İki od arasında...
...Tramp gözlənilməz hərəkətləri ilə dünyanı heyrətləndirir. Elə Zelenski də az təəccübləndirmir. Hər ikisi şoumendir. Hər ikisində artistizm qabiliyyəti yüksəkdir. Hər ikisi rolunu kifayət qədər peşəkar oynayır. Əlbəttə, incəsənət estetikasını siyasət platformasına gətirməyi hər kəs, yəni hər aktyor uğurla bacara bilməz. Bunun üçün xüsusi qabiliyyət lazımdır. Bu cəhətdən Reyqanı xatırla(t)maq olar...
Bilirəm, Trampı ittiham edənlər çoxdur. Niyə dünən dediyini bu gün inkar edir, niyə qonşu dövlətlərin işinə qarışır, niyə verdiyi vədlərə əməl etmir və sair... Belə hesab edirəm ki, Tramp siyasət alətinin bütün “simlərində” çalmağı bacarır və yaxud buna çalışır. Axı adamların yalnız bir “simdə” ifa olunan mahnını dinləmək hövsələsi yoxdur və buna görə də hər adamın sümüyünə düşəcək havaları müxtəlif “simlərdə” çalmaq zərurəti yaranır. İndiki dövrün musiqisi polifonik - çoxsəsli olmalıdır.
Görünür, siyasətin də öz “musiqisi”, öz “havası” var. Burada klassik anlamda mövcud olan iki lad, yəni major və minor kifayət etmir...
Zənn edirəm ki, Zelenski ilə Tramp zamanın havasını eyni orkestrdə ifa edirlər, özü də oxşar ladda... Putin üçün improvizə havalar hələ irəlidədir. O, hələlik yarımtondadır, özü də xromatik yarımtonla diatonik yarımton arasında gəzişmələr edir.
...Sözün qısası, belə hesab edirəm ki, Yer üzündə ilahi ədalət deyilən bir güc də var.