Axar.az-ın "Qızıl duetlər"
layihəsinindördüncüdueti Azərbaycanın klassik mahnılarının
əvəzolunmaz ifaçısı, xalq artisti Elmira Rəhimova və əməkdar artist
Yaşar Səfərovunoxuduğu "Səadət" mahnısıdır.
Klassik Azərbaycan musiqisinin bənzərsiz ifaçılarından olan
Elmira Rəhimova 1941-ci il avqustun 13-də Bakı şəhərində anadan
olub. Azərbaycan Dillər Universitetini bitirdikdən sonra musiqiyə
olan sevgisindən bu sahədə də təhsil almaq istəyən Elmira xanım
Bakı Musiqi Texnikumuna qəbul olur. "Səadət", "Tələbə", "Sən yadıma
düşəndə", "Mavidir", "Sənin nəğmən" kimi mahnıları həlim səsi ilə
dinləyiciyə sevdirən Elmira Rəhimova bu gün həm klassik, həm də
müasirdir.
1956-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan
Teleradio Verilişləri Şirkətinin solisti olan Elmira xanım həmin
illərdə daha çox hind mahnılarının ifaçısı kimi şöhrət tapmışdı. O,
Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə
(1957-59, 1961) Hindistana gedib, hind mahnı və rəqslərini
öyrənib.
Bir müddət Hindistanda yaşayan müğənninin açıq havada oxuduğu
Qənbər Hüseynlinin "Cücələrim" mahnısı sürəkli alqışlarla
qarşılanır. 30 minlik tamaşaçı mahnını xorla oxuyur və müğənnidən
həmin mahnını yenidən ifa etməsini istəyir. Elmira xanım
Hindistanla bağlı tarixi günləri belə xatırlayır:
"Hindistanın prezidenti Cavahirləl Nehru baş nazir olarkən
Bakıya gəlmişdi. Mən də Bakıdakı 18 nömrəli şəhər məktəbinin rus
bölməsində təhsil alırdım, onda doqquzuncu sinif şagirdi idim.
Ölkəmizə gəlmiş qonağın şərəfinə verilən konsertdə mən də çıxış
etdim. İki mahnı öz dilimizdə, bir mahnı da hind dilində oxudum.
İfam hindistanlı qonağın çox xoşuna gəlmişdi. O, öz ölkəsinə
qayıtdıqdan sonra, tezliklə ölkə başçısı seçildi və məni
Hindistanın ən məşhur ali akademiyası sayılan, Şantiniketan
şəhərində yerləşən Rabindranat Taqor Universitetində təhsil almağa
dəvət etdi".
Elmira Rəhimova dünyanın 60-dan çox ölkəsində konsert
proqramları ilə çıxış edib və ölkəmizi təmsil edib.
Əməkdar artist Yaşar Səfərov
Mərhum sənətkar, əməkdar artist Yaşar Səfərov da Azərbaycan
musiqisində mühüm yer tutan ifaçılardandır. 1940-cı ildə Naxçıvanın
Şahbuz rayonunda anadan olan Yaşar Səfərov Asəf Zeynallı adına
musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və
İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini
bitirib. Sonralar uzun müddət Azərbaycan Dövlət Radio və Televiziya
Verilişləri Şirkətinin solisti olub.
Kuba, Danimarka, Avstriya, Macarıstan, Türkiyə kimi ölkələrə
qastrol səfərlərinə gedib ölkəsini təmsil edən Yaşar Səfərov bir
neçə mahnı və romansın ilk ifaçısıdır. Müğənni 1974-cü ildə milli
mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MR-nın
əməkdar artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının
əməkdar artisti fəxri adlarına layiq görülüb. F.Əmirov adına
Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər
qarşısında tez-tez çıxışlar edən Yaşar Səfərov eyni zamanda
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji
fəaliyyətlə məşğul olub.
Elmira Rəhimova və Yaşar Səfərov cütlüyü birlikdə bir neçə duet
oxusa da, ən yaddaqalanı və bu gün də seviləni "Səadət" mahnısıdır.
Elmira Rəhimova özü həmin duet haqqında belə danışır: "Azərbaycanda
duet oxumağın əsas təməlini Yaşar Səfərovla biz qoymuşuq. Doğrudur,
50-60 il bundan əvvəl Xan əmi ilə Şövkət Ələkbərova "Keçən il
gördüm səni" misrası ilə başlayan xalq mahnısını duet şəklində
oxuyub. Amma onlardan sonra bizə qədər heç kəs müasir duet
oxumayıb. Professional bəstəkar duetlərini Yaşarla mən ifa
etmişik".
Ramiz Mirişlinin Elmira xanımdan istəyi
"Səadət" mahnısının bəstəkarı Ramiz Mirişli Elmira xanımın səs
tembrini çox bəyənib və onu daim fitri istedadlı bir müğənni kimi
qiymətləndirib. Elə buna görə də yazdığı mahnıların əksəriyyətini
Elmira xanımın oxumasını istəyirmiş:
"Mən Elmira xanımla 1963-cü ildən əməkdaşlığa başlamışam. O vaxt
orta məktəbin buraxılış sinfində oxuyanlar üçün televiziyada
müsabiqə elan etmişdilər. Mən də o müsabiqəyə qatılıb bir duet
yazdım. Adı belə idi: "Günəşi gözləyirik". Elmira xanımla rəhmətlik
Yaşar Səfərov oxudu həmin dueti. O vaxtdan Elmira xanımla
dostluğumuz başladı. Mən hələ neçə il əvvəl demişəm ki, Elmira
xanım fitri istedada malik bir insandır, çox səmimidir, dosta,
qohuma çox qayğı ilə yanaşandı... Onun səs tembri çox gözəldir.
Bəzi müğənnilər olur ki, səsləri gur olur, yüksək olur, amma
şirinlik, məlahət olmur. Elmira xanımın səs palitrasında bir
gözəllik var, diapazonu da çox genişdi, yəni istənilən mahnının həm
zilini oxuya bilir, həm də bəmini.
Mən Elmira xanımın səsi üçün otuza qədər mahnı yazmışam. Həm
"Sahilsiz gecə" filmində oxuyub, həm bir çox pyeslərə musiqi
yazmışam, onları ifa eləyib, neçə dənə duetimi Yaşar Səfərovla
oxuyub".
"Səadət" mahnısını gənc ifaçılar da solo və ya duet şəklində ifa
edir, amma Elmira Rəhimova ilə Yaşar Səfərovun səsinin bu mahnıya
vurduğu möhürü hələ ki heç bir səs unutdurmaq gücündə deyil.