Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqların fiaskosuna görə üzr istəməlidir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Ukraynadakı müharibə ilə bağlı mövqeyini son dərəcə aydın ifadə edib:
“O, hesab edir ki, bu müharibə başlamamalı idi. O, hesab edir ki - mən də razıyam - əgər o, prezident olsaydı, heç vaxt müharibə başlamazdı. İndi biz buradayıq. O, bu münaqişəyə son qoymağa çalışır. Biz planımızın nədən ibarət olduğunu çox aydın şəkildə izah etdik: rusları danışıqlar masasına oturtmaq istəyirik. Biz sülhün mümkün olub-olmadığını öyrənmək istəyirik. Bunu onlar başa düşürlər. Onlar həmçinin başa düşürlər ki, bu gün imzalanmalı olan bu müqavilə (Ukraynanın faydalı qazıntılarının işlənməsi ilə bağlı ABŞ-la saziş – red.) Amerikanı Ukrayna ilə iqtisadi cəhətdən bağlayan bir razılaşma olmalı idi, mənim izah etdiyim və bu gün prezidentin qeyd etdiyi kimi, təhlükəsizliyin təminatıdır, çünki biz prosesdə iştirak edirik, yəni indi bu bizik, bunlar bizim maraqlarımızdır”.
Onun sözlərinə görə, bütün bunlar Ukrayna tərəfinə izah edilib:
“Lakin son 10 gün ərzində ukraynalılarla hər ünsiyyətdə Prezident Zelenskinin ictimai bəyanatları da daxil olmaqla, bu nöqteyi-nəzəri çatdırmaqda çətinliklər yarandı. Amma onlar Vaşinqtona gəlməkdə israr etdilər.
Bu müqavilə beş gün əvvəl imzalana bilərdi, lakin onlar Vaşinqtona gəlməkdə israr etdilər və çox aydın bir anlayış var idi: Buraya gəlməyin və diplomatiyanın necə işləmədiyi barədə bizə mühazirə oxumağa başladığınız bir ssenari yaratmayın!
Prezident Zelenski məsələləri bu istiqamətdə apardı və nəticədə hər şey proqnozlaşdırılan nəticə ilə başa çatdı. Bu, təəssüf doğurur. Bunun belə olması lazım deyildi, lakin bu, onun seçdiyi yoldur və məncə, açığını desəm, o, ölkəsini sülhə nail olmaq baxımından geri qaytardı, Prezident Trampın son nəticədə istədiyi budur – müharibənin dayandırılması”.
ABŞ dövlət katibinin vurğulayıb ki, Vladimir Zelenski bu işi fiaskoya çevirdiyinə görə üzr istəməlidir:
“Zelenski ora (Ağ Evə - red.) gedib, düşmənçilik etməli deyildi. Situasiya Zelenskinin “İcazə verin, sizdən soruşum, vitse-prezident, siz hansı diplomatiyadan danışırsınız?” sözləri ilə nəzarətdən çıxdı. Bu, bu ciddi bir məsələdir. Demək istədiyim odur ki, minlərlə insan - minlərlə insan həlak olub və o, bütün bu dəhşətli hadisələrdən, müharibə əsirlərinin və uşaqların başına gələnlərdən danışır. Bütün bunlar doğrudur, bütün bunlar pisdir. Bizim məşğul olduğumuz məsələ də budur. Bunu dayandırmaq lazımdır. Biz buna son qoymağa çalışırıq. Buna son qoymağın yeganə yolu Rusiyanı danışıqlar masasına oturtmaqdır və o, bunu başa düşür”.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinə hücum etmək yolverilməzdir:
“Kimsə şəxsən ona qarşı hansı hissi bəsləməsindən asılı olmayaraq, prezidenti (Trampı) Putinə hücum etməyə sövq etmək, onu ittiham etmək, Rusiyanın yenidənqurma üçün pul ödəməsi barədə maksimalist tələblər irəli sürmək olmaz.
Axı, siz bu barədə aqressiv danışmağa başlayanda – və prezident (Tramp) sövdələşmələr aparan şəxsdir, o, bütün həyatı boyu sövdələşmələr edib – insanları masaya gətirə bilməyəcəksiniz. İndi adam düşünməyə başlayır ki, bəlkə Zelenski sülh sazişi istəmir? O, sülh istədiyini deyir – amma bəlkə də istəmir? Sülh səylərinə açıq şəkildə xələl gətirən bu hərəkət bu günə qədər sülhlə əlaqəli olanların hamısını dərindən kədərləndirir. Və məncə, Zelenski üzr istəməlidir”.