"Pantomim" teatrı 1994-cü ildə yaradılıb. Yaradıcısı
Respublikanın Əməkdar İncəsənət xadimi Bəxtiyar Xanızadədir. Teatr
daha öncə "Dəli yığıncağı" Pantomim studiyası olub, 2000-ci ildə
isə dövlət teatrı statusu alıb.
Azərbaycanın maraqlı və xüsusi izləyici çevrəsi olan
"Pantomim"in aktrisası Əməkdar artist Nargilə Qəribova ilə
söhbətimiz oldu.
- Karyeranıza necə başlamısınız?
- İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm.
İkinci kursda oxuyanda Bəxtiyar müəllim bizə səhnə hərəkəti, qılınc
təlimindən dərs deyirdi. Bir gün Bəxtiyar müəllim məni yanına
çağırdı və dedi ki, səni öz teatrıma dəvət etmək istəyirəm. Mənim
də ürəyimcə oldu, çünki hələ uşaq vaxtından rəqslərə çox baxırdım.
Amma heyf ki, doğulub böyüdüyüm yerdə rəqs məktəbi yox idi. Ancaq
televizora baxaraq nə isə öyrənirdim. Bəxtiyar müəllim məni bu
teatra götürəndən sonra hər şeyi mükəmməl öyrətdi. Məşqlər,
dərslər, tamaşalar... Bunlar hamısı böyük təcrübədir.
- Xarici ölkələrdə festivallarda olmusunuz?
- Çox ölkələrdə olmuşuq. Rusiyanın İrkutsk şəhərində festivalda
"Leyli və Məcnun"la çıxışıma görə "Tamaşanın mürəkkəb plastik
həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olundum. Bunu da
deyim ki, Moskvanın pantomim üzrə professoru İlya Rutberq orada
münsif idi.
- Bir dəfə bura tamaşaya gələndə gördüm ki, tamaşadan
sonra tamaşaçılarla interaktiv diskussiya aparmaq istəyirsiniz.
Ancaq tələsdiyim üçün onda bu diskussiyada iştirak edə bilmədim.
Türkiyədə festivalda olanda da hər tamaşadan sonra tamaşaçılarla
diskussiya aparırdılar. Bunu ilk dəfə Azərbaycanda sizin teatrda
gördüm, lakin daha sonra belə diskussiyalara rast
gəlmədim.
- Siz yəqin təsadüf etməmisiniz. Bizdə yeni qoyulan tamaşadan
sonra ənənəvi olaraq diskussiyalar təşkil olunur. Bəxtiyar müəllim
həmişə təzə tamaşa başlamadan əvvəl izləyicilərə deyir ki, biz
istəyərdik ki, fikirlərinizi, duyduqlarınızı, anladığınızı, ya da
xoşunuza gəlməyənləri öyrənək.
Hətta elə olub ki, biz tamaşaya ad qoymamışıq və tamaşaçılar
tamaşaya baxandan sonra ona ad veriblər. Məsələn, Ceyhunun "Mən və
mən", Əflatunun "Çərçivə", Səbinə ilə Bəhruzun "Dejavü", mənim
"Adsız" tamaşalarımızın adını tamaşaçılar qoyub.
Olub ki, Moskvadan Lomonosov adına Universitetdən tələbə və
müəllimlər, xaricilər tərcüməçilərin köməyi ilə söhbət ediblər
tamaşa haqqında.
- Oynadığınız obrazlardan eləsi varmı ki, onu daha çox
sevirsiniz?
- Bəxtiyar müəllim artıq bizi duyur, tanıyır. Rollar hər kəsə
uyğun olaraq verilir. Məsələn, "Kimdir müqəssir?" tamaşası çox
xoşuma gəlsə də, orada Baharı oynaya bilmərəm, çünki mən Bahar
deyiləm. Bahar başqa bir görkəmdə, başqa bir xasiyyətdədir.
Mənə ən yaxın tamaşa "Leyli və Məcnun" idi, çünki o, ilk
tamaşamdır. Ən sevdiyim tamaşa isə Ekzüperinin "Balaca
Şahzadə"sidir. Bu tamaşada mən şahzadəni oynayırdım. Rollarım
bir-birindən çox fərqlənir və rəngbərəngdir. "Maska" tamam
başqadır, "Adsız" bir başqa... "Kesa və Morito" ümumiyyətlə, yapon
qadınıdır.
- Səsli teatrda oynamaq istəyiniz olub nə
vaxtsa?
- Düzünü desəm, bizim teatrımız çoxşaxəli olduğundan burda səslə
də oynayırıq. "Dəli Domrul", "Məlikməmməd", "Manqurt" kimi uşaq
tamaşalarında həm mahnı var, həm də mətn.
- Olub ki, siz bir tamaşada iki və tam fərqli obraz
yaradasınız?
- Bizdə "Kölgə" adlı bir tamaşa var idi. Orada mən çox qoca bir
nənəni və gənc bir qızı oynayırdım. Qoca nənə əsə-əsə, yavaş-yavaş
səhnənin ortasına gəlirdi. Hətta yadımdadır, tamaşaçılar zaldan
deyirdi ki, musiqi bitdi, bu nənə hələ səhnənin ortasına gəlib
çatmadı.
Eyni tamaşada nənənin əksi olaraq şıltaq, cavan bir qızı
oynayırdım.
- Sizin üzərinizə üçqat ağırlıq düşür. Çünki siz sözlə
də ifadə olunacaq hər şeyi hərəkətlə göstərirsiniz, mimika, eləcə
də rəqslər olur. Bunların hamısına necə nail
olursunuz?
- Hər şey təbii məşqlər sayəsində əldə edilir. Bəzən bir
tamaşanı gün boyu 7 saat ərzində məşq edirik. "Manqurt" tamaşasını
götürək, orda mahnı, rəqs, həm də mətn var, özü də bir dildə yox,
bir çox dildə (yunan, ispan, ingilis, alman və s.)... Elə olub ki,
bir tamaşanı gündə 6 dəfə məşq etmişik.
- Musiqi seçimində məsləhətləşirsinizmi?
- Əlbəttə, hər kəsin çoxlu təklifləri olur və biz uyğun olanı
seçirik. Bəzən olur ki, mən qurduğum tamaşaya öz seçdiyim
musiqilərdən çox Elxanın, Bəxtiyar müəllimin gətirdikləri daha
uyğun olur. O zaman onu seçirik.
- Repertuarınız mövsümlərlə dəyişsə də, elə tamaşalar
var ki, hər zaman repertuardadır. Sizcə, bu tamaşaların sirri
nədədir?
- Rusiyada bir teatr var, orda ilk tamaşa "Çayka" olub və indiyə
kimi o tamaşa hər mövsümün açılışında oynanılır. Bilirsiniz,
tamaşalar elə bil teatrın övladlarıdır. Axı necə demək olar ki,
oynayım, atım qırağa?! Götürək bizim "Nağaraçılar"ı, Bəxtiyar
müəllim onu 1993-cü ildə tamaşaya qoyub. Elə o zamandan da
oynanılır. Elə tamaşalar var, səhnə kiçik olduğundan indi
oynanılmır, amma zalımız hazır olanda onlar da yenidən repertuara
qayıdacaq.
- Filmdə çəkilmək istəyirsinizmi?
- "Qurban" və "Şəbəkə" adlı qısametrajlı filmlərdə çəkilmişəm.
Xarici ölkələrdə oxuyan azərbaycanlılar bura gəlib qısametrajlı
film çəkirlər. İndi də onlardan birində rol almışam. Bədii filmə
heç vaxt çəkilməsəm də, bunu çox istərdim.