Hesablama Palatasının
növbəti kollegiya iclası keçirilib.
Hesablama Palatasından Axar.az-a verilən məlumata görə, sədr
Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət
büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən, dövlət
büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat
fondlarından Qobustan Rayon İcra Hakimiyyətinə (RİH) ayrılan
vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət
tədbirinin nəticələri müzakirə edilib İclasda yoxlama qrupunun
məlumatı və fəaliyyət istiqaməti üzrə məsul auditorun təqdim etdiyi
hesabat dinlənilib.
Auditor RİH tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və
ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi
razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma
müqaviləsi bağlanıldığını, bitum və yanacaq-sürtgü materiallarının
qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə
məbləğinin müvafiq prosedur qaydalara riayət edilmədən
artırıldığını, istismara qəbul edilən bir neçə obyektin müvafiq
qaydada uçota alınmadığını və əsaslı vəsait qoyuluşu üzrə kreditor
borcların balansda əks etdirilmədiyini diqqətə çatdırıb.
Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün
ayrılmış vəsaitin bəzi hallarda təyinatının dəyişdirildiyini
bildirən auditor RİH tərəfindən malların (işlərin və xidmətlərin)
satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra
hallarda riayət edilmədiyini, həmçinin məbləğ məhdudiyyətini aradan
qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək
satınalma metodu dəyişdirilməklə icra olunduğunu, həmçinin yolların
əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş
vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edildiyini,
yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında
işlərin həyata keçirildiyi ünvanların tam göstərilmədiyini
deyib.
Eyni zamanda, mal-material qiymətlilərinin uçota alınması,
yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində nöqsanlara yol
verildiyi, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından
ödəmə mənbəyindən vergi tutulmadığı, RİH və tabeliyindəki qurumlar
tərəfindən maliyyə hesabatlarının qüvvədə olan müvafiq təlimatlara
uyğun aparılmadığı qeyd edilib.
Auditor RİH-in müəyyən olunmuş nöqsanların bir hissəsinin audit
zamanı aradan qaldırdığını bildirərək podratçı təşkilatlarla
satınalma müqavilələrinin bağlanılması və büdcə vəsaiti hesabına
malların (iş və xidmətlərin) satın alınması zamanı bu sahəni
tənzimləyən normativ hüquqi aktların tələblərinə tam riayət
olunmasına, başa çatmış obyektlərin vaxtında istismara qəbul
edilərək müvafiq balans hesablarında düzgün uçota alınmasına
nəzarətin gücləndirilməsini zəruri hesab edib. Eyni zamanda büdcə
vəsaitlərin təyinatının dəyişdirilməsinin normativ hüquqi aktların
tələblərinə uyğun həyata keçirilməsi, mühasibat uçotunun təşkili və
aparılması ilə bağlı fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiq
hesab olunub.
İclasda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının
layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul edilib.
Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qərarın
surəti RİH-ə göndərilib, auditin nəticələri üzrə Milli Məclisinə
məlumat təqdim olunub.