Axar.az-ın "Qızıl duetlər" layihəsinin onuncu dueti
böyük sənətkarların – Xan Şuşinski, Yaqub Məmmədov və Sara
Qədimovanın birgə ifa etdiyi "Qarabağ şikəstəsi"
triosudur.
Bənzərsiz səs sahibi Xan Şuşinski 1901-ci il avqustun 20-i Şuşa
şəhərində anadan olub. Onun bir xanəndə kimi yetişməsində Cabbar
Qaryağdıoğlu və Seyid Şuşinskinin böyük təsiri olub.
Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar"
muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi
muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer
tutur.
Onun tələbəsi, digər korifey sənətkarımız Sara Qədimova da istər
ifa etdiyi mahnılara, istərsə də gözəl səsinə görə sevilir. Sara
Qədimova ustadı Xan Şuşinski haqda xatirələrində onun necə böyük
sənətkar və insan olduğunu bu cümlələrlə bildirmişdi:
"Xan Şuşinskinin böyüklüyü haqda danışmağa ehtiyac yoxdur. Biz
onunla İran, Özbəkistan və başqa ölkələrdə olmuşuq. Bir dəfə
Filarmoniyadan çıxıb harasa gedirdik. Tələbələr, müəllimlər də bizə
baxırdılar. Birdən Xan mənə dedi ki, Sarış, onlar sənə baxmağa
çıxıblar, ya məni izləyirlər? Mən də cavab verdim ki, Xan, sən
yaraşıqlısan, əlbəttə, sənə baxırlar. O da qayıtdı ki, yox, sənə
görə çıxıblar, Sarış. Həmişə mənə Sarış deyə xitab edərdi".
Duetin digər nümayəndəsi isə görkəmli xanəndə Yaqub Məmmədovdur.
O, 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağda
boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini
Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.
Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik
sənətinin sirlərini öyrənib, musiqi və poeziya sahəsində dərin
biliklər qazanıb.
Sənətkar uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist
olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammofon vallarına
yazılmış muğam dəsgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.
Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz
ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda,
yeni gələn nəsil onun yaradıcılığından bəhrələnib.