Hazırda Ağ Evdə baş tutan görüşdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Vens arasında mübahisə yaşanır.
Axar.az xəbər verir ki, bununla bağlı görüntüləri Ukrayna mediası yayıb.
Dialoqdan bəzi hissələr:
Tramp: Əgər mən özümü Putin və Zelenski ilə uzlaşdırmasam, atəşkəs əldə edə bilmərəm. Siz istəyirsiniz ki, mən Putinlə bağlı çox dəhşətli şeylər deyim, sonra da “salam Vladimir, razılaşma ilə bağlı neynəyirik” deyim? Bu, belə işləmir. Mən özümü Putinlə uzlaşdırmıram, mən heç kimlə uzlaşmıram, mən ABŞ və dünyanın yaxşılığına uzlaşıram. Mən müharibənin bitməsini istəyirəm. Siz jurnalistlər Putinə nifrəti görürsünüz və bu, mənə razılaşma əldə etməyi çətinləşdirir. Onun nəhəng nifrəti var. Mən bunu başa düşürəm, lakin digər tərəf də Zelenksiyə qarşı sevgi içərisində deyil. Siz uzlaşma ilə bağlı sual verdiniz - mən dünya ilə, Avropa ilə özümü uzlaşdırıram. Mən görmək istəyirəm ki, biz bunu həll edə bilərikmi? Siz mənim sərt olmağımı istəyirsiniz. Mən istənilən insanla sərt ola bilərəm, siz bunu görmüsünüz. Amma sən bu yolla razılaşma əldə edə bilməzsən.
Vens: Mən buna cavab vermək istəyirəm. Baxın, ABŞ-ın dörd il müddətinə mətbuat konfransı keçirərək Putin haqqında sərt danışan prezidenti var idi, daha sonra isə Putin Ukraynanı işğal etdi və ölkənin böyük hissəsini dağıtdı. Sülhə və firavanlığa yol ola bilsin ki, diplomatiyada iştirakdır. Biz Co Baydenin yolunu yoxladıq, sinəmizə vuraraq özümüzü elə apardıq ki, ABŞ prezidentinin sözləri onun əməllərindən daha vacibdir. ABŞ-ı yaxşı ölkə edən onun diplomatiyada iştirakıdır və Prezident Tramp da bunu edir.
Zelenski: Mən cavab verə bilərəmmi?
Vens: Əlbəttə.
Zelenski: Vladimir Putin 2014-də bizim böyük hissəmizi, Ukraynanın böyük hissəsini, Şərq hissəsini, Krımı işğal etdi. Uzun illər ərzində - mən sadəcə Bayden haqqında danışmıram – Prezident Obama, daha sonra Prezident Tramp, daha sonra Prezident Bayden, indi isə yenə Prezident Tramp – Allaha şükür ki, indi Tramp onu dayandıracaq… - 2014-də heç kim onu dayandırmadı. O, sadəcə işğal etdi və ələ keçirdi. Bilirsiniz təmas xəttində...
Tramp: 2015-ci il?
Zelenski: 2014.
Tramp: 2014. Onda mən burada (Ağ Evdə) deyildim.
Zelenksi: Bəli, lakin 2014-dən 2022-ci ilədək vəziyyət eyni qaldı. Təmas xəttində insanlar öldülər. Heç kim onu dayandırmadı. Bilirsinizmi ki, bizim onunla danışıqlarımız var idi. İkitrəfli danışıqlar. Və mən 2019-cu ildə yeni prezident olaraq Merkel və Makronla birlikdə atəşkəs imzaladım. Atəşkəs. Biz onunla qaz sazişi imzaladıq. Lakin bundan sonra o, atəşkəsi pozdu, o, bizim insanlarımızı öldürdü və əsirləri mübadilə etmədi. Biz əsirlərin mübadiləsini imzaladıq. Lakin o buna əməl etmədi. Vens, siz nə cür bir diplomatiyadan danışırsınız? Siz nə demək istəyirsiniz?
Vens: Mən o cür bir dipomatiyadan danışıram ki, o sizin ölkənizin dağıdılmasına son verəcək.
Zelenski: Bəli, lakin...
Vens: Cənab Prezident! Düşünürəm ki, sizin Oval ofisə gəlib, bunu Amerika mediasının qarşısında mühakimə etməyiniz hörmətsizlikdir. Sizlər indi ətrafda gəzərək çağırışçıları cəbhəyə məcbur edirsiniz, çünki sizin əsgər çatışmazlığınız var. Siz ABŞ prezidentinə bu münaqişəni sona çatdırmağa çalışdığına görə minnətdar olmalısınız.
Zelenksi: Siz nə vaxtsa Ukrayanda olmusunuzmu ki, bizim hansı problemlərimiz olduğundan danışırsınız?
Vens: Mən izləmişəm, nə baş verdiyini bilirəm. Siz razı deyilsinizmi ki, insanları orduya cəlb etməkdə problemləriniz var?
Zelenksi: Mən cavab verəcəyəm...
Vens: Oval ofisə gələrək sizin ölkənizin dağılmasının qarşısını almağa çalışan administrasiyaya hücum etməyiniz hörmətsizlikdir.
Zelenski: Çox sual verdiniz. Gəlin lap əvvəldən başlayaq.
Vens: Əlbəttə.
Zelenski: Birincisi, müharibə dövründə hər kəsin problemləri olur. Hətta sizin də. Lakin sizin yaxşı okeanınız var. Siz hələ hiss etmirsiniz, lakin bunu gələcəkdə hiss edəcəksiniz. Allah qorusun…
Tramp: Siz bunu bilə bilməzsiniz. Bizə gələcəkdə nə hiss edəcəyimizi deməyin. Biz problemi həll etməyə çalışırıq. Bizə nə hiss edəcəyimizi deməyin.
Zelenski: Mən Vensin suallarına cavab verirəm.
Tramp: Çünki bizə diktə edəcək mövqedə deyilsiniz. Siz bizə nə hiss edəcəyimizi diktə edəcək mövqedə deyilsiniz. Biz özümüzü çox yaxşı hiss edəcəyik. Ya bu sazişi imzalayacaqsınız, ya da biz gedəcəyik.
Zelenksi: Mən sizin müharibənin təsirini hiss edəcəyinizi deyirəm.
Tramp: Biz özümüzü çox yaxşı, çox güclü hiss edəcəyik. Siz indi yaxşı mövqedə deyilsiniz. Siz özünüzün çox pis mövqeyə düşməyinizə imkan vermisiniz. Mövqeyiniz yaxşı deyil. Sizin hazırda kartlarınız yoxdur.
Zelenski: Mən kart oynamıram.
Tramp: Siz kart oynayırsınız. Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz Üçüncü Dünya müharibəsi ilə qumar oynayırsınız və bizim ölkəmizə çox hörmətsizlik edirsiniz.
Zelenski: Mən hörmət edirəm…
Vens: Siz bir dəfə də olsun təşəkkür etmisinizmi?
Zelenksi: Dəfələrlə.
Vens: Əgər siz oktyabr ayında Pensilvaniyaya getmisinizsə və qarşı tərəf üçün kampaniya aparmısınızsa, Amerika Birləşmiş Ştatlarına və ölkənizi xilas etməyə çalışan prezidentə bir neçə minnətdarlıq sözü deyin.
Zelenksi: Əgər düşünürsünüsə ki, müharibə haqqında yüksək səslə danışaraq…
Tramp: O, yüksək səslə danışmır.
Zelenksi: Olarmı cavab verim?
Tramp: Yox, siz çox danışdınız. Sizin ölkəniz çox çətin vəziyyətdədir.
Zelenski: Mən bilirəm.
Tramp: Siz qalib gəlmirsiniz, siz qalib gələ bilmirsiniz, sizin bunda bizsiz şansınız yoxdur.
Zelenksi: Biz öz ölkəmizdə qalırıq. Güclü dayanırıq, müharibənin lap əvvəlindən biz tək olmuşuq. Və biz minnətdarıq. Mən bu kabinetdə təşəkkür etdim, yalnız bu kabinetdə yox...
Tramp: Siz tək deyildiniz. Biz bu axmaq prezident vasitəsilə sizə 350 milyard verdik, biz sizə hərbi ləvazimat verdik. Sizin xalqınız cəsurdur, lakin onlar bizim hərbi vasitələrimizdən istifadə edirlər.
Zelenksi: Bəs mənə qarşı hörmət necə. Siz məni ona görə dəvət etdiniz ki...
Tramp: Sizdə bizim hərbi vasitələrimiz olmasaydı, bu müharibə iki həftəyə bitərdi.
Zelenski: “3 gün” – mən bunu daha əvvəl Putindən eşitmişdim, “3 gün”.
Tramp: Bəlkə də daha az.
Zelenksi: “İki həftə” - bunu yeni eşidirəm.
Tramp: Bu formada iş görmək çox çətin olacaq, bunu sizə deyə bilərəm.
Vens: Siz “çox sağolun” dedinizmi?
Zelenksi: Mən Amerika xalqına bir çox dəfə “sağ ol” demişəm.
Vens: Haqsız olduğunuz təqdirdə Amerika mediasının qarşısında bu mübahisəni etməkdənsə, qəbul edək ki, razılaşmadığımız məqamlar var. Biz bilirik ki, siz haqsızsınız.
Tramp: Düşünürəm ki, Amerika xalqının nə baş verdiyini görməsi yaxşıdır. Hesab edirəm ki, bu çox vacibdir, ona görə də bunun (mübahisənin) bu qədər uzun davam etməsinə icazə verdim. Siz minnətdar olmalısınız. Sizin kartlarınız yoxdur. Sizin insanlarınız ölür. Əsgərləriniz azalır. Ondan sonra heç də yaxşı olmayacaq. Amma siz gəlib bizə deyirsiniz, “mən atəşkəs istəmirəm, mən atəşkəs istəmirəm, davam etmək istəyirəm”. Əgər atəşkəs təklif edilirsə, onu götür, güllələrin uçuşması dayansın.
Zelenski: Əlbəttə, biz müharibəni dayandırmaq istəyirik.
Tramp: Amma siz deyirsiniz ki, atəşkəs istəmirəm.
Zelenksi: Biz təhlükəsizlik zəmanəti olmadan atəşkəs istəmirik.
Tramp: Mən atəşkəs istəyirəm, çünki atəşkəsi razılaşmadan daha tez əldə edirsən.
Zelenski: Atəşkəslə bağlı bizim insanlarımızdan soruşun, görün onlar nə düşünürlər. Onların nə düşünmməsinin sizin üçün mənası yoxdurmu?
Tramp: Bu, mən hakimiyyətdə olanda baş vermədi. Bu Bayden adlı ağıllı olmayan birinin dövründə oldu.
Zelenski: Lakin o, sizin prezidentiniz idi.
Tramp: Bağışlayın, bu Obama olanda baş verdi, o sizə döşəkağı verirdi, mən isə “Javelin”lər verdim. Mən sizə o tankları məhv etmək üçün “Javelin”lər verdim. Obama sizə döşəkağılar verdi. Bəyanat budur ki – “Obama döşəkağılar verdi, Tramp “Javelin”lər”. Sən daha çox minnətdar olmalısan. Çünki icazə verin sizə deyim, sizin kartlarınız yoxdur. Bizimlə sizin kartlarınız var. Lakin bizsiz sizin heç bir kartınız yoxdur.
Qeyd: Mübahisə zamanı hər iki tərəf danışdığı üçün bəzi fikirlər qarışıqdır və eşidilmir.