Axar.az-ın "Duel"
layihəsində iki ədəbiyyat adamı bir-birindən xəbərsiz olaraq
həmkarının yaradıcılığı haqda danışacaq.
Layihənin ilk qonaqları yazıçılar – Qan Turalı və Alpay
Azərdir.
Alpay Azər yazıçı Qan Turalının yaradıcılığı haqda
fikirlərini bölüşüb:
"Qan Turalının "Mustafa" romanını, məqalələrini və son çıxan
hekayələr kitabını oxuyandan sonra bunları deyə bilərəm:
Mübaliğəsiz, Qan Turalı müasir Azərbaycan ədəbiyyatında yeri olan
yazardır. Qan Turalı birinci mənim üçün ədəbiyyat esseistidir,
sonra nasirdir. Onun Azərbaycan şairləri, yazıçıları ilə bağlı
yazdıqları qısa məqalələrdə problemə həm zaman kontekstindən
yanaşması, həm də həqiqəti üzə çıxarmaq yanğısı (əcaib səslənsə
belə, "diaqnostik yanaşma cəhdi" də deyərdim buna) onun yazılarını
dəyərli edir.
Bədii mətnlərə gəldikdə isə spesifik obrazlar, əsas da
intellektual gənclərin həyatın fəlsəfi qatlarına baş vurması, sevgi
məsələlərinin intellektual səviyyədə müzakirəsi maraqlıdır. Amma
bəzi hekayələrdə bu məsələlər bir az süni alınır, bəlkə də müəllif
mətnin strukturunu unudur və sonda, bir növ, ölçü hissini itirir.
Mən 1991-1994-də BDU-da tələbə olanda, siyasi romantizm ovqatında
olan tələbələr az deyildi. Bu cür tələbələrin hekayə və roman
qəhrəmanlarına çevrilməsinin özü elə yaxşı cəhddir. Elə bilirəm,
Qan Turalı bu səpkidə maraqlı bədii mətnlər yazmağa davam
edəcək".
Qan Turalı da öz növbəsində Alpay Azərin yaradıcılığı
haqda danışıb:
"Alpayın hekayələrini həmişə oxuyuram. Bir xeyli hekayəsi də
bizdə çap olunub. Mən Alpayı oxumağı sevirəm. Çünki Alpay gözdən
uzaqda qalan mövzuları yazır. Alpay qədər cəmiyyətin müxtəlif
qatlarına nüfuz edən başqa bir yazıçı tanımıram. O, əsasən
hekayələr yazır. Bu hekayələr mövzuca çox rəngarəngdir. Asanlıqla
oxunur. Bəzən necə başlayıb, necə bitdiyini belə hiss etmirsən. Bu,
böyük üstünlükdür. Lakin məncə, Alpay hekayənin nüvəsini, ideyasını
da diqqətdən qaçırtmamalıdır. Çünki onun bəzi hekayələrində
hekayənin nəqli bizi öz aləminə aparsa da, ideyalar aləminə gedib
çata bilmirik. Yazıçı üçün birqatlı mətn qurulması təhlükəlidir.
Alpayın ədəbiyyat sevgisi isə başqa bir hekayənin mövzusudur".