu qənaətə gəldi ki, şair
zəhərlənib. 8 ay ölümlə əlbəyaxa oldu. Zalım Əzrayıl bacısının göz
yaşlarına, anasının harayına, hələ o qədər də böyüməyən, sümükləri
bərkiməyən 3 balanın çəkəcəyi iztiraba, uşaqların anasının aşkar və
gizlin axıdacağı göz yaşlarına belə rəhm etmədi... Aldı və apardı
şairi 48 yaşında.
Şəxsən tanıyırdım. Bir-neçə dəfə görmüşdüm. Nəhəng insan idi.
Təkcə zahiri görünüşünə görə yox, elə şeirlərinə görə də... heç
qorxusu-ürküsü olmadı. Qələm dostları, həmkarları, yaşıdları,
özündən qabaqda gedənlər yalançı qardaşlıqdan, can deyib can
eşitməkdən və s.-dən yazanda, SSRİ-nin ozamankı rəhbərinin dili
ağzında dolaşa-dolaşa " Şiroko şaqaet Azerbaydjan" deməsinə
poemalar həsr edəndə, alimlər rəhbərin imzası ilə nəşr olunan
"Dirçəliş", "Kiçik torpaq" və digər broşürlərdən qalın-qalın
dissertasiyalar, monoqrafiyalar yazanda Eldar Baxış rəhbərə
atmacalı suallarını ünvanlayırdı:
Çeşməyi gözündən düşməyən kişi,
deyə bilərsənmi nədir bu dünya?
Deyə bilərsənmi hardan başlanıb,
haraya baş alıb gedir bu dünya?
Ardınca da əlavə suallar. Onun suallarına cavab gəlmirdi ki,
gəlmirdi... Əksinə, onun verdiyi suallar ona başağrısı yaradırdı.
DTK-nın kif iyi verən dindirilmə otaqlarında şairə suallar
ünvanlanardı: "Nə demək istəyirsən, kimi nəzərdə tutmusan, niyə
böyük kommunizim ideyalarına şübhə ilə yanaşırsan" və sair.
İncidirdilər onu. O isə qələmini korluq çəkməyə heç qoymadı.
Gördüyünü, hiss etdiyini ürəyindən yanğı ilə geçirtdiyini qələminin
köməyi ilə ağ vərəqlərə, oradan da ürəklərə ötürürdü...
Şablon səslənsə də, Eldar baxış əsl vətənpərvər şair idi desək,
yanılmarıq.
Xatirə dəftərini vərəqləmək istədik
Onunla bağlı xatirələri vərəqləmək istədik. "Xatirə
dəftəri"mizin oxucuları şairin bacısı, ziyalı xanım Ceyran
Ağayevanın xatirələrini vərəqləyəcək. Qardaş bacı üçün həmişə qala
olub, bacı qardaşın boyuna baxıb, uğuruna sevinib. Bacı qardaş
toyunda oynamaq üçün, ana əvəzi qardaşının xidmətində durmaq üçün
doğulub. Bir də... bacıların ən ağrılı, ən acılı missiyalarından
biri də qardaş yasına ah çəkmək, nalə qoparmaq, ağlamaq, sızlamaq,
"ölmək" və "dirilməməkdir". Qardaş itkisindən sonra bacılar
qanadları qırılmış quş misalı olurlar...
Ceyran xanım da eləcə... qardaşı Eldar Baxışın adına, boyuna,
toyuna, qüruruna sevinib. Qürurunun, adının, istedadının gətirdiyi
bəlaya ağrıya, itkiyə sızlayıb, göz yaşı töküb. Elə indi də göz
yaşları hər Eldar sözünə qaynamaqdadır. Xatirələrini dilə
gətirdikcə kövrəldi, dinlədikcə məni də kövrəltdi...
Ceyran xanımla görüşüb, sakit bir məkanda onun illərdən bəri
köksündə gəzdirdiyi xatirələrini vərəqlədim. Amma xanım sual
verməkdən də çəkinmir:
- Nə əcəb Eldarı yada saldınız, haradan gəldiniz bu fikrə?..
- Eldar müəllim oxucuları, milləti tərəfdən heç
unudulmadı ki... O, həmişə xatırlandı.
- Hə, son vaxtlar onun şeirlərinə kliplər hazırlandı - "Sərçə
balası"na və başqa üç şeirinə.
Bunu deməklə deyəsən mənimlə razılaşdığını bildirirdi.
- Onun bütün şeirlərini səhnələşdirmək olar. Rəhmətliyin
gözəl bir şeiri də var - "Ayağımızın altında bu torpaq ki
var..."
- Elə o şeirlə də bağlı bir klip hazırlanıb. Klipin rejissoru
da, eşitdim, onun tələbə yoldaşlarından biri olub. Unutmurlar, düz
deyirsən, amma mənə elə gəlir ki...
Dinmir. Xeyli fikirlidir. Gözlərinin lap üzündə kədər görünür.
Qardaşın itirən bacının qəmi oxunur və bu onun səsində də hiss
olunur.
O xatirələr unudulmaz
- Ceyran xanım, sual verdiniz ki, Eldar Baxış haradan
yada düşdü. Yada o adamlar düşər ki, yaddan çıxsınlar. Eldar bizim
üçün, Azərbaycan ədəbiyyatı üçün çox böyük şair olub. Unudulmayıb.
Sizin Eldar müəllimlə bağlı xatirələrinizi dinləyəcəyik. Görək, siz
nələri unutmamasınız.
- Qurtarmaz o xatirələr, qardaş... Unudulmaz ki..
- Oğlan uşaqları qardaş olaraq qızların - bacıların
üstündə bir balaca hökmlü olur. Eldar da sakit olmayıb axı,
deyəsən. Uşaqlıq illərinizə qayıdaq, Eldar müəllimdən incikliyiniz
olmayıb ki?
- Olurdu. Biz kənd yerində böyümüş uşaqlarıq. İkimərtəbəli,
çardaqlı evimiz vardı. Çardaqda yatdığım vaxt qolumdan tutub
cimdikləyirdi. Başlayırdı "dunduru–dunduru" deyib qıdıqlamağa. Bu
söz onun şeirlərinin hansındasa var. Bu sözü deyə-deyə məni
güldürərdi. Ta ki güldürənə qədər o hərəkəti eləyərdi. Sonra
deyirdi ki, bu, qardaş zarafatıdı.
Atam, anam idi o
- Eldar müəllim 1965-ci ildə gəldi Bakı Dövlət
Universitetinə qəbul olundu. Qardaşı Bakıda ali məktəbdə oxuyan qız
kimi forslanırdız, yəqin?
- Forslanırdım, əlbəttə forslanırdım. Nəinki qardaşı Bakıda
oxuyan bacı kimi. O vaxt oxuyanlar çox az olurdu. Nadir hallarda
oxuyanlar olurdu. O cümlədən də Eldar. Mən fəxr edirdim qardaşımla.
Ondan çox şey öyrənmişəm. Soruşardı ki, hara girəcəksən. Deyirdim,
sən oxuyan məktəbə. Zarafat edirdi, deyirdi ki, sən mənə çata
bilməzsən. Mən də Bakı Dövlət Universitetinin tarix fakültəsini
qurtardım. Onun bir şeiri var. Sonralar əlyazmalarının içindən
çıxmadı. Biz uşaq ikən atamız ölüb. Eldar 4-cü sinifdə oxuyanda.
Mən də 3 yaş yarımlıq olmuşam. Yadımda qalan bu misralardı:
Atam öləndən,
Zaman məzara qoyulandan
Saatlar, günlər keçib,
Aylar, fəsillər keçib.
Amma ki ürəyimə düşən o xal
atam öldüyü gündən qalacaq
yalnız, yalnız öləndə
o da soyuq məzarda çürüyəcək.
O, həmişə deyirdi ki, mənim kişi qardaşım Qubadlıdır, mən də
qalmışam Bakıda. Eldar bütün kitablarında mənə eyni sözləri yazıb
verərdi: "Atadan atam, qardaşdan qardaşım, bacıdan bacım, anadan
anam Ceyrana". Eldar mənə ata olub. Mən atamı görməmişəm. Heç
xatirələrimdə də qalmayıb atamın izləri. O mənim həm atam idi, həm
də anam. Anam olsa belə...
- Eldar müəllim tələbə olanda heç ailəyə yük
oldumu?
- Eldar tələbə olarkən işləmək istəsə də, anam qoymurdu. Deyirdi
ki, sən oxu, işləsən, özümü öldürərəm. Atamdan qalan bəzi şeylər
vardı, anam Eldarı yaxşı oxutdu, qoymadı korluq çəksin, elə mən də
tələbə olarkən korluq çəkmədim. Düzü, məni Eldar oxutdu.
Ayaz Mütəllimova dedi get
- Eldar müəllim tələbə vaxtı olmasa da, sonralar korluq
çəkib, ona qarşı təpgi, qadağa davamlı olub, deyirlər.
- Bilirəm, elə olub ki, mətbuatdan yazılarını saxlayıblar. Eldar
elə adam idi ki, heç nədən çəkinməzdi. Ayaz Mütəllibovun otağına
girib, üzünə dedi ki, xalq səni istəmir, çıx get. Əbülfəz Elçibəyə
dedi: "Verdiniz vətənimi o murdarlara. İndi ölürəm, mənə bir parça
təmiz torpaq lazımdır ki, gedəm orda rahat öləm. Bərgüşad və
Həkərini bütünlüklə buraxsanız da, mənim kəndimi təmizləyə
bilməzsiz".
- Dalaşqan uşaq olub, deyəsən?
- Çox davakar idi. Həm də macəralı.
Yaddaşının hansı qatına isə "baş vurur". Gülümsəyir:
- Bilirsən, o şirniyyatı sevən idi. Bir dəfə torba dolu qəndi
götürüb arxın başına gedir. Körpünün üstünə çıxıb torbadakı qəndi
tökür arxa. Qaça-qaça gəlib çayın axırında durub ki, qəndin
şirinliyi çayın axırına qədər gəlib çatacaq? Sözsüz, uşaq da olsa,
bu gələcək bir şairin təxəyyülü idi.
Atımız itib
- Bizim Paşa kişi adında qonşumuz vadı. Təsərrüfat adamı idi.
Xiyar onun bostanında yetişəndə, bizim bostanda hələ yenicə çiçək
açardı. Bir dəfə Eldar gedib bıçaqla Paşa kişinin çəpərini dairəvi
kəsib, bostana girib. Özü ilə də bir kisə götürüb. Başlayıb
xiyarları yığmağa. Rəhmətlik Paşa kişi anamdan soruşub ki, Eldar
hanı, gözə dəymir? Anamda deyib ki "səhər çıxandı, hələ gəlməyib".
Paşa dayı:
- O, yüz faiz bağa gedib, deyib. Gəlib bostanlığa, görüb hə,
başını aşağı salıb xiyar yığır. Yavaş-yavaş Eldarda yaxınlaşır,
başı üstə dayanıb deyir:
- Eldar, burada neynirsən?
Eldar da başın qaldırıb deyir:
- Paşa dayı, atımız itib, onu axtarıram.
Eldara güllə atır
- Kəndimizdə Bahadır dayının üzümü vardı, hər kəs üzümünü yığsa
da, o, hələ saxlayırmış. Bir gün dostları Eldara deyib ki, gedək
Bahadır dayının bağına peşəri yığaq. Peşəri bizim Qubadlıda
yığımdan sonra yaddan çıxıb qalan məhsula deyilir. Üzüm ağacı da
sarmaşaraq qalxıb hündür çinar ağaclarına. Eldar dırmaşıb çinara.
Üzümü də dərin qoynuna yığırmış. Bu zaman də görüb bağın yiyəsi
çiynində tüfəng gəldi. Yaşlı kişi idi. Ağaca da çıxa bilmir. Yerdən
giləmeyvələrdən götürür, təmizləyib yeyir. Eldar deyir ki, mən də
bir-bir üzüm gilələrini kişinin başına atıram. Kişi zənn edib ki,
ağacda oturan qarğadır. Deyib ki "köpək oğlu qarğa, bu saat səni
gör neyləyəcəm! Bir də gördüm ki, tüfəngi mən tərəfə tutub, guya
qarğayam, üzümü tökürəm. Eldar danışırdı ki, gördüm, məni vurmaq
istəyir, ağacdan düz Bahadır kişinin üstünə tullandım. Kişi arxadan
qışqırıb:
- Yenə Eldar?
Üzümlər elə qoynundaca evə gəldi. Anam soruşdu ki, de görüm,
kimin bağından oğruluq eləyibsən. Eldar dedi: - Tövbə
oğurlamamışam. Uşaqlarla peşəriyə getmişdim. Anam onun gətirdiyi
üzümləri məcməyiyə yığıb, aparıb atdı zibilliyə.
Ceyran xanımı uşaqlıq illərinin isti vaxtlarından ayırmıram.
Yadına saldıqca, kövrəlir, qardaşının macəralarına sevinir, sanki
bu sevinc o vaxtların sevincidir. Bu hadisələri danışdıqca Eldar
hələ yaşayır onunla, dostları ilə zarafat edir. Ceyran xanım,
Eldarın dostları ilə kolxozun qarğıdalı sahəsinə girməsindən,
keşikçilər gələrkən hündür yarğandan Bərgüşad çayına tullandığından
da bəhs edir...
Yazıçı var başına döyürlər, yazıçı var
qələminə
Ceyran xanımı uşaqlıq, yeniyetməlik anlarından ayırıram:
- Eldar müəllimə basqılar, təzyiqlər olub? Sizə də
gileylənirdi?
- Çox olurdu və mənə bəzən danışardı. Bir şeiri var e, deyirdi,
yazıçı var başına döyürlər, yazıçı var qələminə. Qələminə döyülən
ölkədə yaşamaram. Çox arzusunda idi Türkiyədə yaşasın, orda
yazıb-yaratsın.
- Bəs niyə gerçəkləşmədi o arzusu?
- O dövrdə bir az çətin idi. Ona görə də gerçəkləşmədi. Eldarı o
vaxtlar çox izləyirdilər. O "Yeni Müsavat" qəzeti ilə müqavilə
imzalamışdı. Hər nömrə Eldarın yazısı çıxacaqdı. Bir nömrədə də
oktyabr hadisələri, metro partladılması haqda yazdı. "Millət
qırılır. Qırılmalı olan adamlara isə heç nə olmur. Filankəsləri
öldürün, niyə qara millətimi qırırsız? Bir şeir də yazdı. Mən ona
çox yalvardım ki, Eldar, o şeiri dərc eləmə. Eşitmədi məni. Elə o
şeirin də qurbanı oldu.
- O şeirdən yadınızda qalan var?..
Ardı olacaq