Martın 11-də təkbətək görüş başa çatdıqdan sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan
İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə
görüşü olub.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: "Hörmətli
cənab Prezident, nümayəndə heyətinin üzvləri. Sizi Azərbaycanda bir
daha salamlamaq istərdim. Əminəm ki, Sizin səfəriniz ikitərəfli
əlaqələrimizin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edəcək. Ölkələrimiz arasındakı qardaşlıq əlaqələri iki müsəlman
ölkəsinin əməkdaşlığının yaxşı nümunəsidir. Əminəm ki, səfərinizin
çox yaxşı nəticələri olacaq".
Prezident deyib ki, bu gün ölkələrimiz arasında əməkdaşlığın
dərinləşməsini təmin edəcək mühüm sənədlər imzalanacaq: "Bizim
aramızda çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın
əsasını xalqlarımız arasında qardaşlıq əlaqələri təşkil edir. Sizin
səfəriniz siyasi, iqtisadi, mədəniyyət, elm, texnologiya, müdafiə
sənayesi sahələrində tərəfdaşlığımızın gücləndirilməsində mühüm
addım olacaq. Biz bütün sahələrdə ölkələrimiz arasında daha geniş
əməkdaşlığın olmasını istəyirik.
Əlbəttə ki, biz Sizin Azərbaycanın mövqeyini beynəlxalq
təsisatlarda dəstəkləməyinizi yüksək qiymətləndiririk. Biz bütün
beynəlxalq təsisatlarda Pakistanı dəstəkləyirik. Bu, bizim səmimi
əməkdaşlığımızın və əlaqələrimizin yaxşı nümunəsidir.
Dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə Sizə
olduqca minnətdaram. Bilirəm ki, Sizi böyük nümayəndə heyəti
müşayiət edir. Ümidvaram ki, müvafiq hökumət rəsmilərinin də
bir-biri ilə danışıqlar aparmağa və birgə gələcək fəaliyyəti
planlaşdırmağa vaxtı olacaq. Əminəm ki, yaxşı nəticələr əldə etmək
üçün səfəriniz nəticəsində bizi birləşdirən bütün sahələrdə konkret
planımız olmalıdır və sonra onlar bizim təlimatlarımızı necə yerinə
yetirdikləri barədə bizə məruzə edəcəklər.
Cənab Prezident, bir daha xoş gəlmisiniz. Əminəm ki,
Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz".
Pakistan Prezidenti Məmnun Hüseyn çıxış edərək dedi: "Çox sağ
olun, cənab Prezident. Məni qardaş ölkəyə - Azərbaycana dəvət
etdiyiniz üçün Sizə bir daha təşəkkür etmək istəyirəm. Azərbaycana
gəldiyim andan, elə hava limanından mənə göstərilən səmimi qəbula
görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bununla belə, bir çox
beynəlxalq məsələlərdə bizimlə apardığınız tərəfdaşlıq, bizə
göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Məsələn, Cəmmu
və Kəşmir məsələsi kimi mövzularda bizi daim dəstəkləyirsiniz və
prinsipial mövzulara gəldikdə, onların əvvəlki illərdə qəbul
edilmiş BMT qətnamələrinə uyğun olaraq həll edilməsini hər zaman
dəstəkləmisiniz.
Habelə əmin edirik ki, biz Dağlıq Qarabağ məsələsində Sizi
dəstəkləyirik və bunu gələcəkdə də, inşallah, davam edəcəyik. Bəzi
"qonşular" tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bir sıra
zorakılıqları pisləyirik. Xocalı qətliamını qətiyyətlə pisləyirik.
Sizi əmin edirəm ki, hər bir çətin və ya yaxşı məsələnizdə sizinlə
birlikdəyik.
Cənab Prezident, Sizinlə müzakirə etdiyimiz kimi, ölkələrimizdə
gözəl imkanlar var. İndi müsəlman dünyası bilməlidir ki,
bir-birimizə kömək edərək, bəlli sahələrdə bir-birimizin
təcrübəsindən istifadə edərək daha güclü olmalıyıq".