Bakıda üç gün əvvəl özünü yandıran 20 yaşlı Məlakə
Bayramlını özünü öldürmə həddinə çatdırmasında günahkar bilinən
şəxs saxlanılıb.
"Axar.az"ın Bakı Şəhər Baş Prokurorluğunun
mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin iş üzrə
cinayəti törətməkdə şübhəli bilinən Əli Həbibli artıq saxlanılıb.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq
hərəkətləri davam etdirilir.
Xatırladaq ki, yanvarın 30-da saat 10:30 radələrində Lənkəran
şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan
Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə
tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq
yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib.
Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi
qiymətləndirilir.
Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib
ki, M.Bayramlı 1990-cı ildə Lənkəran şəhərində anadan olub, 29
oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli
Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi
xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran
şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə
görüşərək yaxın ünsiyyətdə olublar.
Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı
M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi
Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə
aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd
olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli
tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə
olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və
şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.
M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından
cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq
toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi
barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya
göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah
edilib.
Eyni zamanda M.Bayramlının Ə.Həbibli və digər hərbi
qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə
toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə
Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.
Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini
davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər
pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan
hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.
Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq
aparılır.