Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.
AzərTac-ın məlumatına görə, dövlətimizin başçısı rayonda bir
sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında
iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə Sabirabad şəhərinin mərkəzi
meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə
gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov dövlətimizin
başçısına meydanda aparılan abadlıq işləri barədə məlumat
verdi.
X X X
Sonra Prezident İlham Əliyev
Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun
açılışında iştirak etdi.
Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri
barədə məlumat verildi. Bildirildi ki, 22 min nəfərin yaşadığı 12
yaşayış məntəqəsini birləşdirən bu yol ən müasir səviyyədə inşa
edilib. Uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi
tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal dirəyi,
12 dayanacaq quraşdırılıb.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti
kəsdi.
X X X
Daha sonra Prezident İlham Əliyev Sabirabad şəhərində əsaslı
şəkildə yenidən qurulan Mədəniyyət Evində yaradılan şəraitlə tanış
oldu.
Qeyd edildi ki, ikimərtəbəli bina ən yüksək səviyyədə, həm də
müasir üslubda təmir edilib. Mədəniyyət Evinin 377 yerlik akt
zalında Sabirabadın mədəni həyatında baş verən hadisələri qeyd
etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri
keçirmək üçün hərtərəfli şərait yaradılıb. Burada zəngin kitab
fondu, oxu zalı və 20 yerlik konfrans zalı var.
X X X
Sabirabada səfəri çərçivəsində dövlətimizin başçısı Heydər
Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının
açılışında da iştirak etdi.
Prezident İlham Əliyev uşaq bağçasının rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, 100 yerlik uşaq bağçasında balacaların
təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün
hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 80 uşaq 4
qrupda təlim-tərbiyə alacaq. Burada uşaqların intellektual, fiziki
və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə
çıxarılması diqqət mərkəzində saxlanılır.
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad şəhərinə
içməli suyun verilməsi mərasimində iştirak etdi.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov
dövlətimizin başçısına məlumat verdi ki, 2030-cu ilə qədər
perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın,
Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min
nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanan bu
layihə çərçivəsində Kür sutəmizləyici qurğularından 62 kilometr
uzunluğunda magistral su kəməri tikilib.
Layihənin davamı olaraq Sabirabad şəhərində 135 kilometr
uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunacaq, çirkab
sutəmizləyici qurğu tikiləcək.
Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı ölkə üçün indiyədək əsas problemlərdən biri
olan içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı işlər
görüldüyünü dedi. Bildirdi ki, Sabirabadda icrası başa çatan içməli
su layihəsi görülən işlərin davamlı olduğunun təsdiqidir. Prezident
İlham Əliyev Sabirabad və Saatlı şəhərlərinin və bu rayonların 40
kəndinin keyfiyyətli içməli su ilə təchizatını təmin edən layihənin
başa çatması münasibətilə sakinləri təbrik etdi.
Azərbaycan Prezidenti ölkədə sosial məsələlərin əsas prioritet
olduğunu deyərək bu sahədə Sabirabadda görülən işlərdən razılığını
ifadə etdi. Bildirdi ki, dövlət bütün sosial layihələrin həyata
keçirilməsinə bundan sonra da dəstək verəcək.
Dövlətimizin başçısı suyun verilməsini bildirən düyməni
basdı.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional "ASAN
xidmət" mərkəzinin açılışında iştirak etdi.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, dördmərtəbəli binanın tikintisi ən yüksək
standartlara uyğun həyata keçirilib. Həyətdəki uşaq
avtoşəhərciyində balacaların yol hərəkəti qaydalarını öyrənmələri
və yol nişanlarını tanımaları üçün bütün şərait yaradılıb.
Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olarkən
bildirildi ki, "ASAN xidmət" mərkəzinin fəaliyyətindən Sabirabad da
daxil olmaqla Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan
rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini
yararlanacaq. Artıq "ASAN ödəniş" sisteminin tətbiqinə başlanılıb.
Yaxın gələcəkdə ödəniş terminallarının ictimai yerlərdə
quraşdırılmasına başlanacaq.
Prezident İlham Əliyevə "Google glass" - biometrik tanınma
sistemi barədə də məlumat verildi.
Bildirildi ki, "ASAN xidmət" sistemində ilk dəfə burada miniatür
tropik meşə layihəsinin tətbiqinə başlanıb ki, bu da bina daxilində
havanın təmizlənməsini nəzərdə tutur.
Dövlətimizin başçısı səyyar "ASAN xidmət" avtobuslarında
yaradılan şəraitlə də tanış oldu. Ən müasir server və şəbəkə
avadanlığının quraşdırıldığı bu avtobuslarla 2014-cü ildə 25
məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu
çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin
olunub.
Qeyd edildi ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq
tikilib.