"Biz və onlar"
layihəsi müxtəlif
millətlərin mədəniyyətini, dünyagörüşünü, mentalitet fərqlərini
ortaya qoyan layihədir. Bu layihədə üç müxtəlif ölkənin
nümayəndəsinə eyni sualları ünvanlamaqla onların mədəniyyəti və
tarixi ilə bağlı oxşar və fərqli cəhətləri öyrənmiş
oluruq.
Layihənin budəfəki qonaqları azərbaycanlı, mozambikli və
almandır.
Kamal Kamaloğlu
– 23 yaş, Sumqayıt Dövlət
Universiteti, Azərbaycan.
Simon Nqal – 23 yaş, Neyur Universiteti,
Mozambik.
Biatris Rinne – 30 yaş, Münhen Universiteti,
Almaniya.
– Ölkənin ən böyük
spesifikası (özünəməxsusluğu) nədir?
Kamal Kamaloğlu: - Neft.
Simon Nqal: Mozambikin çoxları bilməsə də,
böyük tarixi və mədəniyyəti var. 1975-ci ildən sonra bizim
mədəniyyət və müstəqilliyimiz inkişaf etməyə başlayıb. Ölkəmizin
əksəriyyəti qaradərililərdir. Amma bu o demək deyil ki, biz
tarixdən və mədəniyyətdən məhrumuq. Bir neçə cümlə ilə öz zəngin
tariximizi və özünəməxsusluğumuzu ifadə etməyə çətinlik
çəkirəm.
Biatris Rinne: Almaniya bütün dünyada
liberallığı, tolerantlığı, sənayesi və möhtəşəm tarixi ilə
özünəməxsus yer tutur.
– Hansı adətlərinizi
yararsız hesab edirsən?
Kamal Kamaloğlu: Yasdakı adətləri. Bəzi
nümayişkaranə toy adətlərini. Bütün ili acından ölsə belə, bayramda
borca girib süfrəni bol eləmə adətindən diksinirəm. Həddindən artıq
qonaqpərvərlik də yaxşı deyil.
Simon Nqal: Xalqımızın yararsız adətləri
olduqca çoxdur. Amma məncə, ən böyüyü valideynlərin övladlarının
gələcək həyat yoldaşlarını seçməsidir. Bizə seçim hüququ verilmir.
Müasir dövrdə bu, çox absurddur.
Biatris Rinne: Adət demək olar, yoxsa yox,
bilmirəm, amma bizim ən iyrənc adətimiz İkinci Dünya müharibəsindən
sonra bütün dünya ölkələri və Avropa önündə özümüzü günahkar hiss
etməyimizdir. Bu, özü adət halını almış bir nəsnədir. Almanlar
tezliklə bu yararsız adətdən can qurtarmalıdır. Biz heç kimə heç nə
borclu deyilik.
– Sənin ölkəni dünyada
tanıdan şəxsiyyət kim olub?
Kamal Kamaloğlu: Üzeyir Hacıbəyov.
Simon Nqal: Maşel Somara – bağımsız Mozambikin
ilk prezidenti.
Biatris Rinne: Zənnimcə, siyasi fiqur kimi
Angela Merkel bütün dünyada məşhurdur. Onunla yanaşı, XVI Benedikt
və Mihael Şumaxerin də adını çəkmək olar. Bu üç şəxs bütün dünyada
tanınır.
– Qadın zorakılığına qarşı
nə düşünürsən? Sənin ölkəndə belə hallara tez-tez rast
gəlinir?
Kamal Kamaloğlu: Qadın zorakılığı həm də
onların hüquqlarının tapdanmasıdır. Azərbaycanda Azərbaycan deyəndə
çoxu Bakı camaatından başqa yerdə qalanlarını bura aid etmir.
Unudurlar ki, hələ də məktəblərə qızlar 7 il oxuduqdan sonra
getmirlər. Ərə verilən, nişanlandırılan qızların orta yaş həddi
ölkədə qadın azadlığının təbliğini mütləqləşdirir. Mənim ölkəmdə
qadına seks obyekti kimi baxılır. Bu özü cinayət və
zorakılıqdır.
Simon Nqal: Əlbəttə ki, bizim ölkədə qadın
zorakılığından çox heç nəyə rast gələ bilməzsən. Mozambikdə bununla
tez-tez üz-üzə gəlirsən. Qadınları sevmək, onların qayğısına
qalmaq, əzizləmək lazımdır. Amma nə edəsən ki, hamı mənim kimi
düşünmür. Buna görə müəyyən qədər üzülürəm, ancaq əlimdən heç nə
gəlmir.
Biatris Rinne: Əlbəttə ki, qadın zorakılığına
dünyanın ən sivil və tolerant ölkələrində də rast gəlinir.
Almaniyada qadınlara qarşı zorakılıq tətbiq olunmur deyə bilmərəm,
amma dünya ölkələri ilə müqayisədə bizdə bu hal olduqca az baş
verir. Almanların böyük əksəriyyəti qadınlara böyük hörmətlə
yanaşır. Onu da qeyd edim ki, qadınlara qarşı zorakılıq iyrənc bir
şeydir.
– "Şərəf" sözü sənin üçün nə ifadə edir?
Kamal Kamaloğlu: "Layiqli" sözünü ifadə edir.
Sənə layiq olan bütün hərəkətlər və davranışlar şərəfini
formalaşdırır.
Simon Nqal: Şərəf çoxlarının məhrum olduğu
anlayışdır. İnkişaf etmiş ölkələrin məhrum olduğu bu hiss
Mozambikdə olduqca yüksək qiymətləndirilir. Ailə şərəfi, vətən
şərəfi, ana şərəfi. Şərəf insanın mövcudluğudur. Ondan məhrum olan
insan yaşamır, sürünür.
Biatris Rinne: Şərəf insanın həyatda sahib
olduğu ən ali dəyərdir. Bu sözün izahı olduqca çətindir. Ailənin
şərəfi dünyadakı ən böyük dəyər hesab olunmalıdır. Əks təqdirdə –
öz maraqlarını və arzularını ailə şərəfindən üstün tutan adam insan
hesab oluna bilməz.
– Ölkənin hazırki ən böyük problemi nədir?
Kamal Kamaloğlu: İşsizlik.
Simon Nqal: Ən böyük problemimiz yoxsulluqdur,
amma buna qarşı mübarizə aparırıq. Hər şey tezliklə olmasa da, bir
müddət sonra qaydasına düşəcək. Biz güclü xalqıq.
Biatris Rinne: Almaniyanın ən böyük problemi
ölkəyə gələn "zibillərdir". (miqrantları nəzərdə tutur. – red.)
Afrikadan, Suriyadan və digər problemli ölkələrdən Almaniyaya üz
tutan miqrantlar ölkəmin ən böyük problemidir. Bu alçaq qaçqınlara
görə bizim öz irsimiz təhlükə altında düşür. Bu problemin həlli
tezliklə tapılmalıdır. Əlbəttə, məni irqçi və ya faşist adlandıra
bilərsiniz, amma mənim tək arzum alman xalqının öz irqinə sahib
çıxmasıdır.