"Biz və Onlar"
layihəsində: azərbaycanlı, türk, alman
"Biz və onlar" müxtəlif millətlərin mədəniyyətini,
dünyagörüşünü, mentalitet fərqlərini ortaya qoyan layihədir. Bu
layihədə üç müxtəlif ölkənin nümayəndəsinə eyni sualları
ünvanlamaqla onların mədəniyyəti və tarixi ilə bağlı oxşar və
fərqli cəhətləri öyrənmiş oluruq.
Budəfəki qonaqlarımız:
Əhməd Adar – 31 yaş, Bakı Dövlət Universiteti,
Türkiyə.
Kənan Şamilov – 25 yaş, Əmək və Sosial münasibətlər
Akademiyası, Azərbaycan.
Niko Heymel – 27 yaş, Leypsiq Universiteti,
Almaniya.
– Ölkənizdə hansı beynəlxalq idman turniri və ya mədəni
tədbir keçirilib və bunlar sizin ölkənizin imicinə, insanlarına
necə təsir göstərib?
Əhməd Adar: - Turnirlərin ölkə imicinə təsiri,
ümumiyyətlə, pozitiv olur. Ona görə ki, insanların Türkiyə ilə
bağlı olan təsəvvür və düşüncələri ancaq gəlib buraları görəndə və
yaşayanda düzgün formalaşır.
Vətəndaşlarımıza da müsbət mənada təsiri olur. Məsələn, həmin
turnirlərin təşkil olunduğu bölgədə xeyli iqtisadi canlanma
yaşanır. Sakinlərin dünyagörüşü artır. İdman və mədəniyyət
turnirlərinin keçirildiyi yerlərdə müəyyən işlər görülür və bu
işlər birbaşa xalqa xidmət edir.
Niko Heymel: - Məsələn, bizdə 2006-cı ildə
futbol üzrə Dünya Çempionatı keçirilmişdi. Hələ Üçüncü Reyxin
vaxtından Almaniya beynəlxalq idman yarışlarına ev sahibliyi
edirdi. Biz olduqca qonaqpərvər və tolerant xalqıq. Bu cür
turnirlərin ölkə imicinə təsiri göz qabağındadır. Düşünürəm ki,
bütün dünya almanları mehriban və qonaqpərvər bir xalq kimi
tanıyır.
Kənan Şamilov: - Azərbaycan ev sahibliyi etdiyi
turnirlərin həmişə maksimal dərəcədə yüksək səviyyədə keçirilməsinə
çalışır. İnsanlarına təsirinə gəldikdə isə necə deyərlər, gör-götür
dünyasıdır. Avropaya inteqrasiya olunduğumuz bir dövrdə bu
turnirlərin insanların geyim, həyat tərzini necə dəyişdirməsinin
şahidi olarıq. Çox uzağa getməyək, Bakıya yuxarıdan quş baxışı ilə
baxsanız və indiki vaxt ilə "Avroviziya" yarışmasından qabaq halını
müqayisə etsəniz, bu tip qlobal yarışmaların, turnirlərin birbaşa
təsirini görmüş olacaqsınız. Avropalaşmağa doğru gedən bir ölkədə
bu cür turnirlərin keçirilməsi vacibdir.
– Sizcə, hansı dünya miqyaslı hadisə ölkənizin
tanınmasında mühüm rol oynayıb?
Əhməd Adar: - Sözsüz ki, ən ciddi və əhatəli
idman növü formula oyunlarıdır. Bu turnirin İstanbulda keçirilməsi
əlamətdar hadisə idi. Formulanın hazırlanması üçün ciddi
investisiya tələb olunur. Bu kimi idman növü ölkənin tanınmasında,
onun müəyyən mənada inkişafında mühüm rol oynayır.
Niko Heymel: - 2014-cü ildə Almaniyanın futbol
üzrə milli komandasının qazandığı uğur, məncə, son illərin ən
sevindirici və ürəkaçan hadisəsidir. Alman futbolu tarix boyu
sevilib və seçilib. 2014-cü il Dünya Çempionu adına layiq
görülməyimiz dünyada alman futbolunun təkrarolunmaz olduğunu bir
daha sübut etdi və xeyli insan bu uğurdan sonra alman yığmasına
azarkeşlik etməyə başladı. Düzdür, iki gün əvvəl Barselona
komandası ilə keçirilən oyunda o qədər də parlaq oyun nümayiş
etdirmədik, amma hər şey yaxşı olacaq.
Kənan Şamilov: - Hər bir azərbaycanlıya
məlumdur ki, Azərbaycanda idmana qarşı xüsusi diqqət var.
İdmançılarımızın beynəlxalq turnirlərdə daim mükafat qazanmaları
buna ideal nümunədir. Bu il Avropa Oyunlarının ölkəmizdə
keçirilməsi, zənnimcə, Azərbaycanın tarixinə qızıl hərflərlə
ömürlük yazılacaq. Bundan başqa, "Avroviziya" mahnı müsabiqəsindəki
qalibiyyət Azərbaycanın həm siyasi, həm də mədəni müstəvidə
tanınmasında əhəmiyyətli dərəcədə rol oynadı.
– Bu il Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarını
necə qiymətləndirirsiniz? Bunun Azərbaycan üçün hansı nəticələri
olacaq?
Əhməd Adar: - Bu il Azərbaycanda keçiriləcək
oyunlar ölkənin daha geniş arenada tanınmasında böyük rol
oynayacaq. Azərbaycan bu kimi tədbirlərdən həmişəki kimi alnıaçıq,
üzüağ çıxacaq. Avropa Oyunlarının necə yüksək səviyyədə təşkil
olunmasının bütün dünya ölkələri görəcək.
Niko Heymel: - Bu, əlbəttə ki, ürəkaçan haldır.
Mən Azərbaycanda səfərdə olmuşam. Əvvəla, onu qeyd edim ki,
möhtəşəm şəhəriniz və qızlarınız var. Doğrudan da, adamın gözləri
istirahət edir. Gəlib hicablı qadınlarla rastlaşacağımı düşünürdüm,
amma gördüm ki, Bakı meqapolisdir, müasir, tolerant şəhərdir.
Avropa Oyunları, şübhəsiz ki, sizin ölkənin imicinə müsbət təsir
göstərəcək. Bura həm iqtisadi, həm sosial, həm də siyasi amillər
daxildir. İlk Avropa Oyunlarını ölkənizdə keçirilməsi böyük
addımdır. Bir alman istəyirəm ki, bu məsuliyyətin altına girsin…
(gülür)
Kənan Şamilov: - Bu, çox gözəl haldır. İlk
Avropa Oyunlarından sonra da Azərbaycanla bağlı "Əvvəl" və "Sonra"
adlı bir şəkil yaratsaq, yenə də ölkənin necə dəyişdiyinin,
gözəlləşdiyinin, hər bir sahədə inkişaf etdiyinin şahidi
olacağıq.