"Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları
heykəltəraşlar Zakir Əhmədov və Sənan Cəfərovdur.
Sual: "Heykəltəraşlıqda satış sistemi necədir? Ən baha
qiymətə satılan əsəriniz hansıdır?"
Zakir Əhmədov "Koroğlu" heykəlini yüksək məbləğə
satdığını bildirdi:
"O vaxt incəsənətə böyük maraq var idi. Bütün fəsillər üçün
ayrıca sərgilər təşkil olunurdu. Bu sərgilərdə iştirak etmək çox
çətin məsələ idi. Çünki münsiflər heyəti çox tələbkar olurdu.
Sərgilənən əsərlərin əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən
alınırdı. Mən 1978-ci ildən başlayaraq demək olar ki, bütün
sərgilərdə iştirak etmişəm. Qiymətlər də çox əla olurdu. Yadıma
gəlir, "Koroğlu" heykəlimi o vaxt 3 min rubla almışdılar. Çox böyük
məbləğ idi. Bundan başqa, komissiya da yaradılmışdı ki, hər kəsin
əsəri satılsın. Təəssüf ki, son illərdə Azərbaycanda bir dənə də
sanballı sənət əsəri yaranmayıb. Halbuki həmin sənətkarlardır.
Bəzən bir əsərin üzərində bir il işləməli olurdun. İndi isə sifariş
verənlərin çoxunun sənətdən başı çıxmır. Heykəltəraşa rəngsaz,
malakeş kimi baxırlar. Bilmirəm səbəb nədir, amma sənət ölüb".
Sənan Cəfərov cəmi bir əsərini satdığını
dedi:
"Bizdə heykəltəraşlıqda standart satış qiyməti yoxdur. Hərənin
bir qiyməti var, hərə əsərinə bir qiymət qoyur. Satış xeyli
zəifləyib. Mən cəmi bir dəfə əsərimi satmışam. O da ki
razılaşdığımız kimi olmadı. Danışdığımız məbləğdən 150 manat
hansısa şərəfsizə verməyə məcbur oldum. Amma o adam dövlət
qanunlarını pozaraq məndən faiz götürüb. Halbuki buna səlahiyyəti
çatmırdı. Məcbur olub verdim, çünki min bir bəhanə ilə pulumu
gecikdirirdi. İndi satış belədir ki, qalereyaya standart bir əsər
aparırsan, onlar özü qiymət qoyur. 3 min manatlıq əsərə 700-800
manat qiymət deyir. Halbuki o əsərin hazırlanmasına elə 300 manat
xərcim çıxır. Əsər satılandan sonra qalereya deyir ki, 800-dən 150
manat bizimdir. Yəni həm satır, həm də faiz alır. Mənim əsərimi
görüb bəyənmişdilər, özləri dəvət etdilər qalereyaya. Mən də
tanınmış bir dostumla getdim, sağ olsun, onun köməkliyi ilə qiyməti
1200 manatda saxlaya bildim. Bir neçə aydan sonra əsərim satıldı.
Pulumu isə orada rəssamlığa aidiyyəti olmayan bir nəfər verməli
idi. Təəssüf ki, pulumdan 150 manat faiz tutdu".