Bomboş bir səssizlik,
bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə
səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!
Bu portretlər ölülər yox, dirilər
qalereyasıdır…
"Qardaşım oğlu bizə gəlmişdi. Divarlardakı portretlərə baxıb
dedi ki, bibi, sənin evin ölülər qalereyasıdır? İtirdiyim
əzizlərimin hamısının portretlərini vurmuşam evin divarlarına.
Mənim üçün bu portretlər ölülər yox, dirilər qalereyasıdır…"
Bunu Nurəngiz xanım bir müsahibəsində demişdi. Doğrudan da, onun
səsə, nəfəsə həsrət evinin kandarından içəri girəndə, nə yalan
deyim, divardan asılmış fotoşəkillər onun bu fikirlərini yada
salır. Hələ mebellərin üstünə düzülən, müxtəlif illərdə alınmış
suvenirlərdən, tək-tük şüşə qablardan bu qadının nə qədər ağır tale
yaşadığını, nə qədər xatirəni bir yük kimi ömrün bu başından o biri
başına özü ilə dartıb apardığını görmək olur. Bəlkə də bütün
bunların baş verməsində elə hamımız azca da olsa, günahkarıq.
Əslində, hər bizimizin, ətrafımızdakıların həyatında daşıdığı
bir məsuliyyət var. Məsələn, mən Nurəngiz xanımın sağlığında evinə
gəlmiş olsaydım, əmin olun ki, o şəkilləri divardan açıb əvəzinə
gül-çiçək şəkli, o da olmasa, boş qalan mismar yerindən lap elə
budanmış ağac budaqlarını asması üçün zəhləsini tökərdim. Axı, hər
şey bir enerjidir. Axı, hər şeyin insanın həyatına bir təsiri var.
Bu baxımdan, qızı Jalə xanımı da qınadım ürəyimdə. O fotoları
çəməndən gül dərən kimi yığmaq lazım idi divarlardan...
Məsələ burasındadır ki, sən nə qədər fədakarlıqla yaşayırsansa
yaşa, bir gün internetin axtarış proqramı, hər şeydən xəbərsiz
halda, səni, sadəcə, bir neçə cümlə ilə təqdim edəcək:
"Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. 1 saylı
Bakı Tibb Məktəbini, daha sonra isə Azərbaycan Dövlət İncəsənət
İnstitutunu bitirib. Nurəngiz Gün Azərbaycan televiziyasında diktor
vəzifəsində çalışıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında
müəllim işləyib. Prezident təqaüdçüsü olub".
İndi onun yazılarını araşdırmaq istəyən
çoxdur
– Nə qədər belə olacaq, bilmirəm. Hələ ki, bacarmıram.
Doğrudanmı valideyn itkisi bu qədər ağır olur? Mənə elə gəlir ki,
anadan çox belə bir şəxsiyyəti, böyük qələm, bənzərsiz bir düşüncə
sahibini itirdiyimə görə üzülürəm.
Nə düşündüyümdən xəbərsiz olan Jalə xanımla söhbətimiz belə
başladı. Qarşımızdakı balaca jurnal masasının üstündəki, şairə
xanımın Novruzda "Qara Bayram"ına gətirilmiş şirniyyatla dolu
xonçaya baxmamağa, onu görməzlikdən gəlməyə çalışırdım.
– Deyirdim, gül üstündə bülbüldən yaz, çiçəkdən yaz, qəbul
olunacaqsan.
Sağlığında tədqiqat obyekti olmasa da, indi onun yazılarını
araşdırmaq istəyən çoxdur.
Baxışlarımın yorğunluğunu
Qoydum o mırtı-xanəsinin
Kif qoxuyan divarlarında
Endim küçəyə
Bir qaranlıq gecəyə.
O, doğrudan da, qapısını dedi-qodu edənlərin əlindən bağlamışdı,
evinə çəkilib özü ilə yaşayır və ola bilsin ki, xilası bunda
görürdü.
Bütün bunlara baxmayaraq, ondan kimdənsə gileyləndiyini, kiminsə
qeybətini etdiyini eşitməyib Jalə xanım. Yəqin ki, bunun
səbəblərindən biri də qızının xiffət etməsini istəməməsi idi.
Hərdən Nurəngiz xanım, sadəcə, uzun-uzadı susarmış, gözlərini bir
nöqtəyə zilləyər, "nə isə" - deyib, gülümsəyərmiş.
"Toxunub qəlbimə kələ-kötür bir nadan, mən
gülürəm"
- O, bir qadın ömrü üçün çox böyük əzab çəkmişdi. Əzizlərini,
doğmalarını itirmişdi. Amma onu heç bir fotosunda kədərli görə
bilməzdiniz, həmişə gülümsəyirdi.
Əslən Ərdəbildən olan Nurəngiz xanımın ailəsi 37-ci ildə
repressiyanın qurbanı olub. İndi şairəsiz toz basmış bu evin
divarlarından asılan köhnə şəkillərə baxanda bir neçə ay öncə Jalə
xanımla anası haqqında etdiyimiz söhbət yadıma düşür. Fotolardan
baxanların hansının ailənin sürgün edilmiş üzvləri olduğunu
aydınlaşdırmağa çalışıram.
Nurəngiz xanımın ana babası tanınmış loğman olub. Jalə xanım
ürək ağrısı ilə danışırdı:
- Hüseyn Cavidlə dostluğu və pantürkist olması onu repressiya
dalğasından xilas edə bilməmişdi. Babası, nənəsi, üç dayısı, iki
xalası İrana sürgün olunmuşdu. Bircə Nurəngiz xanımın anası, mənim
nənəm burada qalıb. Çünki o vaxt mənim babama nişanlı imiş. Onları
İrana sürgün edəndə deyiblər ki, müvəqqəti gedirsiniz, bir müddət
sonra qayıdacaqsınız. Təəssüf ki, bununla da sərhəd birdəfəlik
bağlanıb. Nənəm bir daha valideynlərinin, qardaş və bacılarının
üzünü görməyib. Və nənəmin ömür boyu daşıdığı bu nisgil anama da
keçmişdi.
Ah, ayrılıq!
Biz ki çoxdan tanışıq!
Elə əvvəlkitək bənizimiz sopsoluq...
Xoş gəldin, son ayrılıq. Qolboyun olaq.
Artıq qorxum yox.
Nurəngiz xanımın dayısı İran şahının müşaviri
olub
İrana sürgün ediləndən sonra Nurəngiz xanımın bir dayısı İran
şahının müşaviri vəzifəsinə qədər yüksəlir, digər dayısı Ağakərim
Hacızadə isə İranda məşhur rəssam olur. O, Nurəngiz xanımın ən çox
istədiyi dayısı olub. Bu dayı ilə bacıqızının bir-birinə necə bağlı
olduğu göndərilən məktublarda, şəkillərdə, hədiyyələrdə özünü
göstərirmiş. Təəssüflər olsun ki, sərhədlər açılandan bir neçə gün
öncə Ağakərim kişi dünyasını dəyişir, bu da Nurəngiz xanıma daha
bir zərbə olur. Onun vəfatından sonra Təbrizdə üç gün, üç gecə
şeypurlar çalınıb, yas saxlandığını eşidəndə, bu, ona bir az
təsəlli olmuşdu.
Yol istədim, at istədim,
Bir bəyaz həyat istədim,
Yollarımı hördülər,
Məni mənə vermədilər.
Bu yolun necə çətin yol olduğunun fərqində
idilər
- Ailəsinin ilk övladı olan Nurəngiz xanım özündən sonra beş
uşağın dünyaya gəlməsinə baxmayaraq, sevimli qalmağı bacarıb. Atası
ona "şahzadəm" deyərdi. Və evdə onun adı, sadəcə, bacı idi. Onun
bir sözü, böyük bacı kimi, iki olmazdı. Evdə ondan iznsiz heç bir
addım atılmazdı. Valideynlərinin sağlığında hər şeyin ən yaxşısı
necə onun üçün düşünülürdüsə, onların ölümündən sonra da ailənin
bütün qayğısı, yükü o cür onun çiyinlərinə çökmüşdü. Orta məktəbi
çox yaxşı bitirib. Deyirdi ki, anası onu məktəb kitabxanasından
zorla çıxararmış. Şərq dillərini çox sevirdi. Şərqşünas olmaq
istəyirdi. Amma o zamanlar hər şey tapşırıqla idi. Deyirdi ki,
imtahandan yüksək səviyyədə keçməsinə baxmayaraq, onu kəsirlər və
yerinə tapşırılmış bir qızı salırlar. Beləliklə, o, aktyorluğu
seçəsi olur. Anam Rza Təhmasibin ən sevimli tələbələrindən biri
idi. Müəllimi onun təyinatını dram teatrına verəndə evdə qəti
şəkildə buna razı olmurlar. Baxmayaraq ki, valideynlər onun heç bir
istəyinə qarşı çıxmamışdılar, onlar buna razı olmurlar, çünki bu
yolun necə çətin yol olduğunun fərqində idilər və bunu anama izah
etməyə nail olmuşdular. Anam yalnız atasını incitməmək üçün
sənədlərini geri götürür. Bundan sonra o, Azərbaycan radiosuna
stajor, daha sonra diktor kimi gedir. Onun hələ pioner kimi radioda
çıxışları olmuşdu deyə, stajı var idi. Altmış doqquzuncu il, may
ayının doqquzunda ilk dəfə olaraq Azərbaycan Televiziyasının
tamaşaçılarını salamlayır.
Nurəngiz xanım 1979-cu ildə "Tanrı bəşər övladıdır" povestini
yazdı. Əsərdə bir ailədə xidmətçilik etməsindən bəhs edirdi. O
qızın valideynlərinin həyatda olarkən yaşadığı bəxtəvər günlərindən
tutmuş qulluqçuluq elədiyi ailədə başına gələn zülümlərədək yaşanan
bir hekayət, bəlkə də anamı ədəbiyyata gətirdi. Anam o qız üçün
olduqca kədərlənirdi. Qızın adını əsərdə Tanrı qoymuşdu. Əsər
səksən ikinci ildə ilk dəfə "Ulduz" jurnalında çap olunmuşdu.
Bundan sonra evə gələn məktubların sayı-hesabı yox idi. Əsərdə
müəllif həmin qıza analıq edirdi. Doğrudan da, belə olmuşdu.
Sonradan o qız bizim evə gətirildi, bizdə böyüdü. Əsərdə qızın
"ana" dediyi adam elə mənim anam idi. Qızın adı Qını idi.
"Ədəbiyyat" qəzetində Mirzə İbrahimov "Qınıya yanan ürək" adlı
məqalə yazmışdı. Bu, Nurəngiz xanımın yaradıcılığı haqqında ilk
araşdırma yazısı idi.
Bu şeyləri eşidəndə çox üzülürdüm
– Ard-arda itkiləri olmuşdu. Adamlar bir-bir onu tərk edirdi.
Mən anam kimi deyiləm. Anam çox ünsiyyətcil idi. Məclisin gözü idi.
Getdiyi hər yerdə söz sahibi olurdu. Başqa cür olmasına özü də
imkan verməzdi. Ərköyünlüyü son dövrlərdə olduqca artmışdı. Hər nə
qədər istədiklərinə nail olmasa da, əzik deyildi. Hökmranlığı,
iddiası vardı. Yenilmişliyini ört-basdır etmək üçün özünü güclü
təqdim etməkdə israrlı idi. Onun olduğu məclisdə kimin nə ixtiyarı
vardı ki, söz sahibi olsun? O çıxış edəndə, sağlıq deyəndə kimsə
dinləməsəydi, fikri başqa yerdə olsaydı, aləmi qatardı. O, diqqət
tələb edirdi. Biz istirahət etməyə gedəndə bir də görürdün ki,
xadimə ilə söhbət edirdi. Nə qədər maaş alırsan? Neçə övladın var?
Pulun kifayət edirmi uşaqlara? Evin varmı?.. Gəlib deyirdim ki, ay
ana, bunları bilmək sənə lazımdı? Deyirdi, lazımdı! Bəs, kimlə
danışım? Özündən razılarla? Bağban bağı sulayanda gedib soruşurdu
ki, suladığın ağacın adı nədir? Vay o gündən bağban onun adını
bilməyəydi. Canlı təmaslardan daha çox telefonla danışmağa meyilli
idi. Yas mərasimlərində, onun vəfatından sonrakı tədbirlərdə
görüşdüyüm adamların çoxu deyirdi ki, Nurəngiz xanım axşamlar
mənimlə uzun-uzadı danışardı. Yeni şeirlərini oxuyarmış. Mən mat
qalırdım. Bu şeyləri eşidəndə çox üzülürdüm. Çünki mənə hər dəfə
zəng edib deyəndə ki, hansısa şeirinə qulaq asım, yalvarırdım ki,
ay ana, bir azdan, nolar, indi filan tədbirə getməliyəm, filan
məclisə tələsirəm. Bütün işlərimin axırına anamı və qızımı
saxlayırdım. İndi o qədər peşmanam ki! Onunla sirdaş olmağa kifayət
qədər zaman ayırmadığıma görə üzülürəm.
Dörd divar içindəyəm,
Qəfəs girincindəyəm,
Düşünürəm quşları,
Quşlar məndən xəbərsiz.
Düşünürəm, düşünürəm,
Durub var-gəl edirəm
Pəncərəyə söykənirəm.
Pəncərəm su içində.
Aman Allah, dünya məndən xəbərsiz.