Axar.az
Yuxarı

İsmayıl Şıxlının KP MK-da tarixi çıxışı: Bakıya hücum edənlər…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsi ilə bağlı tanınmış jurnalist Famil Cəfərli mərhum xalq yazıçısı İsmayıl Şıxlının 1990-cı il yanvarın 24-də Azərbaycan KP MK-nın plenumundakı çıxışını paylaşıb.

Kult.az böyük ziyalının məşhur çıxışını təqdim edir:

Mən Böyük Vətən müharibəsinin iştirakçısıyam. Çox dəhşətlər, qanlı səhnələr görmüşəm. Müharibələrə, yatırılmış üsyanlara dair çoxlu kitablar oxumuşam. Lakin heç yerdə, heç zaman bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmayıb. Bütün bu işlərə görə qanlı “perestroika”nın başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər.

Azərbaycan xalqı öz torpağını qoruyur. Lakin iki ildir onun dincliyi əlindən alınıb. “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər katolikos Vazgenin, xarici daşnakların, Moskvaya toplaşan partbiletli millətçi ermənilərin başçılığı və Qorbaçovun himayədarlığı ilə milli qırğın törədirlər. Ermənistanda muzdlu qoşun saxlanılır. Livandan, İsraildən və başqa yerlərdən erməni terrorçuları gətirilib, həmin başkəsənlər raketlər, minamyotlar və başqa müasir silahlarla silahlandırılır. Dağlıq Qarabağda və Azərbaycanın başqa regionlarında qırğınlar törədilir. 250 minə yaxın azərbaycanlı didərgin düşüb – Qorbaçov narahat olmur. Tacikistanda zəlzələ olur – vecinə almır. Çernobıl faciəsi baş verir – tükü ürpənmir. Amma bir erməninin burnu qanayanda “mnoqostradalnıy armyanskiy narod” (çox əzabkeş erməni xalqı – red.) deyə göz yaşı axıdır. Heç bilmək istəmir ki, onlar “mnoqostradalnıy armyanskiy narod” yox, “mnoqoskandalnıy armyanskiy narod”dur (çox skandal erməni xalqı – red.), Qorbaçov isə onların əlində oyuncaqdır. Şahnazarovların, aqanbekyanların, zori balayanların, qdlyanların, sitaryanların dediyi ilə oturub-durur. Belə olmasaydı, o, Dağlıq Qarabağda və Ermənistanda sovet hökumətini bərpa etmək əvəzinə Bakıya qoşun yeritməzdi.

Yoldaşlar, Bakıda baş verən hadisələr əvvəlcədən düşünülüb hazırlanmış hadisələrdir, ermənilərin göstərişi və fitvası ilə hazırlanmışdır. General Yazov nə üçün səfərbərlik elan etdi? Məgər Bakıda alınmaz qala və ya təpədən-dırnağa qədər silahlanmış ordu vardı? Nə üçün general Yazov səfərbərliyi Rostov, Stavropol və Krasnodar vilayətlərində elan etdi? Sibirdə, Ukraynada edə bilməzdimi? Generallar və onların ağaları nə qədər gizlətsələr də, xoruzun quyruğu görünür. Onlar həmin vilayətlərdə məhz erməniləri səfərbərliyə aldılar, əsgər paltarı geyindirib Bakının üstünə göndərdilər və dinc əhalini vəhşicəsinə qırdırdılar. Bu, xalis genosid deyil, bəs nədir? Əsgər paltarlarında ermənilərin – başkəsənlərin əli ilə işlərini gördükdən sonra onlara təşəkkür edib dərhal evlərinə göndərdilər. Azərbaycan televiziyasını partlatsanız da, verilişləri qadağan etsəniz də, dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır. Mən təklif edirəm: Bakını ələ keçirib dinc əhalini qırmaqda “böyük sərkərdəlik” məharəti göstərdiyinə görə general Yazova marşal rütbəsi verilsin və “Qələbə” ordeni ilə təltif olunsun. Qoy bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr vermiş rus xalqı “öz oğlu” Yazovla da “fəxr etsin”.

Moskva mətbuatı və başqa kütləvi informasiya vasitələri yenə də yalan danışır. Bakı işğalçıları da cinayətlərinin izini itirmək üçün yalan və fırıldaqla məşğul olur. Ölənlərin sayını səksəndən yuxarı çıxartmırlar. Mənim əlimdə şəkillər var. Semaşko xəstəxanasındakı ölüxanada çəkilib. Qollarında nömrələri var – “312”, “332”. Bu, təkcə bir xəstəxanada, bir gündə ölənlərdir. İndi özünüz hesablayın, görün nə qədər adam qırılıb?! Bakıya qəsd edən generallar ölüləri gizlətməklə, gəmilərə doldurub Narginə və başqa yerlərə aparmaqla ikinci cinayət törədirlər. Gözü yaşlı valideynlərə, ölülərin ruhuna hörmətsizlik edirlər. Xalqı qırmaqla onun iradəsini sındırmaq cəhdi vəhşilikdir!

Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında qərar çıxarıldı ki, konstitusiyaya zidd olan, Qorbaçovun özbaşınalığı və diktatorluğu nəticəsində elan edilən fövqəladə vəziyyət dərhal götürülsün. Amma mərkəzi hökumət susur, sakitlik yaratmaq əvəzinə günün-günorta çağı dənizdə silahsız barjlara, paromlara, gəmilərə hərbi qayıqlardan, toplardan atəş açılır. Əhsən belə əməliyyat aparan admiralların başına!

Cənab Primakov, yanvarın 17-də Azərbaycanın ağsaqqal ziyalılarından bir qrupu sizin yanınıza gəldik. Əvvəlcə siz bizi çox nazla qəbul etdiniz. Özünüzü canişin Vorontsov-Daşkov kimi apardınız, kommunist kimi yox. Bizi dinləmək əvəzinə özünüzü çox yekəxana və laqeyd göstərib nağıl danışmağa başladınız. Buna dözməyən Bəxtiyar Vahabzadə sözunuzu ağzınızda qoydu. Biz – Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Şeyxülislam Allahşükür Paşazadə, Nurəddin Rzayev sizdən tələb etdik ki, qırğın törətməyin, günahsız qan axıtmayın, vecinizə almadınız. Moskvadakı qaçqın ermənilərin halından söhbət açdınız. Çünki siz də Qorbaçov kimi ermənilərin əlində oyuncaqsınız! Siz ölkəni idarə edən siyasi xadimlər yox, siyasi meyitlərsiniz! Ona görə ki, öz ağlınız, öz iradənizlə işləmirsiniz. Marqaret Tetçer göstəriş verir, Buş təsdiq edir, Roma Papası xeyir-dua söyləyir və siz – Qorbaçov dəstəsi onların göstərişlərini danışıqsız yerinə yetirirsiniz. Çünki siz milli və siyasi əqidəsinə xəyanət edən adamlarsınız! Hanı sizin vətəndaşlıq qürurunuz? Hanı sizin kommunist qürurunuz? Hanı sovet insanlarının qüruru? Onları siz ayaqlar altına saldınız! Siz Rusiyanı, sosialist dünyasını içəridən dağıdan simasızlarsınız! Sov İKP artıq öz simasını itirib. Don Kixot yel dəyirmanları ilə vuruşduğu kimi, o da öz xalqı ilə vuruşur. Artıq ona xalqın etimadı yoxdur. Ona görə də kütləvi şəkildə partiyadan çıxırlar. Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan KP MK üzvlüyünə namizədəm, Azərbaycan SSR Ali Sovetinin deputatıyam. SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə Kommunist (bolşeviklər) Partiyasına üzv olmuşam. İndi isə bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli SS partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm.

Tarix
2022.01.20 / 00:05
Müəllif
Kult.az
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video

Müharibə nə vaxt bitir, qalib kim olacaq? – Zirəddin

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Bu klinika ilk dəfə hicama tətbiq edir: faydası nədir? - Foto

Müqəddəs sayılan Valentin əslində kimdir? - Video

Putin heç vaxt SSRİ-ni bərpa etmək istədiyini deməyib - Rəhimov

Şuşanın bir addımlığında generalların məxfi müşavirəsi

Şamaxıda 4 min ev məhv oldu, 2 min sakin öldü - Foto

Qazimiz gecə yarısı zəng etdi, sevincdən ağladıq... - Xanım sədr

Vəkilovların 3 fərqli sistemdə yaşayan məşhur üzvü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla