"Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər
ərazilərində zorakılıq hallarının artması" adlı məruzənin qəbul
olunmamasını iki səbəblə əlaqələndirirəm.
Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu
açıqlama verib. Siyasi şərhçi hesab edir ki, sözügedən qətnamənin
qəbul olunmamasının birinci səbəbi ATƏT Minsk Qrupu həmsədrlərinin
AŞPA-ya təzyiqidir:
"Həmsədrlər bir neçə gün öncə birgə bəyanat yayaraq faktiki
bildirdilər ki, AŞPA bizim işimizə qarışmasın, Dağlıq Qarabağ
problemi ilə biz məşğuluq. Bu açıqlama ermənilərin əlini
gücləndirdi. İkincisi, görünür Ermənistanın xarici işlər naziri
AŞPA-da qətnamələrin qəbul olunmaması üçün əlindən gələni edib.
Üstəlik, Avropadakı erməni lobbisinin təzyiqlərinin artmasının da
burada rolu var. "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş
digər ərazilərində zorakılıq hallarının artması" adlı məruzənin
qəbulu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə
içməli sudan məhrum edilməsi" məruzəsindən daha vacib idi. Təəssüf,
birinci məruzənin qəbuluna cəmi 4 səsimiz çatmadı".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış
sessiyası çərçivəsində bu gün "Azərbaycanın qəsdən sudan məhrum
edilmiş sərhəd rayonlarının sakinləri" qətnaməsi 98 lehinə, 71
deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb),
Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın
digər işğal olunmuş ərazilərində zorakılığın artması" qətnaməsi isə
70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul
edilməyib.