Şəhərin tıxacından canımı qurtarmağın məqamı idi. İstirahət
günlərinin bir neçəsini rayonda səmərəli keçirmək yaxşı olardı.
Ölkənin cənubuna üz tutdum.
Qoşa yolu qurtarsaq...
Ələt qəsəbəsi arxada qalır. Yol boyu sıralanan yeniyetmə oğlan
uşaqları qulaqlarından tutub havaya qaldırdıqları ağ dovşan
balalarına müştəri axtarır. Dayanmadan şütüyən maşınların arxasınca
əllərini əsəblə yelləmləri və ayaqlarını qəzəblə yerə çırpmaları
gözümdən yayınmır. Eyni reaksiya məndən də yan keçmir.
Bir azdan qoşa yola çıxacağam. Əslində Lökbatan dairəsindən ta
Salyan rayonunun ərazisindəki Şirvan dövlət qoruğuna qədər yeni,
rahat yol elə iki tərəflidir. Lakin bir-neçə il bundan qabaq
qoruqdan Ələt qəsəbəsinə qədər çəkilən ikitərəfli beton yola "qoşa
yol" deyirlər. Həmişə rayona gedəndə fikirləşmişəm: Qoşa yolu
qurtarsaq, mənzil başına çatmış olaram.
Kəşfiyyatçı
Bu da qoşa yol. Bir qədər qabaqda Sovetlər zamanı məşhur olan,
indi isə xarabalığı xatırladan "Kəşfiyyatçı" restoranıdır. O çağlar
bu restoran günün bütün saatları işləyərdi və əsasən iritutumlu yük
maşınlarının sürücülərinə xidmət edərdi. Ətrafında heç bir yaşayış
məskəni olmayan bu restoran səhralıqda bir yaşıl talanı
xatırladardı. Burada hər yaşdan yüngül həyat tərzi keçirən qadınlar
işləyər, yorğun və pullu sürücülərin xidmətində dayanardılar.
İndisə buralar yaxından keçən Şirvan kanalında balıq tutanların
maşınlarının dayanacaq və yolun kənarında hamam vannalarının içində
diri balıq satmaqla güzəranlarını təmin edənlərin mərəsidir.
Balıqçılarla bir qədər bazarlaşıb, qiymətlərin cibə münasib
olmadığına görə yola davam etmək istəyirəm. Cavan satıcı əl çəkmir
və qulaqlarına ip keçirib asdığı balıqların topasına bir qiymət
deyir. Geri dönüb balıqların qəlsəmələrinə baxmaq istəyirəm. Əsəbi
halda:
- Səndən balıq alan olmaz,- deyir və əlimi kənara itələyir.
Hər şey aydındır.
Bu da Salyan postu
Yolun kənarındakı kolluqlara diqqətlə baxıram. İşgüzar və
fəndgir yol polisləri səyyar radar qurğularının kameralarını
kolluğun arasında gizlədir və nəzərə çarpmadan sürət həddini aşan
sürücünü Salyan postunda saxlayırlar. Avtopilotu 118 sürətə qururam
ki, bu yol üçün nəzərdə tutulan, saatda 120 km sürət həddini
aşmayım.
Salyan postuna az qalmış yolun sağında yaxınlarda haqq dünyasına
qovuşmuş məşhur qarmon ustası Aslan İlyasovun tikdirdiyi məscidin
yanından keçirəm və ürəyimdə bütün haqq dünyasında olan insanlara
rəhmət oxuyuram.
Bu da Salyan postu. Yol patrul xidmətinin əməkdaşı qırmızı
rəngli çubuğunu qaldırır və saxlamaq üçün işarə edir. Bir qədər
qabaqda saxlayıram. Polis yaxınlaşana qədər sənədlərimi
hazırlayıram və güzgüdə onu seyr edirəm. Əlindəki kağıza baxaraq,
maşının dövlət nömrə nişanını ötəri nəzərdən keçirib mənə:
- İşçimiz növbədən sonraya qalıb, imkanın var, onu Sarvan
kəndinə qədər aparasan?
Yol polisi söhbətcil adammış.
Təxminən saat yarımdan sonra Cəlilabaddayam. Axşam doğmalarla
bir yerdə olub səhəri rayon mərkəzinə yola düşürəm. Rayon
fermerləri, kəndlilərlə görüşüb, söhbət etmək, Cəlilabad ədəbi
mühiti ilə bağlı yazı hazırlamaq planım var.
Hikmətin çayxanası...
Qış öz sözünü deyir. Cəlilabadda məşhur olan "Hikmətin
çayxanası"nın həyətinə girirəm. İçəridə bir-iki nəfər istisna
olmaqla, çayxanada demək olar ki, heç kəs yoxdur...
Deyim ki, bu rayonun ən çox müştərisi olan çayxanalarındandır.
Şəhərin parkındakı çayxanalarda əsasən musiqiçilər və təqaüdçülər
toplaşırsa, Hikmətin çayxanasına yazı-pozu adamları, güclü
mütaliəsi olan, yerli teatrın aktyorları, icra nümayəndəliyin
işçiləri, bank işçiləri yığışır. Yazarlardan kimi görmək istəsən,
onunla günün müxtəlif vaxtlarında burda görüşmək olar. Bura həm də
yeni çıxan kitabların, yeni imzaların müzakirəsi, qəzet və
jurnallarda dərc olunan məqalələrin, prezidentın yeni sərəncam və
təyinatların müzakirə olunduğu yerdir.
Şair Əlirza Həsrət bayırdakı stolların birinin arxasında əlini
çənəsinə söykəyib oturub. Fikirlidir, görünür kimi isə gözləyir.
Məni görcək gülümsəyir. Şəklini çəkib, yaxınlaşıram.
- Hiss edirdim ki, uşaqlardan kimisə görəcəyəm, sən gəldin.
Var-gəl edirik. Razılaşırıq ki, yazıçı Meyxoş Abdullahı arayaq.
Zəng edib evdə tapırıq. Bir azdan o da bizə qoşulur. Çayxanadakı
söhbətin ləzzəti də tamam başqadır.
Dağı arana, aranı dağa daşıyırıq. Abbasağa Azərtürkü, Qasid
Nağıoğlunu, Əhməd İspəri xatırlayırıq. Allahdan hər üç dəyərli
qələm adamına rəhmət diləyirik. Salamın köşə yazıları və şeirləri,
Saday Şəkərlinin sosial şəbəkədəki fəallığını və yeni dərc olunan
kitabını, Ədalət Salmanın "Sözün işığı" dərgisinin, Bilal
Alarlının, Faiq Hüseynbəylinin son yaradıcılığı, Aqşinin şeirləri
və rəhbəri olduğu "1937.az" saytı, Əlizadə Nurinin "qeybə
çəkilməyi", İbrahim Selin masonlarla bağlı yazıları söhbətimizin
əsas mövzusu olur. Sözsüz ki, ədəbi mühitin ağsaqqalı Böyükxan
Bağırlını unutmuruq. Sonra "qeybə çəkilən" Əlizadə Nuriylə
tapşırıq.
Burda qara günümüzlə əlləşirik
Rayonda yaz əkininə indidən hazırlıq gedir. Torpaqlar şumlanıb,
arat torpaqlara su verilir. Taxılın, günəbaxanın, kartofun əkini
üçün yerlər tam hazırdır. Üzümlüklərdə payız-qış budamaları
yekunlaşıb. Əhalini dolanışığı əsasən torpaqdandır. Bir azdan
kartof əkini başlayacaq. Havaların xoş keçməsini gözləyirlər.
Torpaq ki təpidi, palçıq qurudu, fermerlər sahədə olacaq.
Sabirabad kənd sakinləri ilə kənd çayxanasında görüşürəm.
Şıdırğı domino və nərd oyunu gedir. Oyunçulardan çox tamaşaçılar
həyəcan keçirir. Söhbətə çəkirəm.
- Yox, bu il pis olmadı. Kartofun kilosunu 35-40 qəpiyə verə
bildik. İnişil isə məhsulumuz bol olsa da, qiymətinə satılmadı.
Kilosu 3-4 qəpikdən verirdik. Bakıya maşın tutub məhsulu aparırdıq,
satırdıq, heç sürücünün pulunu ödəmirdi. Çox adam müflisləşdi.
Malını-heyvanını satıb fəhlənin, nisyə götürdüyü toxumun pulunu
ödədilər. Bu il Allah kərimdi, görək necə olacaq. Yanacağın
qiymətinin qalxması belimizi qırdı. Azotundan tutmuş, silifinə
qədər hər şeyin qiyməti qalxıb. Sən ki bilirsən, burda
doğulub-böyüyübsən, əkirik, məhsulu yığırıq, satmaq isə çox
çətindir. Əvvəllər məhsul Rusiya bazarlarına gedirdi. Son iki ildir
ki, süni maneələr var. Biz burda qara günümüzlə əlləşirik,
məhsulumuzu alanlar isə elə bilir bəxtəvərik.
Bizi qazladılar, qaz vermədilər
Kəndlilər dolanışıqdan gileylənir. İstiliyin olmaması, qışda
yandırmaq üçün satılan odunun bahalığı və sair. Yaşlı kənd
sakini:
- Bizi qaz yerinə qoydular. Dedilər, yaxın günlərdə kəndlərə qaz
veriləcək. Yoxsa kənd ağsaqqalları yığışıb prezident rayona gələndə
şikayət edəcəkdilər. İnandıq. Amma qonşu Qarazəncir, Ocaqlı,
Uzuntəpə, Alar, Günəşli kəndlərinə çoxdan qaz verilib. Bayxanlıya –
İranın sərhədinə qədər qəşəng, rahat yol çəkilib. Kəndimiz Rayon
mərkəzinin burnun ucundadır, amma hələ bu tərəfə baxılmır.
"Zato" məktəbimiz təzədir
Rayonun Sabirabad kəndində iki orta məktəb var. Nizami Məmmədov
adına 1 saylı tam orta məktəb yenidir. İkimərtəbəli bu məktəb yeni
dərs ilində istifadəyə verilib. Bu məktəblərin məzunları arasında
ölkədə kifayət qədər tanınan, sayılıb-seçilən ziyalılar, alimlər
var.
Kim isə giley dolu söhbətə son qoyur:
- "Zato" məktəbimiz təzədir. Əsas elmdir, təhsildir. Bu köpək
uşaqları torpağın zülmündən gedib Bakıda məktəbə girib, axırı kəndi
boş qoyacaqlar...
Kəndin yeganə istirahət parkı var ki, sakinlərlə söhbət etdiyim
çayxana da elə bu parkda yerləşir. Park Mirzə Ələkbər Sabirin adını
daşıyır. Kənd sakinlərinin işi olanı da, olmayanı da boş vaxtlarını
burada keçirir.
Mircəfər Bağırov bu kənddə olub
Bu haqda geniş yazmaq gərəkdir. Ayrı bir söhbətin mövzusudur.
Qısaca onu demək olar ki, Mircəfər Bağırov bu kənddə iki dəfə olub.
Köhnə məktəbin yerində təyyarəçi oğlu Vladimir Bağırovun heykəli
varmış. Həmin heykəli kolxozun kəlinə qoşdurub və aşırdıb. Məktəbin
həyətində həmin heykəlin postamenti bizim vaxtımızacan dururdu. Və
biz məktəblilər həmin postamentin üstündə dəfələrlə şəkil
çəkdirmişik. Bağırovun kəndə ikinci gəlişi isə kolxoz sədri,
Sosialist Əməyi Qəhrəmanı, kolxoz sədri işləyən Dünyamalı Məmmədov
tərəfindən bu kənddə kommunizmi elan etməsindən sonra olmuşdu. O
boyda SSRİ-nin kommunizm ideyaları ilə çabaladığı bir vaxtda adi
kolxoz sədrinin Moskvaya artıq kommunizmin qurulması haqda car
çəkməsi Bağırovun gözlənilməz səfəri ilə nəticələnmişdi. Və bu
gəlişin nəticəsi olaraq Dünyamalı Məmmədov Sibirə sürgün
olunmuşdu.
Yazının davamında oxuyacaqsınız:
Mircəfər Bağırov kənddə ilk dəfə kiminlə
görüşdü?
Kolxoz sədri, köhnə inqilabçı Dünyamalı Məmmədov
kəndə gələn qərib, zəhmli kişinin kimliyini necə fəhm
etdi?
Bağırov oğlunun heykəlini niyə
aşırtdırdı?
Kənd məktəbin həyətindəki qocaman tut ağacını kim və
nəyə görə doğradı?
Dünyamalı Məmmədov sürgün edildikdən sonra onun
savadsız bacısı Zərri nənə Kremldə kiminlə
görüşdü?