Ermənistanın "Azad Demokratlar" partiyasının rəhbəri
Xaçatur Kokobelyan oktyabrın 30-u Yerevanda Kollektiv Təhlükəsizlik
Müqaviləsi təşkilatı (KTMT) Parlament Assambleyasının təhlükəsizlik
və müdafiə komissiyasının 2 günlük toplantısında Rusiyanın
Azərbaycana silah satmaq məsələsini qaldırıb və qeyd edib ki, belə
razılaşmalar regionda stabillik və təhlükəsizliyin möhkəmlənməsinə
mane olur:
"Əgər Azərbaycanla Rusiya arasındakı 4 milyard dollarlıq
razılaşma "biznes plan" adlandırılırsa, o zaman KTMT ciddi struktur
sayıla bilməz".
O, həmçinin qeyd edib ki, onun rus həmkarları da bununla
razıdırlar və bu məsələ ciddi müzakirə olunmalıdır.
Rusiya Ermənistanın arzusuna mane olur
Ermənistanlı partiya lideri Kokobelyanın Azərbaycanın Rusiyadan
silah almasına etirazı haqda politoloq Vəfa Quluzadənin fikirlərini
öyrəndik.
Öncə ekspert bu yaxınlarda Ermənistanın gömrük bazasında olan
rus generalının verdiyi bəyanatı xatırlatdı: "Əgər Azərbaycan
torpaqlarını güclə azad etmək istəsə, onda Rusiya sözsüz ki,
Ermənistanın tərəfində döyüşəcək".
Azərbaycanın silah almasıyla bağlı erməni siyasətçinin fikrini
isə belə izah etdi:
"Bunların hamısının səbəbi birdir - Rusiya generalının bəyanatı
Ermənistanda daxili vəziyyətə təsir etmək üçündür. Azərbaycan heç
də Ermənistana hücum etmək arzusunda deyil. Bunun hamısı
Ermənistanın ictimai rəyini inandırmaq istəyirlər ki, Rusiya olmasa
Ermənistanın işi pis olar. Çünki Rusiyanın mövqeyi Ermənistanda
artıq çalxalanıb və yaxın gələcəkdə Ermənistan tələb edəcək ki,
Rusiyanın gömrükdəki bazası Ermənistanı tərk etsin. Ona görə bunlar
öz vəziyyətlərini möhkəmləndirmək üçün bu gün bu cür bəyanatlara əl
atır və bu bəyanatı verən də sözsüz ki, Rusiyanın hakimiyyətə
gətirdiyi agenti olacaq.
Ermənistana gəlsək, xalq kimi və bir dövlət kimi onların marağı
Azərbaycanla sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədlərin
açılmasıdır. Rusiya isə müxtəlif yollarla bunların hamısına
maneçilik törədir".