Prezidentinin müavini və müşaviri bu məsələdə
bir-birinə qarşı çıxdı
İran rejimi Azərbaycan türklərinin ölkə
konstitusiyasının 15-ci maddəsinə istinadən ana dilində təhsil
almaq hüququnu tanımamaqdan ötrü müxtəlif bəhanələrlə çıxış edir.
Ancaq deyəsən, nəhayət, buzlar əriməkdə və 40 milyona yaxın
soydaşımızın "Türk dilində mədrəsə olmalıdır hər kəsə!"
hayqırtıları öz bəhrəsini verməkdədir.
Belə ki, sonuncu dəfə prezident Həsən Ruhaninin daha bir müavini
xanım İlham Əminzadə bu haqda danışıb və ümidverici fikirlər
söyləyib. O, anayasanın 15-ci maddəsinin icra ediləcəyini bildirib.
İ.Əminzadə, Əlborz vilayətində vəkillərin birinin 15-ci maddə
barədə sorğusuna cavabında deyib ki, bu maddə ciddiyyətlə icra
ediləcək. Sevindirici hal odur ki, İran rəsmisi bu barədə
danışarkən saxta və soydaşlarımızı qəzəbləndirən "azəri" sözündən
yox, "İran türkləri" ifadəsindən istifadə edib.
Ancaq türk dilində təhsilə qarşı çıxanların sayı az deyil və
onlar bu təşəbbüsü aqressivliklə qarşılamaqdadır. GunAZ.TV-nin
xəbərinə görə, bu mövzuda əvvəllər səslənən fikirlərə bir çox İran
rəsmiləri, mətbu orqanlar və bəzi millət vəkilləri etiraz edib,
qeyri-fars millətlərinin dilində təhsili lazımsız sayıb, qurğu kimi
qiymətləndiriblər.
Dini və etnik azınlıqlar üzrə İran prezidentinin müşaviri Əli
Yunisi ana dilində təhsili əhəmiyyətsiz məsələ kimi təqdim etməyə
çalışıb. O, "Etimad" qəzetinə açıqlamasında deyib: "Bu tələb (ana
dilində təhsil) bir intellektual və məhdud tələbdir. Bu ümumi bir
istək deyil. Mən özüm də bu tələbi dəstəkləyirəm, lakin anlatmağa
çalışıram ki, bu məsələ bir ümumi tələb deyil. Məsələn Təbriz,
Kürdüstan və Bəlucistan əhalisinin əsas məsələsi bu deyil (?C.T.).
Ona görə ki, onlar ana dilində danışır və milli dildə yazır və
təhsil alır. Bu iki məsələni bir-birindən ayırmaq lazımdır: Birisi
ana dildə tədris, birisi isə ana dilin tədris. Bu ikisi bir-biri
ilə fərqlənir. Hazırda Təhsil Nazirliyi məktəblərdə ana dilin
tədrisinə hazırlaşır. Hər kəs istəsə buyursun. Mən indidən deyə
bilərəm ki, əgər könüllü xarakter daşıyarsa, tələbələrin sayı az
olacaq. Ona görə ki, uşaqlar ana dillərini bilirlər və bir
dərsliyin tədrisinə ehtiyacları yoxdur. Həmçinin hazırda bütün
vilayətlərdə teleradionun proqramları əsasən ana dilindədir. Lakin
rəsmi dil fars dilidir və heç nə bu dilə ziyan vurmamalıdır".
Sözdə mədəniyyətşünas kimi tanınan Həsən Ənvəri də hökumət xəbər
agentliklərinin birinə danışarkən deyib ki, "yerli dillərdə təhsil
anayasada qeyd olunsa da, bu layihənin icrası İran millətinin
məsləhətinə deyil". Fars şovinisti ardınca deyib: "Məncə bu iş,
yaxşı iş deyil. Bu iranlıların birliyi, İran milləti və fars dilinə
ziyanlıdır. Mən düşünürəm ki, belə bir qərar verilməməlidir. Ona
görə ki, fars dili müxtəlif İran qövmlərinin vasitə dilidir və
yerli dillərdə təhsil fars dilinə ziyan gətirər".