Yuxarı

Şuşa qayasında əlbəyaxa döyüş

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Səhər qarabasma ilə açılmışdı sanki. Təbiət ayılsa da, gözləri qapalı idi hələ.

Dönə-dönə diksinib ayıldığından ürəyi ayaqları altına düşmüşdü elə bil. İndi sükut qorxuya çevrilmişdi, səssizlik vahimə saçırdı; indi silahlar susanda ürəklər nigaran olur, mərmilər yerin altını üstünə çevirməyəndə qulaqlar kar olurdu; indi hər partlayışdan sonra alovun içindən burum-burum qalxıb ətrafı qaraldan tüstü gözləri yaşartmayınca gözlər kor olurdu.

Qayalar çırpınır, torpaq diksinmiş ürək kimi döyünürdü. Bu döyüntü yüksəklikdə, qayaların üstündə daha aydın hiss olunurdu. Torpağın ürəyi döyündükcə, nəbzi vurduqca qayaların üstündə pusquda durub səksəkə içərisində ətrafı müşahidə edən düşmənin vücudu tir-tir titrəyir, ruhu tələyə düşmüş vəhşi kimi çabalayırdı.

Bir gün qabaq Laçın qayalarından yürüşə başlamış dumanın bir qanadı Daşaltıda qırılıb qalmış, bir qanadı Şuşaya qalxsa da, çırpınıb-çırpınıb qayaların üzərində yorğun düşmüşdü. Düşmən qayaların üzərində dumana bürünüb gözdən yayınmağa çalışsa da, xüsusi təyinatlılar yerlərini müəyyən etmiş, məhz düşmənin gözləmədiyi, özlərini nisbətən təhlükəsiz hiss etdikləri həmin qayalardan qalxmağa qərar vermişdi.

Axşamın gec saatlarına qədər şəhərin dörd bir tərəfində kiçik çaplı silahlar susmamış, sürəkli atəş səsləri eşidilmişdi. Şəhər ətrafından isə müxtəlif istiqamətlərdə gurlayan tank, minaatan və artilleriya mərmiləri gecə yarıya qədər davam etmişdi.

Qayaların üstündən duman dağı, daşı, dərəni, meşəni qanadları altına almış xəfifcə çırpınan nəhəng bir göyərçin kimi görünürdü. Qayanın üstündə mövqe tutan düşmən silahını aşağı, dumanın qanadları arxasında gizlənən Daşaltı istiqamətdə tuşlamış, səsini udub, xofunu diqqətinə yenmişdi. Qrup rəhbəri baş leytenant Əliqismət Yaqublu hər iki əlini çiyinləri bərabərinə qaldırıb yumruğunu açıb qapamaqla qrup üzvlərinə bir-bir ardınca növbə ilə qayaya dırmanmağı işarə edib kəndirdən yapışdı. Birnəfəsə qayanın yarısına qədər dırmanıb dayandı. Geri qanrıldı. Qrup üzvlərindən ikisi artıq kəndirlərindən yapışaraq arxasınca dartınır, digər üçü isə aşağıda, dərənin içərisində mövqelənərək qayanın yuxarısında mövqe tutmuş düşmən əsgərlərini nəzarətdə saxlamaqla döyüş yoldaşlarının qalxmalarına şərait yaradırdılar.

Döyüş yoldaşları qalxıb komandirləri bərabərinə çatdılar. Hər üçü eyni anda daha bir təkanla qalxıb, başlarının qayanın üstü bərabərində olduğu, düşmən gülləsinin tutmadığı məsafədə dayandı. Arxalarınca dartınan daha üç xüsusi təyinatlı ayaqları bərabərində dayanıb yenidən dəstək mövqeyi tutdu.

Yuxarıda, qayanın üstündə mövqelənib Daşaltı istiqamətini nəzarətdə saxlamağa çalışan düşmən hənir duyub enişə boylandı. Aşağı baxmağa belə cəsarət etmədikləri qayadan ilan kimi sürünüb qalxan duman rəngində, sanki dumandan paltar geyinmiş üç xüsusi təyinatlının alov saçan baxışları ilə göz-gözə qaldı. Sanki qarşılarında insan deyil, qeyri-adi bir varlıq görən düşmən “Yaşma!!!” deyə vahimə içərisində bağıraraq silahını hədəfə çevirməyə cəhd etdi. Qrup rəhbərinin anında atdığı boğazını dəlib keçən bıçaq “Yaşma” sözünü xırıltıya çevirib qanla bərabər havaya püskürdü. Yerindən dikəlib arxası üstə qayanın üstünə çırpıldı.

Xüsusi təyinatlılar kürəklərindən sallanan avtomatlarını dartıb qarşıya, sinələrinin önünə gətirdilər. Uca səslə “Allahu əkbər” deyərək qəfil qayanın üstünə atıldılar. Dərhal da qarşılarına çıxan düşmən əsgərlərini sürəkli atəşə tutdular.

Düşmən gözlənilmədən və ağlına belə gətirmədiyi halda önlərində peyda olan üç Azərbaycan xüsusi təyinatlısını göz-gözə görüncə özünü itirdi. Bir an keçmədi ki, xüsusi təyinatlı qrupun daha üç üzvu qayanın üstündə göründü. Üstlərinə ardıcıl yağan avtomat gülləsindən və xüsusi təyinatlıların ardının indicə qayanın üstündə peyda olma qorxusundan düşmən geri çəkilməyə cəhd etdi. Amma bir an keçmədi ki, ildırım sürəti ilə düşmənin üstünə yeriyən xüsusi təyinatlılar düşmən taqımının tən ortasında göründü. Artıq odlu silahdan istifadənin çətinləşdiyini anlayan baş leytenant Əliqismət Yaqublu avtomatının kəmərini boynuna keçirib cəld arxaya, kürəyinə çevirdi. Dərhal da dartıb bel kəmərinin hər iki tərəfindən sallanan avtomat süngülərini qınlarından çıxardı. Hər iki əlində tutduğu avtomat süngüsü ilə düşmənin üzərinə yeridi. Əllərində parlayan bıçaqların parıltısından gözləri qamaşan düşmən sanki qarşısında altı nəfərdən ibarət Azərbaycan xüsusi təyinatlısı yox, bir ordu gördü; sanki bir kəşfiyyat qrupu deyil, bir ordu ilə üz-üzə gəlmişdi. Cəld və qətiyyətli hərəkətləri ilə düşməni qorxuya salan xüsusi təyinatlılar da sanki illərlə həsrətilə yandıqları Şuşa torpağından qüvvət almışdı, sanki illərlə yollarını gözləyən Şuşa dizlərinə təpər, qollarına güc vermişdi. Alov və nifrət saçan gözlər qorxu və qaçmaq üçün fürsət axtaran gözlərlə göz-gözə qaldı...

Baş leytenant Yaqublunun sağ əlində tutduğu süngü bıçaq düşmən əsgərinin boğazının altından fışıltı ilə sürüşüb hülqumunu kəsib keçdi. Düşmən əsgəri buz kimi soyuq bıçağın təmasını bütün vücudunda hiss etdi. Sol əlində tutduğu bıçaq arxadan ona hücum etmək istəyən düşmən əsgərinin sinəsinə saplandı. Ani də məhv etdiyi düşmənin vücudundan çəkib çıxardığı bıçağı əsgərlərinin arxasından onu nişan almağa çalışan düşmən zabitinə tolazladı. Alnına sancılan süngünün zərbindən geri addım atan düşmən zabiti kürəyi üstə yerə düşdü.

Digər düşmən əsgəri “Yaşmaaa!!!” deyə bağıraraq geri qaçmaq istərkən baş leytenant Yaqublu sol əlindəki süngünü onun ardınca atdı. Düşmən əsgəri kürəyindən saplanan süngünün zərbindən üzü üstə torpağa sərildi.

Düşmən taqımı aralarına sızıb avtomatdan istifadə etmək imkanlarını məhdudlaşdıran, onları əlbəyaxa döyüşə cəlb edən altı xüsusi təyinatlının zəhmindən və hər an qayalardan peyda ola biləcək digər “Yaşma” döyüşçülərinin vəhmindən geri çəkilməyə başladı. Xüsusi təyinatlılar tez-tez yerlərini dəyişməklə düşmənin geri çəkilməsini ləngitməyə, odlu silahdan istifadə etmə imkanlarını əllərindən almağa çalışdı. Cəld və çevik fəndlərlə düşmən əsgərlərini pərən-pərən salan diversiya qrupunun hər bir əsgəri ayrı-ayrılıqda bir neçə düşmən əsgəri ilə çarpışdığı anda qrup rəhbəri Əliqismət Yaqublu döyüşə-döyüşə yetirib, süngülərini cəsədlərdən çıxardı. Silahlarını döyüş meydanında saxlamağı sevməyən xüsusi təyinatlılar düşmənin hər bir həmləsini özlərinə qarşı çevirdi, düşmən əsgərlərinin açdıqları güllələr istiqamətlərini dəyişdirib özlərinin sinələrini parçaladı. Xüsusi təyinatlıların yalnız bıçaqdan istifadə etməklə əlbəyaxa döyüşü düşmən əsgərlərini vahiməyə salmış, geri çəkilmək imkanlarını belə itirdiklərindən, hara gəldi atəş açır, bundan da kəşfiyyat qrupu ustalıqla istifadə edirdi. Vaxt daraldıqca alti nəfərdən ibarət diversiya qrupu ilə ölüm-dirim mübarizəsinə girmiş düşmən əsgərlərinin sayı azalır, qüvvələri tükənirdi.

Kəşfiyyat qrupu isə tapşırığı vaxtında bitirməyə tələsir, canlarını, bədənlərinin müxtəlif yerlərindən aldıqları müxtəlif tipli çoxsaylı yaraları unudub saylarının düşməndən xeyli az olmasına baxmayaraq, aman vermədən düşməni məhv etməyə çalışırdı. Gözləri üst-başları kimi qanla dolmuş, bədənlərindən axan tər yaralarından axan qanla bərabər vücudlarını sarmışdı. Düşmən əsgərlərinin sayı azalsa da, yenilərinin gələcəyi hər an gözlənilirdi. Əməliyyatın nəticəsi haqqında məlumatı isə vaxtında komandanlığa çatdırmaq, vaxt itirmədən tapşırığın ikincı hissəsinə başlamaq lazım gəlirdi.

Kəşfiyyat qrupu dizləri üstə yerə çöküb silahlarını düşmən əsgərlərinin gələcəyi gözlənilən istiqamətdə tuşladı. Baş leytenant Əliqismət Yaqublu əlbəyaxa döyüşdə məhv etdikləri işğalçı ordunun qırx nəfərlik bölüyünün qalaqlanmış cəsədləri arxasında mövqelənib komandanlıqla radio əlaqəsinə girdi:

- Komandir, Şuşa şəhərinin qayalarla qalxdığımız Daşaltı istiqamətində düşmənin təxminən qırx nəfərdən ibarət canlı qüvvəsi məhv edildi. Ətraf öyrənildi. Düşmənin əsas qüvvələrinin Şuşakənd kəndi istiqamətində, Şuşa qalası ətrafında, Laçın-Şuşa və Xankəndı-Şuşa yolu istiqamətində cəmləşmələri müşahidə edilir. Hiss olunur ki, düşmən əsasən ağır texnikanın, çoxsaylı canlı qüvvənin hərəkət edə biləcəyi istiqamətlərdə daha çox qüvvə toplayıb. Əmriniz nədir?

- Yaralanan və şəhid olan varmı, baş leytenant?

- Yaralanan var, şəhid olan yoxdur, komandir!

- Dərhal gəldiyiniz istiqamətdə, əvvəlki mövqeyinizə geri qayıdın və əmrimi gözləyin.

- Oldu, komandir!

Düşmən artıq xüsusi təyinatlıların Daşaltı istiqamətindən qayalarla Şuşaya dırmanmaları haqqında məlumat almışdı. Dərhal həmin istiqamətdə xeyli sayda yaxşı təchiz olunmuş canlı qüvvə göndərildi. Onlar Azərbaycan xüsusi təyinatlılarının göründüyü ərazidə müqavimətlə qarşılaşdı. Amma bu xüsusi təyinatlı qrupun geriyə çəkilmək üçün hazırladığı müvəqqəti müqavimət, qrup üzvlərinin qayalardan aşağı enmələrini təmin etmək üçün atəş-dəstəkdən başqa bir şey deyildi.

Kəşfiyyat qrupunun üzvləri gəldikləri kimi də kəndirlərdən istifadə etməklə ildırım sürəti ilə sıldırım qayalardan bir-bir aşağı endilər. Yalnız sonuncu xüsusi təyinatlı qayanın dibində olanda düşmən qayalardan aşağı, Daşaltı istiqamətində boylana bildi. Amma dərhal da aşağıda mövqelənib yoldaşlarının qayadan enmələrinə şərait yaradan qrup üzvlərinin üzərlərinə yağdırdığı atəş nəticəsində geri çəkilmək məcburiyyətindəqaldılar...

Duman çəkilmiş, qayalar öz sərt üzünü göstərməyə başlamışdı. Boz rəngli yaşmağını endirib cilvə edən təbiət silah səslərindən diksinib donmuş, yollar açılmışdı.

Qayadan enən kəşfiyyat qrupu bir yerə toplanan kimi dərhal təyin olunmuş istiqamətdə hərəkətə başladı. Qrup rəhbəri baş leytenant Əliqismət Yaqublu da daxil olmaqla, altı nəfərdən ibarət qrupun üzvləri bədənlərinin müxtəlif yerlərindən çoxlu sayda həm güllə, həm də bıçaq yaraları almışdı. Amma tapşırığı uğurla yerinə yetirdiklərinə görə heç kim yarasına əhəmiyyət vermir, hamı sevinir, yalnız hərəkət imkanları məhdudlaşmış yaralıları çiyinlərinə götürərək, komanda idarəetmə məntəqəsinə tələsirdilər.

Düşmən artıq qrup üzvlərinin geri çəkildiyi ərazini nəzarətə götürmüş, həmin istiqaməti vurmaq üçün koordinatları artilleriya batareyasına ötürmüşdü. Onsuz da dayanmayan artilleriya atəşinin sayı daha da artmağa başladı. Qayanın başında uzanıb binoklla düşmənin qırx nəfərdən ibarət bölüyünü darmadağın edib, müdafiəsini sarsıdan və qüvvələrini parçalamaqla Azərbaycan xüsusi təyinatlılarının Şuşaya qalxmalarına şərait yaradan kəşfiyyat qrupunun hərəkətini izləyən düşmən zabiti dayanmadan radio ilə danışır, koordinatlar verir, artilleriyanı həmin istiqaməti vurmaq üçün təlimatlandırırdı. Kəşfiyyat qrupu isə ətraflarında partlayan müxtəlif tipli artilleriya qurğularının yağdırdıqları mərmilərə belə əhəmiyyət vermədən irəliləyir, yaralıları tibb məntəqəsinə çatdırmaq üçün tələsirdi...

Ardı BURADA

Tarix
2022.01.03 / 09:00
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla