Ana səhifə Toplum |
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov C. Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb. Məktəbin zabit və kursant heyətinin, pedoqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.
Nazirin sözlərinə görə, hələ keçmiş sovetlər dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib.
"Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil
dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza
atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin
formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin
yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə
xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və
səylərini əsirgəmirlər", - deyə nazir bildirib.
Kursantlara ulu öndər Heydər Əliyevin irsindən nümunə götürməyi
tövsiyə edən nazirin sözlərinə görə, onlar bu məktəbdə təhsil
almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd
qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi
dəyərlərə bağlılığı ilə seçilməlidir.
Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti,
şəxsən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət
və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr
müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar
alınır.
"Artıq ordunun təchizatında ən müasir silahlar vardır. Bu
dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir
ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının
artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son
qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə
doğrultmaqdır".
Müdafiə naziri çıxışının sonunda kursantlara təhsildə və intizamda uğurlar arzulayıb və əminliklə qeyd edib ki, onlar xalqımızın tarixi qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklər.
Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.
Tarix
2015.12.02 / 14:35
|
Müəllif
Axar.az
|