Məşhur avtoritet Rövşən
Lənkəranski Türkiyədə öldürüldükdən sonra oğru aləmində baş verən
hadisələr medianın və cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.
Qətlin baş vermə səbəbləri, nəticələri, klanlararası müharibənin
şiddətlənəcəyi ilə bağlı müxtəlif versiyalar irəli
sürülür.
Axar.az mövzunun aktuallığını nəzərə alaraq, həbs həyatında oğru
aləmi il kifayət qədər yaxından tanış olmaq imkanı qazanmış
tanınmış jurnalist, "Avropa.info" saytının direktoru Ruslan Bəşirli
ilə söhbəti təqdim edir.
4 qanuni oğru ilə ünsiyyətim olub
- Həbsdə olarkən qanuni oğrularla bağlı düşüncələriniz
necə olub?
- Mənim həbsdə olduğum 1 saylı cəzaçəkmə müəssisəsi hələ sovet
dövründən daha çox qanuni oğruların olduğu yer idi, ora oğruların
əsas məkanı sayılırdı. Lakin son dövrlərdə başqa həbsxanalarda
olduğu kimi, burada da kriminal aləmin təsiri azalıb. Yəni
"vəziyyətin olduğu zon" deyə bir şey yoxdur.
Bayılda olanda Nadir Səlifov (Lotu Quli), sonra 1 saylı
cəzaçəkmə müəssisəsində olarkən Masallı Mamed, gürcü qanuni oğru
Aftandil Sxumski və Yunus Nəzərov (Bakinski) olmaqla 4 qanuni oğru
ilə ünsiyyətim olub.
- Sizə münasibətləri necə idi?
- Çox yaxşı. Qanuni oğrularla siyasi məhbuslar arasında heç vaxt
hər hansı konflikt olmayıb. Əksinə, həmişə maraqlanıblar, kömək
etmək istəyiblər. Onların həyatı və qanunları mənə görə deyil.
Həbsdə olarkən də çalışmışam öz həyat prinsiplərimlə yaşayım. Onlar
da buna pis baxmayıblar.
Qanuni oğrular gənclərə daha çox öz həyatlarını yaşamaqlarını
tövsiyə edirdilər. Bunun canlı şahidi olmuşam. Bir dəfə 18 yaşlı
gənc qanuni oğrulardan birinə yaxınlaşıb, "oğru" olmaq üçün ilkin
addımlar atmaq istədiyini dedi. Qanuni oğru isə hamının qarşısında
onu bu yoldan çəkindirdi.
Masallı Mamed 1 blok bahalı siqaret
göndərmişdi...
- Hansı qanuni oğrularla görüşünüzü
xatırlayırsınız?
- Mamedlə görüşüm yaxşı yadımdadır. O, 1 saylı cəzaçəkmə
müəssisəsinə yeni gəlmişdi, 10-15 gün olardı. Bu, onun həmin
cəzaçəkmə müəssisəsində ikinci həbs həyatı idi. Həmin vaxt
görüşdəydim. "Bratva"dan bir nəfər mənə yaxınlaşıb dedi ki, Mamed
sizinlə görüşmək istəyir. Oğru və onun qonaqlarının görüşdüyü bir
yer vardı, orada görüşdük. Çox normal şəkildə salamlaşdıq, mənim
haqda məlumatlı olduğunu dedi, ürək-dirək verdi. Zonda harda
yaşadığımı soruşdu. Dedim ki, digər dustaqlar kimi barakda
yaşayıram. Mənə zondakı yaşamımla bağlı nə lazımdırsa, kömək edə
biləcəyini dedi. Mən də təşəkkür etdim.
Doğrudan da qaldığım barakın şəraiti çox normal idi. Otağı
xalılarla döşətdirmişdim. Onunla söhbətləşdiyim vaxt, sən demə,
Mamed öz adamını göndərib ki, gedib qaldığım yerə baxsın. Bunu
sonradan bildim.
Mamedlə görüşdən sonra yanıma gələnlərlə görüşə getdim. Bu vaxt
o, iri bir qabda şirniyyat göndərmişdi bizim stola. İçində 1 blok
bahalı xarici siqaret də vardı.
- Doğurdanmı qanuni oğru olduğu yerdə dövlətin qanunu
keçmir?
- Dövlətin qanunları hər zaman keçir, bunu tam əminliklə
deyirəm. Sadəcə, əvvəllər "oğru" olan zonda məmur heyəti ilə dustaq
arasında daha az problem olurdu. Bunu qanuni oğrular tənzimləyirdi.
"Oğru" olmayanda da "bratva" və yaxud "vəziyyətə baxan" olurdu.
Onların vasitəsi ilə hər şey tənzimlənir, problem yaranmırdı.
Əslində, problem ondan yaranırdı ki, keçmiş dövrlərdə həbsxanalara
nəzarət edən bəzi şəxslərin özlərinə inamsızlıqları vardı, bəzi
hallarda isə dustaqlarla münasibətlərdən çəkinirdilər. Ona görə də
hesab edirdilər ki, həbsxanada qanuni oğru olanda dustaqların
yaşamı nizamlanar.
Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunduqdan sonra
vəziyyət kökündən dəyişdi. O, dustaqlara işgəncələrə son qoyulması
ilə bağlı xüsusi tapşırıq vermişdi. Heç bir dustağa işgəncə yolu
ilə cəza verilmirdi, ancaq həbsxana nizamnaməsini pozan dustaqlar
qanuni formada cəzalandırılırdı. Mənə elə gəlir ki, M.Quliyev
gələndən sonra həbsxanalarda nəzarət daha da gücləndi. Fərdlərdən
çox şey asılıdır. Düşünürəm ki, M.Quliyevdə daha çox özünəinam
vardı.
- Bəzən qanuni oğrular da tənqid olunur...
- Düzdür, Rövşən Lənkəranski olayından sonra sosial şəbəkələrdə
bəzi müxalifətçilər yazırlar ki, qanuni oğrular nəyə görə hökumətə
qarşı çıxmırlar və s. Hökumətlə mübarizə aparmaq siyasi
partiyaların işidir, qanuni oğruların yox. Buna görə də onları
hökumətə müxaliflik etməməkdə günahlandırmaq olmaz. Onlar əsasən
siyasətə qarışmırlar, onların öz kriminal həyatları var, həbsxanada
olan qanuni oğrular isə, sadəcə, həmin zonda "vəziyət"in olmasına
çalışırlar. Ümumiyyətlə, qanuni oğruların siyasətə transferinin acı
nəticələrini biz Rusiya timsalında görə bilərik. Putin hakimiyyətə
gəldikdən sonra Rusiyada bəzi qanuni oğrular adlarından imtina
edərək, siyasətə qoşuldular. Onların bəziləri deputat oldu,
bəziləri isə şəhər meri vəzifəsini belə tutdu. Məsələn, Rusiyanın
Perm şəhərinin meri keçmiş qanuni oğrudur. Şəhər əsl kriminal
qanunlarla idarə olunur.
- Həbsxana rəhbərliyinin qanuni oğrulara münasibəti
maraqlıdır...
- Ümumiyyətlə, yazılmamış oğru qanunlarına görə, qanuni oğru
hansı zona girirsə, orada "vəziyyət" qurmalıdır. Müəyyən anlaşma
olmadısa, qanuni oğru orada fəaliyyət göstərə bilməz, ümumiyyətlə,
orada ola bilməz. Ola bilsin ki, onlar arasında dustaqların
şəraiti, saxlanma qaydaları və s. haqda razılıq olsun.
Müasir oğrular...
- Sovet İttifaqı dağıldıqdan sonra, belə deyək, "oğru
qaydaları" da dəyişdi. Bunun səbəbi nə idi?
- Oğru qanunları yazılmamış qanunlardır. Sovet dövründə oğru
qanunları sərt idi və ümumi bir yanaşma vardı. Sovet oğru qanunları
dünyanın mafioz strukturlarından fərqli idi. Sovet cəmiyyəti qapalı
idi və o dövrün qanuni oğrularının mafiya qanunlarına uyğun
qaydaları yox idi. Deyək ki, onlar üçün müəyyən şeylər var idi ki,
bu, qırmızı xətt sayılırdı. Ayrıca, o dövrdə böyük pullar, biznes
maraqları yox idi. Oğruya bizneslə məşğul olmaq qadağan idi.
Sonradan, 90-cı illərdə keçmiş postsovet ölkələrinin qanuni
oğruları tədricən mafiya qanunlarını tətbiq etməyə başladılar.
Sovet dövründə taclandırma olurdu. Bunun üçün də birbaşa razılıq
Moskvadakı "böyük sxodka"dan gəlirdi. Dövlətlər necə idarə
olunurdusa, oğru aləmi də elə idarə olunurdu, mərkəz Moskva idi.
SSRİ dağılsa da, oğru aləmində bu qayda qalır – Moskva paytaxt
rolunu hələ də saxlayır.
İttifaq dağıldıqdan sonra sovet qanuni oğruları Qərb və
Türkiyənin mafiya strukturlarına transfer olunmağa başladılar.
90-cı illərin əvvəllərindən oğru dünyasında parçalanma başladı:
bəzi qanuni oğrular mafiya qaydaları ilə, bəziləri isə köhnə
qaydalarla yaşamağı üstün tutdular.
Qərb mafiya qruplaşmalarına üz tutanların yavaş-yavaş leqal
biznesləri də oldu, böyük bizneslərə havadarlıq da etməyə
başladılar. Ortada böyük pullar dövr etdiyindən böyük savaşlar da
başladı.
- Mövzunu bir qədr konkretlşdirək: Rövşən Lənkəranski
ilə bağlı hadisələr nə vaxt mürəkkəb hal aldı?
- Əvvəllər Lənkəranski də Ded Xasan qruplaşmasının üzvü idi və
Ded Xasanın rəhbərlik etdiyi tək "sxodka" vardı. Eynən sovet
dövründə olduğu kimi. Bir müddət sonra Ded Xasan Tariel Oniani və
Camal Mikeladzenin qanuni oğru adını əlindən aldı. Onlar Ded Xasana
qarşı cəbhə açdılar. Bundan sonra naməlum səbəbdən Ded Xasan
Lənkəranskinin də oğru adının alınmasına qərar verdi. Lənkəranski
də buna etiraz etmişdi. Bu zaman artıq Ded Xasana qarşı cəbhə
açılmışdı. Merab Canqveladze də daxil olmaqla, bir qrup oğru
Rusiyada qala bilmədi. Onlar əvvəlcə bir müddət Ukraynada, sonra
Dubayda yaşadılar. Son vaxtlar isə Türkiyədə mənzillənmişdilər.
Ded Xasan öldürüldükdən sonra başqaları ilə bərabər, bu qətldə
Rövşənin də adı hallanmağa başladı. Bu səbəbdən Rövşənin qətli ilə
bağlı nəsə demək çox çətindir. Hamının gözü Ded Xasan klanına
rəhbərlik edən Şakro Molodoydadı. Rusiya mətbuatı da bunu yazıb.
Amma üçüncu bir qüvvənin də olması istisna deyil.
- Həmid Herisçi Lənkəranskinin qətlini Qərb kəşfiyyatına
bağlamışdı...
- Hadisənin o radiusda baş verməsinə inanmıram.
- Rövşənin ölümünü necə qarşıladınız?
- Rövşən Lənkəranski nüfuzlu adam idi. Bunu qəbul etməmək mümkün
deyil. Açığı, onun ölümünə təəssüfləndim, cəmi 41 yaşı vardı,
azyaşlı övladları var.
- Sosial şəbəkələrdə bəziləri bu hadisəni sıradan bir
qətl olduğunu yazır...
- Əlbəttə, kriminal statuslu şəxslərin həyatı bütün dünyada
medianın diqqətində olur. Bu, həm də ona görədir ki, bu aləm
cəmiyyət üçün bir az sirlidir. Lakin dünya mediasında bu, daha çox
xəbər qismində tirajlanır. Bizdə isə bu olay deyərdim ki, bir qədər
həddini aşdı. Cəmiyyətimiz son zamanlar hər şeyə reaksiya verməyə
öyrəşib. Belə olmaz. Hər kəs bildiyi sahədən danışmalıdır.
Azərbaycanda kriminal jurnalistika çox inkişaf etməyib,
jurnalistlərin əksəriyyətinin kriminal aləmdən demək olar ki,
xəbəri yoxdur. Sosial şəbəkələrdə və mediada Rövşən Lənkəranskinin
Rusiyada həmyerlilərimizə arxa-dayaq olması xəbərləri ilə bağlı o
qədər də məlumatlı deyiləm. Ancaq onu bilirəm ki, son illərdə onun
özünün problemi çox idi, düşmənləri artmışdı. Sovet dövründə olduğu
kimi, söz müharibəsi getmirdi, ortada silahlar danışırdı.
Ümumiyyətlə, Rövşən Lənkəranskinin qətlindən sonra bu mövzu ölkə
mediasında həddindən çox aktuallaşıb. Ancaq qanuni oğru aləmi
barədə təsəvvürlər olduqca azdır. Əslində, uzun müddət həbsdə
olmağıma baxmayaraq, mənim də bu sahədə təsəvvürlərim çox deyil.
Ancaq az da olsa gördüyüm, bildiyim var. Qanuni oğrular öz
həyatları haqda danışmağı sevmirlər. Onlarla ünsiyyətdə olarkən
daha çox sənə danışmağa şərait yaradırlar.
- Lənkəranski ilə Lotu Quli arasında ədavət var
idi...
- 2005-ci ildə ilə Quli ilə bəzi azərbaycanlı qanuni oğrular
arasında müəyyən ziddiyətlər var idi. O zaman Lotu Quliyə qarşı
bəzi ittihamlar səsləndirilirdi. Quli isə bu ittihamları rədd edir
və ona "oğru" titulunun 2000-ci ildə Dubayda Ded Xasan tərəfindən
verildiyini qeyd edirdi. Lakin Quliyə qarşı ittihamlarda
Lənkəranskinin adı hallanmırdı.
Uzun mübarizədən sonra Ded Xasan, ölümündən bir müddət öncə,
Qulinin qanuni oğru olduğunu dedi. Onun bu sözü deməyi az qala 10
il çəkmişdi. Ded Xasanın bu açıqlamasından sonra azərbaycanlı
qanuni oğrular da Lotu Quli ilə hesablaşdı. Ancaq mən həbsdə
olduğum müddətdə Quli ilə Lənkəranski arasında ciddi ədavətin
olmasıyla bağlı hər hansı söhbətlər yox idi.
Quli soruşdu Ruslan kimdir?
- 2005-ci ildə Lotu Quliylə də
görüşmüşdünüz...
- Onda mən Bayıl türməsinin 5-ci korpusunda idim. Ora "ölüm
korpusu" deyirdilər. Çünki sovet vaxtı güllələnməyə gedənləri ora
aparıblar. Bir neçə gün idi ki, həbs olunmuşdum. Bir gün kamerada
oturmuşduq. Bir nəfər bizim olduğumuz kameranın nəfəsliyinə
yaxınlaşdı. Hamı durdu ayağa, özümdən asılı olmayaraq mən də
durdum. Orta boylu, idmançı görkəmli adam idi. Soruşdu ki, Ruslan
kimdi, dedim, mənəm. Əhvalımı soruşdu, haqqımda mətbuatdan
oxuduğunu dedi. Sonra gəzintidə olanda yenə görüşdük. Xeyli söhbət
etdik. Açığı, məndə savadlı, mütaliəli bir insan təsiri oyatdı.