Yuxarı

Brilyant Akifə niyə əsəbiləşmişdi? – Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Brilyant Akifə niyə əsəbiləşmişdi? – Video

Axar.az-ın "Qızıl duetlər" layihəsinin üçüncü dueti Azərbaycanın klassik mahnılarının əvəzolunmaz ifaçısı, xanəndə Sara Qədimovanın oğlu Akif İslamzadə və xalq artisti Brilyant Dadaşovanın oxuduğu "Hər şey gözəldir həyatda" mahnısıdır.

Sara Qədimovanın iqtisadçı oğlu

"Qurban verərdim", "Ala gözlüm", "Sarı gəlin", "Bu gecə", "Hər şey gözəldir həyatda" kimi mahnılar Akif İslamzadənin adını Azərbaycanın musiqi tarixinə yazmağa kifayət edir. Müğənninin böyük sənətkarımız Sara Qədimovanın oğlu kimi dünyaya gəlməsi xoş bir təsadüfdür. İxtisasca iqtisadçı olan Akif İslamzadə musiqi fəaliyyətinə Rəşid Behbudov adına Mahnı Teatrında vokalist kimi başlayıb.

1976-cı ildən Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayan Akif İslamzadə 1992-93-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.

Erkən parlayan Brilyant

Səsi qayıtsa da, səhnəyə qayıtmaq istəməyən Akif İslamzadənin hazırkı səssizliyi də çox söz deyir. Onun xalq artisti Brilyant Dadaşova ilə 1986-cı ildə oxuduğu duet gənc müğənnilərin tez-tez müraciət etdiyi şah əsərdir.

Brilyant xanım da Məlik Dadaşov, Rafael Dadaşov kimi aktyorların yetişdiyi Dadaşovlar nəslindəndir. Anası – qarmon ifaçısı olan Qızxanım Dadaşova gənc yaşında avtomobil qəzasında vəfat edib. Brilyant Dadaşova musiqi kariyerasına 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. Cəmi iki il sonra 1985-ci ildə isə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında böyük səhnəyə gəlib.

O dönəm getdikcə parlayan Brilyant Dadaşova 1986-cı ildə bəlkə də yaradıcılığının ən uğurlu mahnısını ifa edir. Amma bu gözəlliyi tək yaratmır: Akif İslamzadənin unudulmaz səsi ilə həmahəng olaraq ölməz bir sənət əsəri ortaya qoyur. "Hər şey gözəldir həyatda" adlı bu mahnı Azərbaycanda o qədər məşhurlaşır ki, xanım Dadaşova eyniadlı albom çıxarır.

Bu uğurun ardınca müğənni 1987-ci ildə "Bayatılar" adlı mahnı ifa edir.

Dadaşovanı əsəbiləşdirən söz

Azərbaycanı Rusiya, Almaniya, İsveç, Avstriya, ABŞ, Böyük Britaniya və s. ölkələrdə təmsil edən Brilyant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu, bir il sonra "Züleyxa" adlı diski, 1998-ci ildə isə məşhur "Dərdimdən öləcəksən" albomu işıq üzü görür. Amma heç bir mahnısı və albomunun uğuru "Hər şey gözəldir həyatda" mahnısının uğurunu ötə bilmir. Bu mahnı bu gün də zövqlü Azərbaycan dinləyicisinin ən çox dinlədiyi, sevdiyi mahnıdır.

Mahnının bəstəkarı Cavanşir Quliyev belə bir gözəllik yaratsa da, həyatda hər şeyin heç də gözəl olmaması qənaətindədir. Mahnının yazıldığı illər gənclik illərinə təsadüf etdiyinə görə bəstəkar o vaxt hər şeyin adama gözəl göründüyünü deyir.

Brilyant Dadaşova isə həmin illəri xatırlayarkən vaxtı ilə Akif İslamzadənin ona verdiyi ləqəbdən danışır: "Xatırlayıram, o zamanlar Akif mənə ləqəb qoymuşdu. Mən o vaxt hər şeydən utanıb, ətrafda olanları görüb təəccüblənirdim deyə, o, mənə Xanım Ana deyirdi və düzünü deyim, inciyirdim. Bu addan sonra o mənə başa saldı ki, bu adda onun bir tanışı –ağbirçək qadın var imiş və o qadına hörmətlə yanaşırmış, çünki o qadın çox saf imiş. Bunu deyəndən sonra mən bu ləqəbi qəbul etdim və bir daha Akif mənə o cür müraciət edəndə əsəbiləşmirdim".

Bu günə çıxa bilibsə...

Akif İslamzadə ifa etdiyi mahnı haqqında bu fikirdədir ki, əgər bir mahnı zamanın süzgəcindən keçibsə, bu günümüzə gəlib çatıbsa, demək, yaxşı mahnıdır:

"Mahnının 30 illik tarixi var. Cavanşir Quliyev 1986-cı ildə "Hər şey gözəldir həyatda" adlı mahnını ərsəyə gətirdi və bizə oxumağı təklif etdi. Biz də Brilyant xanımla duet oxuduq, yaxşı da alındı. Bizdən sonra da bu mahnını oxuyurlar. Hansısa çatışan-çatışmayan cəhətləri var, bəstəkar bəyənir-bəyənmir, onu deyə bilmərəm, amma mənim münasibətim çox yaxşıdır. Oxusunlar, lap yaxşı. Bizim duetimiz 30 il bundan əvvəl yaranıb, vaxtın süzgəcindən keçib bu günə gəlib çıxa bilibsə, demək, yaxşı mahnıdır".

Zaman və baş verən proseslər bir çox şeyi dəyişsə də, ciddi sənət nümunələri dəyişməz olaraq qalır. Elə unudulmaz Akif İslamzadə və dəyərli Brilyant xanımın mədəniyyətimizə bağışladığı bu sənət əsəri kimi...

Tarix
2015.10.17 / 09:18
Müəllif
Nigar An
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla