"İnsan taleyi" layihəsində
Soyuq iliyimə qədər işləyib. Gözlədiyim adam hələ də
görünmür, heç telefonuna da zəng çatmır. Metro ilə gəlmişəm deyə,
şəhərin zəhlətökən tıxacı məni ləngitməyib. Bəs o niyə gecikir,
telefonuna niyə zəng çatmır?
Özümü yaxınlıqdakı kafeyə verirəm. İçəri siqaret dumanında
"boğulur". Divarlara sərilmiş, tavan boyu yayxanmış siqaret tüstüsü
yazağzı kəndimizin dumana büründüyü kimi görünür mənə. İçəridəki
qoxu ürəkaçan deyil. Masa arxasında oturanların qarşısında çay da
məyusdur, buğlanmır. Hiss edirəm ki, çayxorlar, əslində, soyuqdan
gizlənmək üçün özlərini bura verib. Elə mənim kimi...
Yer tapıb otururam. Qarşı stolda səliqəsiz biri var. Üzünü tük
basıb. Qalın, boğazlı köynəyinin çirki adama gəlir. Üzümü yana
çevirirəm. Hiss edirəm ki, bu dəfə o məni süzür. Görünür, mən də
onun üçün diqqətçəkənəm. Bütün stolların arxasında oturanlar söhbət
edir. Tanışdırlar. Mən və qarşı stoldakı adam isə həmsöhbət tapa
bilmirik. Mənim işim aydındır, gözlədiyim adam var, bəs bu yazıq
niyə təkdir? Sualıma özüm də cavab verirəm: Bu adam atılıb,
təklənib, kimsəsizdir, niyə tək oturmasın ki?
Özümə çay süzürəm. Çirkli adam ayağa qalxır, boynu qısıqdır, bir
az yaxın gəlir:
- Çayın onsuz da tünddür, bir stəkan mən də götürüm, deyərəm,
üstünə dağ suyu alarlar, - deyir və icazə gözləmədən özünə çay
süzür. Mənimlə üz-üzə oturur.
İkinci dəfə stəkanına çay süzdükdən sonra xidmətçi oğlanı
çağırır:
- Bəri dur, görüm, bu çay çox tünddür, üstünə qaynar su al
gətir.
Çayçı oğlan başını yelləyə-yelləyə mənə baxdı:
- Ağsaqqal, oturmağa adam tapdın?
Sonra da çaydanı götürüb apardı. Qaytarıb gətirdikdə isə çirkli
kişinin baldırına dizi ilə vurdu:
- Axırıncı dəfə olsun, müştəriləri iyrəndirirsən!
- Get burdan, avaranın biri, - bunu isə çirkli dedi.
Və başladı danışmağa:
- Bunlara fikir vermə, məndən qorxurlar, bilirlər ki, adam
yanında, iş başında onlara toxunmaram. Yoxsa belə baş-ayaq
atmazlar.
Sonra adımı soruşdu, könülsüz dedim. Siqaret istədi. Verdim.
Saata baxdım, bu niyə gəlmədi axı? - fikirləşdim.
- Görürəm, narahatsan, çox fikir eləmə. Dollar çıxardanın allah
evini yıxsın, sənin kimi qardaşlar qaldı pis günə. Heç demirsən
mənim adım nədir? Deyim də, bil. Adım Şərifdir, özüm də qaçqınam,
Laçından.
- Nə? Laçından? Şərif? Bu ki laçınlı tanınmış şairin adıdır.
Dostumdur.
- Laçında hamı məni tanıyır. Lap elə dediyin o şair də tanımamış
olmaz, çünki mən də şairəm. Tamadalıq etmişəm. Çox işlər
görmüşəm.
Şərifin dedikləri həqiqət də ola bilərdi. Vaxtı öldürmək lazım
idi. Laçınlı dostlarımı, tanışlarımı soruşdum, heç birini
tanımadı:
- Onlardan məni soruş, tanıyacaqlar, - dedi. Stolun üstündəki
siqareti halal malı kimi yenə də götürdü. Özünə çay süzdü. Mənə də
təklif etdi, razı olmadım.
- Hə Şərif, danış görüm, indi hansı işin qulpundan
yapışıbsan.
- Nə iş, iş var? Uşaqlar yerbəyer olub, oğlanlar arvad alıb,
qızlar da köçüb. Tək qalmışam. Yataqxanada qalıram. Günümü
buralarda keçirirəm. Pensiyaçıyam.
- Bəs arvad?
- Arvad balaca gədəynən qalır. Mən tək oluram. Asudəyəm...
Şərifin üst-başından kimsəsizlik yağdığını təkrar etməyəcəm.
Yuxarıda bəhs etmişəm. Zahiri heç xoşagələn deyil, daxilini
yoxlayım bir, fikirləşdim:
- Necə yəni asudəyəm, neçə il bir yastığa baş qoyduğun arvadı
atıbsan, gəlin ümidinə qoyubsan, özün çayxanalarda avaralanırsan,
bax bu olmadı..
- Mən avaralanmıram, həyatımın qalan hissəsini mənalı yaşamaq
istəyirəm.
- Necə mənalı, mən sənin durumunda heç bir məna görmürəm. Özün
də deyirsən ki, şairəm, tamadayam, nə bilim, nəyəm...
Dediklərim Şərifin xoşuna gəlmədi. Əlinin arxası ilə burnunu,
ağzını, dodaqlarını sildi. Qulaqlarını ovxaladı, ətrafa baxdı.
Sonra boğazlı köynəyinin boyunluğunu tumarladı.
- Mən bu yataqxanadan çıxa bilmərəm, gözləyirəm, buradan
çıxardıqda mənə ev versinlər. Arvad da mənimlə yaşamaq istəmir,
nəvəmizə baxır. Mən dəli zadam ki, buranı təhvil verəm?
Hə, dəli deyildi. Amma heç ağıllı adama da oxşamırdı.
- Şərif, birdən gəlib səni toya dəvət etsələr, gəl tamadalıq et,
desələr, neçəyə gedərsən?
- Heç neçəyə. Mən sənəti qurban verdim yurduma, dağıma,
el-obama. Laçın geri qaytarılmayınca nə şeir yazacam, nə toylarda
söz deyəcəm. Mən həsrəti dilə gətirib özümü yüngül edib, dərdimi
ucuz tutmayacam, mən dərdi içimdə yatıracam ki, daha ağır
olsun.
Şərif heç də göründüyü kimi deyilmiş. Kişinin məqsədi var, para
qazanmaq istəyir.
- Nəyimiz var qaldı. İndi üstündən neçə il keçib. Yaxşı kişi,
mərd kişi təzədən hər şeyini bərpa etməli idi. Mənim kimilər hər
Novruz bayramını yurdumuzda keçirəcəyik, - deyənlərə inandıq. Hər
günlərini bayram kimi keçirənlər isə deyilənlərə məhəl qoymadı,
oğurluq, doğruluq ev-eşik, mal-mülk sahibi oldular. Gör neçə il
keçib eee! Biz hələ də sabah yox, birisi gün Laçına dönəcəyik, -
deyib durduq... Axırımız da belə, - deyib üst başına, boyun
boğazına əl çəkdi.
Şərifin dərdi açılmışdı. Dil boğaza qoymadı. Səsi bir az da
yüksəldi:
- Sən bax, bayaqdan üç-dörd dəfə saata baxırsan. Həm qolundakı,
həm də telefonundakı saata baxırsan, hər ikisi də sənindir. Amma
hansınasa etibar etmirsən, hansısa sənə görə dala qalır, düzdü?
İnanmırsan da... yoxsa elə birinə baxardın da, düz demirəm, -
sualını verdi, stəkanı kənarı didik-didik olmuş dodaqlarına apardı,
soyumuş çayını içdi, yenidən özünə çay süzdü, üzümə baxdı, - düz
demirəm?
Başqa çarəm yox idi, təsdiq etdim:
- Hə, düz deyirsən, adam var gəlməlidir, gecikir, dedim görüm
bəlkə, saatım qabağa qaçıb.
- Bax, o adam da nanəcibdir, bağışla ha, sənin qardaşın, oğlun,
dostun olar, xətrinə dəyməsin, amma səni bu zəlo-zəlo da
neynəyir?
Sualına özü cavab verdi:
- Gözlədir. Vaxtında gəlmir. Heç nə vaxtında olmur. Mən də gərək
hər şeyi vaxtında edəydim. Kitabım da çıxardı, bonumda qalstuk
gəzərdim idarələri, cibimə pul basardılar ki, şair gəlib. Etmədim,
çünki mən dərdimi danışa bilmirəm, dərdimi yaza bilmirəm, toylara
gedirəm, ağlamaq tutur məni. Məni ovundururdular, çox içmisən, -
deyib alnıma üzümə su vururdular. Mən isə heç vaxt piyan olmurdum,
bilirsən niyə? Ona görə ki, havalı adama piyanlıq yaraşmaz.
İnanmazsan, burda elə adamlarla tanış oldum, iki dənə qotur keçimi
onlara "doveryat" (etibar) eləmərəm, amma buxaqlarından zənənə iyi
gəlir, paltarlarına baxıram, ağıllarına baxıram, deyirəm, ay dünya,
sənin içini belə-belə eləsinlər.
Ətrafdakı adamlar Şərifin söyüşünə döndü, başlarını buladılar.
Ürəkli olanlar məni qınadı:
- Yekə kişisən, səhər-səhər onu az içirt də, görmürsən piyan
olub danışığına fikir vermir? Belə cayıl oğlansan, çıxart cibinə
5-10 manat pul qoy, evinə nəsə alsın da...
Şərif səsə tərəf döndü və mənə baxdı:
- Vot, görürsən də... bunların ağlına keçi qığlasın, görürsən
də...
Ayağa durdu çayçını səslədi:
- Müəllimdən bir çaynikin pulunu alarsan ha...