Bu layihədə Azərbaycan musiqi sənətinə qızıl notlarla
yazılmış duetlərdən bəhs edəcəyik. Layihənin birinci dueti
Azərbaycan muğamı və klassik musiqisinin görkəmli ifaçıları Xan
Şuşinski, Şövkət Ələkbərova və Sara Qədimovanın birlikdə ifa etdiyi
"Qarabağ şikəstəsi"dir.
Moskva professorlarını
heyran edən Xan Şuşinski
1901-ci ildə Şuşada anadan olan Xan Şuşinski Qarabağ xanlığının
banisi Pənahəli Xanın nəslindəndir. Yox, onun Xan adlanmasına səbəb
bu deyildi. 16 yaşı olarkən bir məclisdə "Kürd-şahnaz" təsnifini
ifa edən balaca İsfəndiyar müəllimi tərəfindən dövrünün məşhur
sənətkarı Əbülhəsən Xanla müqayisə edilir və "Şuşalı Xan" - Xan
Şuşinski adını alır...
Xanın peşəkar muğam ifaçısı kimi formalaşmasında Cabbar
Qaryağdıoğlunun, Seyid Şuşinskinin böyük rolu var. "Qəmərim",
"Şuşanın dağları" kimi dillər əzbəri mahnıların müəllifi olan Xan
repertuarında bəstəkar mahnılarına da yer ayırıb. O, Üzeyir
Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olub.
Xanın səs diapazonu ilə bağlı çox maraqlı bir məlumat var:
1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup
musiqişünas – professor heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül
Xan Şuşinskidən onlar üçün "Mahur hindi" muğamını oxumağı xahiş
edir. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə dinlədikdən sonra
bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən, icazə istəyib,
Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur
ki, bunlar nə istəyir? Bülbül deyir: "Xan, bunlar elə bilirlər ki,
sən boğazında nə isə səsgücləndirici bir vasitə gizlətmisən, inana
bilmirlər ki, insanda bu qədər geniş diapazonlu səs ola bilər".
Müsabiqədə ulduzu parlayan qadın
Moskva musiqişünaslarını belə bir ağlasığmaz hərəkətə təhrik
edən böyük Xanın həmkarı, unudulmaz sənətkar Şövkət Ələkbərova da
SSRİ məkanında sevilirdi. 1922-ci ildə Bakıda anadan olan Şövkət
xanım iştirak etdiyi bir müsabiqədə Üzeyir Hacıbəyli, Səid
Rüstəmov, Bülbül kimi görkəmli sənətkarların diqqətini cəlb
edir.
Opera Teatrında keçirilən yekun konsertdə o, "Qarabağ
şikəstəsi"ni oxuyur, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla
birlikdə ilk üçlüyə daxil olur. Bu müsabiqə onun həyatında dönüş
nöqtəsi olur və Şövkət xanımın ulduzu parlayır. "Qarabağ şikəstəsi"
onu sonralar nəhəng simalarla – Xan Şuşinski və Sara Qədimova ilə
çiyin-çiyinə dayanmasına səbəb olur.
Azərbaycanlı əsgərlərin
doğma şəfqət bacısı
Azərbaycan SSRİ xalq artisti Sara Qədimova 1922-ci ildə Bakıda
anadan olsa da, əsli-kökü muğamın beşiyi olan Ağdamdandır. Üzeyir
Hacıbəyli ilə Səməd Vurğunun birgə işi olan və müğənninin cəbhədə
azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" o dövr
gəncliyinin ən sevilən mahnılarından idi. Qədimovanın müğənni kimi
yetişməsində Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi
sənətkarların rolu böyükdür.
Xan Şuşinskinin möhtəşəm Moskva manevri
Sara Qədimovanın Xan Şuşinski və Şövkət Ələkbərova ilə ifa
etdiyi "Qarabağ şikəstəsi"nin – bu qızıl üçlüyün oxuduğu duetin
tarixi çox maraqlıdır.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və
incəsənəti dekadasının bağlanış konsertində Xan Şuşinski Sara
Qədimova və Şövkət Ələkbərova ilə birgə "Qarabağ şikəstə"sini ifa
etməli idi. Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı
alətləri orkestri də ifanı müşayiət edəcəkdi. Ancaq konsertin
başlamasına az qalmış həmin ifa üçün ayrılmış vaxt
məhdudlaşdırılır. Səid Rüstəmov Xan Şuşinskidən qadın müğənnilərdən
birinin ixtisar edilməsini istəyir. Xan isə tərəf-müqabilləri
arasında seçimdən imtina edərək, "Şikəstə"nin ritmini bir qədər
tezləşdirib, arada bəzi çalğı hissələrinin ixtisar olunması
hesabına ifaçıların üçünün də oxumasını təklif edir. Səid Rüstəmov
təkliflə razılaşır. Xan Şuşinskinin verdiyi uğurlu təklif sayəsində
Azərbaycan tarixinə belə bir möhtəşəm sənət əsəri həkk olunur.
Vaqif Səmədoğlunun xatirəsi
Böyük Teatrın səhnə arxasında dayanıb bu çıxışı həyəcanla
izləyən xalq şairi Vaqif Səmədoğlu həmin anları belə
xatırlayır:
"Muğamın tempi tezləşdirilmişdi, Sara Qədimova və Şövkət
Ələkbərova hərəsi bir ağız "Şikəstə" ifa etdikdən sonra Xan səsini
ucaltdı və 3-cü oktavada açıq "mi" səsini götürəndə mənimlə yanaşı
dayanan, uzun illər Böyük Teatrın aparıcı solisti kimi fəaliyyət
göstərmiş SSRİ xalq artisti İvan Semyonoviç Kozlovski səsin
gücündən heyrətə gəlib, iki əli ilə başını tutdu və "Boje moy, nu i
qolos", – deyə qışqıraraq səhnə arxasında var-gəl etməyə
başladı".
Sovet İttifaqının ən zil səsli tenorunun Xan Şuşinskinin səsinə
bu cür heyrətamiz münasibət bildirməsi Vaqif Səmədoğlu ilə yanaşı
çıxışları səhnə arxasından həyəcanla izləyən nümayəndə heyətində də
böyük qürur oyatmışdı.
Zalda isə sürəkli alqışlar hələ də davam edirdi...