"BMT, ATƏT və Avropa Şurasının nümayəndələrindən ibarət
beynəlxalq üçlüyün Azərbaycan mətbuatında da yer almış fikirləri
ilə tanış oldum. Bu fikirləri I Avropa Oyunları müstəvisində
ölkəmizə qarşı aparılan xoşagəlməz kampaniyanın tərkib hissəsi kimi
dəyərləndirirəm. Ümumən belə halların mövcudluğuna görə təəssüf
hissi keçirirəm".
Bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov BMT-nin İnsan
haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forstun, ATƏT-in
media azadlığı üzrə təmsilçisi Dünya Miyatoviçin və Avropa
Şurasının insan haqları komissarı Nils Muknieksin OpenDemocracy
portalında I Avropa Oyunları ilə bağlı birgə məqaləsinə münasibət
bildirərkən deyib.
Ə.Amaşov bildirib ki, dünyada tanınan qurumları təmsil edən bu
şəxslərin çağırışlarında bəsitlik var: "Məqsəd bəllidir. I Avropa
Oyunları ilə bağlı ölkəmizə hansısa formada təzyiq göstərmək. Ancaq
bu səviyyəli qurumlar üçün məsələdə hansısa bəlli, sivil formul
olmalıdır. Məqalənin tonundan elə duyulur ki, Azərbaycan sanki
başqa planetdən yer üzünə düşmüş məmləkətdir. Halbuki ölkəmiz artıq
neçə illərdir həm BMT-nin, həm ATƏT-in, həm də Avropa Şurasının
üzvüdür. Nümayəndələrimiz sözügedən təşkilatların xaricdəki
toplantılarına qatılır, ölkəmiz onların tədbirlərinin bir çoxuna ev
sahibliyini reallaşdırır. Dünya Miyotoviçin özü dəfələrlə Bakıda
media ilə əlaqədar konfranslara qatılıb. Birgə toplantılarımız
olub. Hesab edirəm ki, ATƏT-lə media sahəsindəki əməkdaşlıqdan
kifayət qədər effektiv nəticələr əldə etmişik. Ancaq onun belə bir
kampaniyaya qoşulması münasibətlərimizin perspektivini şübhə altına
alır. Ümumən təmsil etdiyi quruma qarşı inamsızlıq formalaşdırır.
Xanım Miyatoviç ölkəmizdəki ab-havadan, media cameəsinin durumundan
kifayət qədər məlumatlıdır. Belə olan halda onun və Azərbaycandakı
reallıqları bilən digər avropalı rəsmilərin bu qədər özünüinkar
tonunu seçməsi qətiyyən anlaşılmır. Ortada olan açıq qərəzdir. Ən
pisi isə əlahiddə səciyyə daşıyan demokratik prinsiplərin siyasi
məqsəd və vəzifələrə qurban verilməsidir. Sual yaranır: I Avropa
Oyunlarının keçirilməsində Azərbaycana etimad göstərən kimlərdir?
Axı bu idman hadisəsi həm də Avropanın özü üçün lazımdır".
Mətbuat Şurasının sədri üç il öncə "Eurovision-2012" Mahnı
Müsabiqəsi ərəfəsində də oxşar məsələlərin gündəmə gətirildiyini
xatırladıb:
"O zaman da bir qrup var idi ki, əvvəl musiqi yarışmasını boykot
etməyə çağırmışdı. Məqsədlərinə çatmayınca iştirakçılara çeşidli
müraciətlər ünvanladılar. Görünür, Qərbin bəzi dairələrinin
baxışlarında müsbətə doğru hər hansı meyl yoxdur. Üç il öncəki
"ssenarini" təkrarlayırlar. Əvvəl I Avropa Oyunlarını boykot etməyə
çağırdılar. İndi oyunların başlamasına çox az vaxt qalır. Bütün
təzyiq imkanlarını tükətdikdən sonra son dərəcə mənasız gedişlərə
baş vururlar. Təsəvvür edirsinizmi ki, Azərbaycana idmançı qismində
təşrif buyuracaq minlərlə idmançı, habelə məşqçi heyəti və digər
texniki heyət insan haqları, medianın durumu ilə əlaqədar Bakıda
kimlərləsə müzakirə aparacaq? Axı, onlar medal qazanmağa,
ölkələrini təmsil etməyə - bayraqlarını ucaltmağa, himnlərini
səsləndirməyə gəliblər. Məsələni anlamaq bu qədərmi çətindir?"
Ə.Amaşov qeyd edib ki, idmanın siyasi alətə çevrilməsi
yolverilməzdir: "İdman da bir siyasətdir. Yəni ölkəni, xalqı
tanıtmaq siyasəti. İdmanda humanist dəyərlərinin təbliği var. Ancaq
burada dəqiq müəyyənləşdirilmiş sərhədlər də var. İdmanın siyasi
alətə çevrilməsi əsla yolverilməzdir. Dünyanın mütərəqqi
ictimaiyyətinin məsələyə münasibəti məhz belədir. Ona görə də
idmanda hansısa formada siyasi məram və məqsədlərin ifadəsinə çox
sərt yanaşılır. Bunun örnəkləri ilə dəfələrlə qarşılaşmışıq. Avropa
rəsmilərinin arqumentləri isə sırf siyasi mahiyyət daşıyır. Mövcud
halda onların idman hadisəsindən yararlanmaq cəhdləri yalnız
sui-istifadə effekti yaradır".