"Biz və onlar" müxtəlif millətlərin mədəniyyətini,
dünyagörüşünü, mentalitet fərqlərini ortaya qoyan layihədir. Bu
layihədə üç müxtəlif ölkənin nümayəndəsinə eyni sualları
ünvanlamaqla onların mədəniyyəti və tarixi ilə bağlı oxşar və
fərqli cəhətləri öyrənmiş oluruq.
Layihənin budəfəki qonaqları hind, rus və
mozambiklidir.
Toidul Seyful – hind, 22 yaş, Padua Universiteti –
mühəndislik.
Aleksandr Knyazev – rus, 23 yaş, Dövlət Dəniz
Akademiyası – mühəndislik.
Simon Geyl – mozambikli, 23 yaş, Noroest Universiteti –
tətbiqi riyaziyyat.
– Bacına nəzarət edirsənmi? Ümumiyyətlə, qardaşlar
bacılarının həyatına, onların tərbiyələndirilməsinə
qarışmalıdırmı?
Toidul Seyful:
- Bilirsən, bu münasibət qandan gəlir. Bu bizim borcumuzdur.
2015-ci ildə yaşayırıq – qloballaşma, texnologiyaların inkişafı,
azad və tolerant cəmiyyətlər və ən əsası, şəxsiyyət azadlığı... Bu
o deməkdir ki, hər kəs öz doğru qərarlarını verməkdə, seçdiyi həyat
tərzini yaşamaqda sərbəstdir. Qardaş öz bacısını yalnız konkret
mərhələlərdə və müəyyən situasiyalarda idarə etməlidir.
Aleksandr Knyazev:
- Məncə, bəzən hə. Çünki qardaş öz bacısının həyatına laqeyd
yanaşmamalıdır. O, bacısının müdafiəçisi və ən yaxşı dostu
olmalıdır. Həm də öz bacısının fikirlərinə hörmətlə yanaşmalı və
bəzən onun məsləhətlərini dinləməlidir.
Simon Geyl:
- Əlbəttə. Mənim 2 bacım var. Bacılarıma
nəzarət etmək, onların səhv addımlarının qarşısını almaq mənim
missiyamdır. İstənilən halda arxalarında durmalı və onları
qorumalıyam.
– Bacının sevgili seçiminə qarışırsan? Bu, ümumiyyətlə,
necə olmalıdır?
Toidul Seyful:
- Əlbəttə, sevgili seçimi çox həssas məqamdır. Məncə, qardaş öz
bacısının sevgili seçimində iştirak etməli, oğlanı tanımalıdır.
Çünki bacısının sevgilisi onun həyatında mühüm rol oynayacaq
şəxsdir. Qardaş bacısının kiminlə, harada olduğunu bilməlidir, ya
yox? Qarışmaq deməzdim, amma ən azından, o oğlanı tanımalıyam.
Aleksandr Knyazev:
- Sevgili seçimi onun öz qərarıdır. Qardaşın burdakı rolu,
sadəcə, bacısının sevgilisinin cinayətkar və ya narkoman
olub-olmamasını öyrənməkdir. Özüm oturub bacımın sevgilisiylə
söhbət edər, onu yaxından tanımağa çalışaram. Bunu ona görə
etməliyəm ki, başımı yastığa qoyub yatanda bilim ki, bacım etibarlı
əllərdədir.
Simon Geyl:
- Əlbəttə ki, qarışardım, əgər bundan xəbərim
olsaydı. Məncə, böyük bacımın sevgilisi var, amma mən xəbərsizəm.
Hər halda məndən soruşsa, ona icazə verməzdim, di gəl, artıq
var.
– Ailə quracağınız xanımın keçmişi sizin üçün nə
dərəcədə önəm kəsb edir?
Toidul Seyful:
- XXI əsrdə yaşayırıq və bu, çoxları üçün
əhəmiyyət kəsb etmir. İndi gəncləri bir-birinin keçmişi yox, bu
günü, hazırkı həyat tərzi və dostları maraqlandırır. Düzü, sevdiyim
xanımın köhnə sevgililəri məni də maraqlandırmır. Amma etiraf edim
ki, iki qız arasında seçim etməli olsam, keçmişi təmiz olan qızı
seçərəm (gülür).
Aleksandr Knyazev:
- Yox, mənə qədər yaşananlar məni maraqlandırmır. Əsas odur ki,
indi mənim yanımdadır və mənim həyatımda olduğu müddətcə özünü mənə
layiq aparmalıdır. Ən sevdiyim aforizmlərdən biridir: "The past is
done, move on" (Keçmiş keçmişdə qaldı, irəli – Tərc.).
Simon Geyl:
- Bu, mənim üçün heç bir əhəmiyyət daşımır.
Keçmişindən mənə nə? Heç kimi keçmişinə görə qınamaq və ya ittiham
etmək olmaz. İnsanlar müxtəlif olduğu kimi talelər də
müxtəlifdir.
– Qadına hansı vəziyyətdə əl qaldırmaq
olar?
Toidul Seyful:
- Düşünürəm ki, dünyadakı heç bir kişinin qadına əl qaldırmağa
haqqı yoxdur. O, hər şeydən öncə insandır və zərifdir. Ona əl
qaldıran adam sonra özünə necə kişi deyə bilər? Heç vaxt unutmaram,
məktəbli ikən sevimli müəlliməm həmişə bizə bir şeyi təkrarlayardı:
"Bütün qadınlar çiçəkdir". Bəli, bu cümlə mənim həyatımda böyük rol
oynayıb və mən daim qadınlara bir çiçək kimi davranmalı olduğumu
düşünmüşəm.
Aleksandr Knyazev:
- Heç bir qadın ona əl qaldırılmasına layiq ola bilməz. Əsl kişi
nə olur-olsun, heç vaxt bir qadına əl qaldırmaz. Ən azından ona
görə ki, qadın ondan dəfələrlə zəifdir.
Simon Geyl:
- Heç bir vəziyyətdə qadına əl qaldırmaq olmaz.
İstisnalar yoxdur. Özümü hansısa qadına – buna layiq olsa da – əl
qaldıran yerdə təsəvvür edə bilmirəm. Bu, mümkün deyil.
– Evləndiyin qızın bakirəliyi sənin üçün nə dərəcədə
önəmlidir?
Toidul Seyful:
- Mənim üçün çox önəmlidir. Avropa cəmiyyəti üçün bakirəlik o
qədər də əhəmiyyət kəsb etmir. Günümüzdə bəzi xanımlar öz
bakirəliklərini 13-14 yaşında itirirlər. Bu, onlar üçün elə də
xüsusi bir məna daşımır. Kiminlə, harda, necə sualları onları
maraqlandırmır. Əsas olan tez bir zamanda "böyüməkdir". Bunun
nəticəsidir ki, indi normal yaşda bakirə qız tapmaq mümkün deyil.
Bunu təkcə xanımlara deyil, kişilərə də aid etmək olar. Çoxları
üçün öz aktuallığını itirsə də, mənim üçün bu mövzu həmişə
aktualdır.
Aleksandr Knyazev:
- Bakirəlik uşaqlıqdan yetkinlik mərhələsinə olan keçiddən başqa
bir şey deyil. Mən şəxsən toy gününə qədər gələcək həyat yoldaşımla
istədiyimi edəcəm. Və bizim bunu necə, nə vaxt, niyə elədiyimiz heç
kimi maraqlandırmamalıdır.
Simon Geyl:
- Əlbəttə ki, yox. Burda nə var ki? Heç
valideynlərim də bunu veclərinə almazlar (gülür).
– Həyat yoldaşı seçimində valideynlərinin rəyi sənin
üçün əsasdırmı?
Toidul Seyful:
- Onlarla əlbəttə ki, məsləhətləşəcəm. Amma onların qərarı mənim
seçimimdə o qədər də rol oynamayacaq.
Aleksandr Knyazev:
- Onlardan məsləhət ala bilərəm. Amma məsləhətlərinə qulaq
asıb-asmamağım artıq mənim işimdir. Həyatımın müəyyən bir hissəsini
seçdiyim xanımla birlikdə mən yaşayacam, onlar yox.
Simon Geyl:
- Mən sevmədiyim insanla evlənə bilmərəm. Aşiq
olacağım qızı isə ailəm də sevəcək. Yəni mənim sevib ailəmin
sevməməyi, məncə, mümkün deyil. Amma hər halda, bəli, ailəmin fikri
mənim üçün əsasdır.
– Arvadının sənə xəyanət etdiyini öyrənsən, reaksiyan nə
olar?
Toidul Seyful:
- Bunu oturub birlikdə müzakirə edib çıxış yolu taparıq. Əgər
başqasıyla xoşbəxt olmaq istəyirsə, onu saxlaya bilmərəm.
Aleksandr Knyazev:
- Əgər bir adam sənə bircə dəfə xəyanət edibsə, o, bunu ikinci,
üçüncü dəfə də edəcək. Mən bunu öz şəxsi təcrübəmdən bilirəm. Buna
görə də onu heç vaxt bağışlamaram.
Simon Geyl:
- Onunla yollarımı ayıraram. Çoxları deyir ki,
xəyanətə uğrasam, arvadımı öldürərəm, asaram, döyərəm. Mən heç vaxt
belə düşünməmişəm. Əgər mənə xəyanət edibsə, deməli, məni sevmir.
Məni sevməyən adam isə mənə lazım deyil. Onunla boşanaram.