Yuxarı

Mircəfər Bağırov “oğlunu” kələ qoşub sürütdürdü - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əvvəli ötən sayımızda)

Bu kənd 1922-ci ildə, Qarazəncir kəndinə yaxın bir yerdə qurulub. Burada və ətraf kəndlərdə, eləcə də gələcəkdə rayon mərkəzi olacaq Astarxanbazarda, Prişib adlanacaq Göytəpədə və digər münbit torpağı, su ehtiyatı bol olan yerlərdə də malakanlar – ruslar məskunlaşıbmış.

Sabirabad kəndi necə qurulub

Özlərini bu yerlərin sahibi kimi aparanlar Yekaterinanın dövründə Rusiyadan sürgün olunmuşlar idi. Malakanlar o dövrün rus hakimiyyətinə söykənərək yerli müsəlman əhalisi ilə müqayisədə demək olar ki, çox rahat yaşayıblar. Qarazəncir kəndində də eləcə. Bu kəndin malakan-rus icmasının başçısı, feodal Andrey Anikiyev olub.

Hacı Ağabala adlı yerli tacir qızıl pula onun ərazisindən xeyli torpaq sahəsi alır. İndiki Sabirabad kəndi belə qurulur. 1924-cü ildə inqilabçı Dünyamalı Məmmədov partiyanın göstərişi ilə kolxoz qurmaq üçün bura göndərilir. Salyan uyezdinin Xol-təklə kəndində yaşayan Dünyamalının ailəsi, əmisi uşaqları və digərləri də bura köçür. Kənd sakini Həmidulla Əsgərov deyir ki, o vaxtlar həmin ərazidə güclü quraqlıq olur. Təkləlilər qonşu Biləsuvarın bəzi kəndlərinə, Cəlilabadın Günəşli və digər kəndlərinə köçməli olur. Lakin sonradan həmin kəndə yenidən su gəlsə də, əhali geri qayıtmır.

Beləliklə, kənd böyüməkdə davam edir. Ətrafda yerləşən Tikallı (bu kənd yerli əhalinin dialektində Dikalovka, Tikalovka, Çkalovka kimi də tanınır), İsmayılkənd və digər kəndlərdə Qarayarçayın kənarında yerləşən Sabirabad kəndinə köçürülür və "Zəhmət" kolxozu yaradılır.

Andrey Anikiyevin mühacirəti

Həmidulla Əsgərov:

- Kəndin abadlaşmasında, böyüməsində Dünyamalı Məmmədovun rolu əvəzsizdir. Kənddə məscid tikilmişdi. Rəhmətlik Məşədi Həsəngilin yurduna qədər alınan torpaqda tikilən evlərin sayı durmadan artdı. Kənddə 3 kəhriz vardı. Su dağ kəndlərindən təxminən 70-80 kilometrlik məsafədən saxsı borularla çəkilmişdi və 70-ci illərin ortalarına qədər o quyulardan istifadə olunardı. Kəndin bünövrəsi əzəl gündən halallıqla qoyulmuşdu. Yaşlı adamlar son illərə qədər deyirdi ki, kəndin bəri başının pulu ödənilməyib, Sovetlər zamanı əhaliyə paylanıb və yurd salınıb. Halallıq olmayan hissədə məscidin tikilməsinə razılıq verilməyib.

Andrey Anikiyev və onun malakanları ilə yerli müsəlmanların arasında tez-tez qarşıdurma yaranır, atışmalar olurmuş. Varlı malakanlar da yerli müsəlman ağa və bəylərlə birgə kolxozun yaradılmasına mane olmaq istəyirlər. Lakin bu kolxoz qurulur. Səsi-sorağı nəinki Azərbaycana, hətta keçmiş SSRİ-nin də hüdudlarına yayılmış olur. Dünayamalı Məmmədov qabaqcıl təsərrüfat başçısı kimi müharibədən sonrakı illərdə Bolqarısatana dəvət olunur və orada kolxozun qurulmasında təcrübəsindən istifadə olunur. Bu, çox sonralar olacaq. O ki qaldı Andrey Anikiyevə, o, Sovetlər Birliyində yaşamır, hansısa qərb ölkəsinə mühacirət edir. Sözsüz ki, bütün var-dövlətini aparır. Lakin Qarazəncir kəndi 70 il onun adını daşıyır. Andreyevka adlanan bu kənd sovetlik olur. Qonşu Sabirabad, Kaçovka və Ocaqlı kəndləri bu sovetliyin tərkibində idi.

Kolxoz böyüyür

"Zəhmət" kolxozu çox keçmir ki, tanınır. Kənddə ilk olaraq məktəb, ikimərtəbəli xəstəxana, uşaq bağçası, fəhlə-kəndli yeməkxanası, klub tikilir. Uşaqlar qonşu kəndlərdən məktəbdə oxumağa gəlir, xəstəxanada isə nəinki ətraf kəndlər, qonşu Biləsuvar və Masallıdan da gəlib müalicə olunurlar. Bunlar Astarxanbazarda - indiki Cəlilabadda və qonşu rayonlarda ən müasir binalar və tikililər idi. Dünyamalı Məmmədovun qazandığı nailiyyətlər onun bədxahlarının da çoxalmasına səbəb olurdu.

Qarşıda isə Böyük Vətən müharibəsi vardı. Və kənd zəhmətkeşləri bu sınaqdan da üzü ağ çıxır. Həm ön cəbhədə vuruşan oğulları, həm də arxa cəbhədə ərlərinin, qardaşlarının, atalarının yoxluğunu sezdirməyən kənd qadın və qızları yorulmaq bilmir. Gecəni gündüzə qatır, "bir nəfər hamı üçün" devizi o dövrün ən məşhur şüarı olur.

O, yaxşı adam idi

Dünyamalını şəxsən tanıyanlar çox sonralar belə deyəcəkdi. Təəssübkeş və yenilikçi idi. İstəyirdi ki, hər şeyin yenisi onun kəndində olsun. Kolxozçuların mədəni istirahəti üçün pambıq tarlalarında xüsusi yerlər hazırlanardı. Dövrünün ən məşhur xanəndələri sahələrdə kolxozçular üçün konsertlər verərdi. Oğurluq halları baş verməzdi. Kolxozun əmlakına hər kəs özünün əmlakı kimi baxardı. Bütün bunlardan sonra gözügötürməyənlər ondan yuxarılara şikayətlər yazır, onu kolxozçulara qarşı amansız olmaqda ittiham edirlər. Lakin faktlar bunun tamam əksini deyir.

Müharibədən sonra

Müharibə başa çatdıqdan sonra ölkəyə daha çox taxıl lazım idi. Müharibənin yararsız hala saldığı respublikalarda hələ həyat öz axarına düşməmişdi. Rusiyanın və digər respublikaların çörəklə təmin olunması işində ərazisində müharibə olmayan respublikalar fəal olmalıydı. Bu, partiyanın tapşırığı idi. Zəhmət kolxozu zəhmətə qatılaraq yüksək göstəricilər əldə edir. Bu nailiyyətlər və bu nailiyyətlərdən də əlavə olaraq bədxahların yuxarılara etdiyi şikayət öz işini görməkdə idi.

Mircəfər Bağırov kəndə gəlir

Azərbaycan Kommunist partiyasının birinci katibi Mircəfər Bağırov kəndə iki dəfə gəlir. Onun birinci gəlişi 1946-cı ilin sentyabr ayına təsadüf edir. Bölgədə ən yaxşı məktəb olan kənd məktəbinə də baş çəkir. Məktəbin həyətindəki bağçada qızılgüllərin arasında onun oğlu, Böyük Vətən müharibəsində həlak olmuş təyyarəçi Vladimir Bağırovun heykəli ucaldılmışdı. Bağırov heykəlin qarşısında dayanır, bir qədər fikrə gedir. Heykələ - oğluna təzim edir, baş əyir və dərhal da geri dönür. Ciddi şəkildə üzünü kolxoz sədri Dünyamalı Məmmədova tutaraq:

- Tovariş Mamedov, ubrat etoqo otsuda. Eşitdin, Dünyamalı, o nə qəhrəmanlıq edib axı, ona heykəl qoymusan? - deyir.

Sonra da özünün iştirakı ilə iki kolxoz kəli gətizdirib heykəli uçurtdurur.

Bağırov "oğlu"nu sürütdürür

Bağırovun oğlunun heykəlini sürüyüb kəndin Xamrava deyilən ərazisindən axan Xamravaçayın sahilinə gətirirlər. Orada basdırırlar. Heykəlin basdırılmasında çox az adam iştirak edir. Qəti tapşırıq belə olur ki, "qəbrin" yeri heç kəsə məlum olmamalıdır. Elə də olur. Sonralar kənd əhalisi çox axtarsa da, bu heykəl–meyiti tapa bilmir. Dünyamalı Məmmədovun nəvəsi, Qarabağ müharibəsi veteranı Zaur Məmmədov deyir ki, qəbrin yerini bilənlər çoxdan dünyasını dəyişib. Ona görə də axtarışlar bəhrəsini verməyib.

Amma belə söz-söhbət də gəzir ki, elə Bağırovun göstərişi ilə meyit-qəbir oradan çıxarılaraq Bakıya aparılıbmış. Hər halda bu bir müəmma idi.

Bağırov kolxozun işindən, kənddəki tikililərdən razı qalsa da, Dünyamalıya tərəf eynəyinin üstündən baxaraq: - Tak nelzya, tı sebya mnoqo ne beri! - deyir. Bu, kolxoz sədrinə xəbərdarlıq idi. Yəni uğurlardan özünü itirmə.

Eləcə, kəndə xəbərsiz gələn Mircəfər Bağırovun gedişindən sonra kolxozda daha çox canlanma olur. Məhsuldarlıq artır və kolxoz respublikada nümunə göstərilən kolxoz kimi tanınır...

Həmidulla müəllim həmin olaya münasibət bildirərkən isə belə deyir:

- Cahangirin – Vladimirin heykəli həmin ərəfədə uçurulmayıb. Bağırov oğlunun heykəlinin qarşısında çox mütəəssir olur. Hətta kövrəlir də. Mən 1948-ci ildə məktəbə gedirdim, şagird idim. O heykəl isə dururdu. Heykəlin nə vaxt və hansı şəkildə uçurulmasından çox adam xəbərsiz oldu. Xamravada basdırılan heykəllər isə Stalinin və Bağırovun heykəlləri idi. 1956-cı ildə Şəxsiyyətə pərəstişin ifşası zamanı uçurulmuşdu. Stalinin heykəli ayaq üstə, Bağırovun heykəli isə oturmuş halda üz-üzə qoyulmuşdu. Stalinin heykəlinin qalıqları son vaxtlara qədər dururdu.

Davamında oxuyacaqsınız:

Mircəfər Bağırov kəndə ikinci dəfə neçənci ildə və niyə gəlib?

Məktəbin həyətindəki tut ağacının doğranmasında məqsəd nə idi?

Hansı ildə "Zəhmət" kolxozu SSRİ də birinci kolxoz olur və neçə nəfər kolxozçu Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür...

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Kliment Yefimoviç Voroşilov şərqin yazılmamış qanuna necə hörmət etdi?

Tarix
2014.01.14 / 18:55
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor

AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə edildi

Azərbaycanlılara hücum: Volokovıx XİN-ə çağırıldı

Novosibirsk bazarında həbs olunan azərbaycanlılar - Video

İran səfirinin iddialarını rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla