Yuxarı

Şuşa hücumu: bələdçi şəhid oldu...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Çiynində daşıdığı yaralı döyüş yoldaşını həkimə təhvil verib dərindən nəfəs aldı. Acgözlüklə içinə çəkdiyi Şuşa havası ciyərlərinə yetmədi. Sanki təmiz dağ havası bədəninə azlıq elədi. Çəkib zirehli gödəkcəsini əynindən çıxardı. Avtomat və zirehli gödəkçəsini sol əlində tutub, sağ əlini boynundakı qanı sizan yarasının üstünə basdı. Ağrıdan xəfifcə sızlasa da, yoldaşları duymasın deyə, səsini içində boğdu. Yaralı ayağını çəkə-çəkə yorğun addımlarla döyüşü idarəetmə məntəqəsinə tərəf yeridi.

Qarşısında partlayan qrad mərmisi baş leytenant Əliqismət Yaqublunu havaya qaldırıb bir-neçə metr kənara atdı. Avtomat və zirehli gödəkcəni əlindən alıb havaya uçurdu. Qarın nahiyəsindən başlayan istilik bütün əzalarını bürüdü. Dabanından sızan cərəyan gözlərində parladı.

- Yaqublunu vurdular! – deyə mərminin qaldırdığı toz-torpaq yerə çökən kimi ayağa qalxan döyüş yoldaşları bağırıb onun üstünə qaçdılar: - Həkim, Əliqisməti vurdular, həkiiiim! – deyə əməliyyatdan yenicə qayıtmış yaralıların yarasını sarımaqla məşğul olan sanitarı çağırdılar.

Həkim qaçıb özünü yaralıya çatdırdı. Böyründəcə dizlərini yaş torpağın üzərinə qoyub çantasının içini araşdırmağa başladı. Qanaxmanın qarşısını almaq üçün lazım olan tibbi ləvazimatları çıxarıb yaralıya tərəf çevrildi. Dizləri boşalıb yerə çökdü. Tibbi ləvazimatları kənara atıb, əlləri ilə sifətini qapadı. Haradan başlayacaqdı? Hansı yarasına məlhəm qoya biləcəkdi? Qrad mərmisinin qəlpələri Əliqismət Yaqublunun qarın nahiyəsini parçalamış, bədəninin müxtəlif yerlərini dəlim-deşik etmişdi...

Sifətini qarsan məşəl uzaqlaşdıqca istisi çəkilməyə, yanğısı səngiməyə başladı. Kiprikləri kəpənək qanadları kimi çırpınıb aralandı. Gözləri önündə qızaran dəmir parçaları sönüküb qaraldı. Və getdikcə qaraltısı çəkilib işarmağa, durulmağa başladı. Başının üzərində duran döyüş yoldaşlarını tanıdı. Səslərini eşitməsə də, həyəcanlarını hiss etdi. Xəfifcə gülümsəyib gözlərini qıydı. İncə bir təbəssüm işıq kimi sifətinə yayıldı. Üzünü basmış qap-qara saqqalı da gözləri kimi parlayıb şəfəq saçdı...

- ...Sən də gəlib cıxdın, Cahid?

- Hə, Əli, səni tək qoyardımmı heç?

- Bilirdim, dinc qalan deyilsən, dəcəl... - Boynunun ardından tutub yüngülcə özünə tərəf çəkdi. Uşaqlıqda olduğu kimi saçlarını mehribanlıqla qarışdırıb: - Amma bura dəcəllik yeri deyil, qardaş. Özünü qoru! - Ciddi şəkildə tapşırdı.

- Bilirsən, Əli, rayonda, kənddə hamı səndən danışır, səninlə fəxr edirlər! Mən də dedim ki, mənim qəhrəman qardaşım orda, cəbhədə düşmənin başına od yağdırdığı halda mən arxada niyə qalmışam. Mütləq qardaşımın yanında olmalıyam. Hələ Nurlan da (Əliqismət Yaqublunun kiçik qardaşı) cəbhəyə yazılıb. Bugün-sabah o da burada olacaq, inşallah.

– İnşallah, Cahid! Allah amanında olun, qardaşım!

Çevrilib Cahid Yaqubovu gözləyən komandiri baş leytenant Səid Rəşidzadədən soruşdu:

- Yolunuz haradır, komandir?

- Siz hara, biz də ora, komandir! Yolumuz birdir, inşallah!

- Allah yardımçınız olsun, komandir! - baş leytenant Səid Rəşidzadəyə razılığını bildirib üzünü qardaşı Cahid Yaqubova tutdu:

- Mən indi getməliyəm, qardaş. – Qucaqlaşdılar. - Sən özündən muğayat ol, Cahid. Komandirlərinin sözünə qulaq as. Boşuna özünü güllə qabağına vermə. Ölüm haqdır, şəhadət ölümlərin ən şərəflisidir. Biz bura şəhadət arzusu ilə gəldik. Nəsib olacaqsa, nə böyük səadət. Amma, unutma, şəhadətdən qabaq üzərimizə, - burada olan hər bir zabitin, hər bir əsgərin üzərinə böyük bir vəzifə düşür. O vəzifəni yerinə yetirmək üçün özümüzü qorumalıyıq! – Aralansalar da əllərini bir-birlərindən çəkmədilər. Üz-üzə, göz-gözə durub danışıb dinmədən xeyli baxışdılar. Bir daha görüşə biləcəkdilərmi? Bir daha göz-gözə gələ biləcək, bir daha bir-birlərinin doğma qoxusunu duya, bir-birlərinin mehriban səslərini eşidə biləcəkdilərmi?

Yenidən sarılıb dərindən nəfəslərini içlərinə çəkdilər:

- Haqqını halal et, qardaş! – Əliqismət Yaqublu pıçıldadı.

- Halal olsun, qardaşım! Sən də halal et, Əli!

Ayrılıb əvvəlcə bir neçə addım arxaları üstə geri çəkildilər. Sonra hər ikisi əllərini havada bir-birinə yelləyib təbəssüm saçan baxışlarla vidalaşdılar...

– ...Əliqismət... Əli... Əli! - döyüş yoldaşları ehmalca çağırıb komandirlərini danışdırmağa cəhd göstərdilər. Əliqismət Yaqublu isə hələ də onları eşitmir, xəyalları ilə çarpışır, keçdiyi qısa həyat yolunu varaqlayırdı...

- Camaat təkər çıxarır, sənsə ağac çıxarırsan, neynirsən bu boyda ağacı, Əli? – Həmkəndlisi soruşmuşdu.

Hər il Axırçərşənbəyə bir ay qalmış kəndin uşaqları il boyu toplayıb saxladıqları təkərləri, odun parçalarını min bir əziyyətlə daşıyıb kəndin möhtəşəm, uca Qala dağının, Şahmaruçanın, Sahalın buludlara çatan zirvəsinə yığar, Axırçərşənbə axşamı qalayardılar. Və səbirsizliklə sərhədin o tayında, Cənubi Azərbaycanda olan qardaşlarımızın da Savalana bitişik uca dağların zirvəsində ocaqlarını çatmasını gözləyərdilər. O tayda da ocaqlar çatılanda sevincdən atılıb düşər, yurdumuzun bu ili də qəza-qədərsiz, ağrı-acısız, ölüm-itimsiz keçirdiyindən sevinər, şadlıq edər, bir-birini təbrik edərdilər. Beləcə Güneydəki qardaşları ilə alov dilində danışar, əhvallarından xəbər tutar, dərdləşərdilər. Sərhədin bir tərəfində ocaq qalanmadıqda həmin ildə yurdumuzun bir tayında sıxıntı, ölüm-itim olduğunu öyrənər, canlarından ayrı düşmüş qardaşlarının dərdlərinə şərik olardılar. İllərlə belə danışar, belə dərdləşər, bir-birilərindən belə xəbər tutardılar. Nə Sovetin sərt qanunları, nə fars şovizmi, nə rejimin güllələnmə qorxusu, nə də irticanın dar ağacı kənd sakinlərini qorxudardı. Müxtəlif vasitələrlə mane olmağa, yollarını bağlamağa çalışsalar, Güneydəki azərbaycanlılarla Quzeydəki azərbaycanlıları bir birilərinə həsrət qoysalar da, xalq əlaqə üçün yollar tapar, ocaq dilində, alov dilində danışar, Zərdüşt dilində bir-birilərindən xəbər tutardı...

Lerik rayonunun Kələxan kəndində doğulan Əliqismət Yaqublu hərbi məktəbdə oxuyanda da Novruz bayramlarında imkan tapıb böyüyüb boya-başa çatdığı kəndə gələr, uşaqlıq dostları ilə bərabər Qala dağının başında Axırçərşənbə ocaqlarının qalanması ənənəsini davam etdirərdi. Bu il isə o, həmkəndlilərindən fərqli olaraq Qalanın başına təkər deyil, yekə bir ağac gətirmişdi. Həmin ağacı da təkərlərlə bərabər yandırmaq üçün dağın başına qaldırdığını düşünən uşaqlıq dostları etirazlarını bildirəndə Əliqismət Yaqublu:

– Bu adi ağac deyil, uşaqlar, dirəkdir, bayraq dirəyi, – izahat vermişdi. Və sinəsində daşıdığı üç rəngli bayrağı çıxarıb: - Haydı, uşaqlar, kömək edin! – deyə uşaqlıq dostlarından xahiş etmişdi.

Əliqismət Yaqublunun niyyətini anlayan həmkəndliləri həvəslə ona kömək etməyə girişmişdilər. Əvvəlcə üç rəngli Azərbaycan bayrağını dirəyin uc hissəsinə bərkidib, sonra da köhnədən qalma dirəyi qoparıb, yerində, Qalanın başında yenisini ucaltmışdılar. Zirvədə dalğalanan bayrağa qürurla baxan gələcək zabit:

- Tezliklə bu bayrağı Şuşada və işğal olunmuş bütün torpaqlarımızda dalğalandıracağıq, inşallah! – deyə dostlarından bayrağın altında şəklini çəkmələrini xahiş etmişdi. Ardınca da, artıq gün batandan sonra Axırçənşənbə ocağını qalayıb Qaladan enmişdilər...

... - Həkim, yardım edin, həkim! – Döyüş yoldaşları yaralının başının ucunda oturub hələ də yardım göstərə bilməyən həkimin üstünə bağırdılar: - Nə donub qalmısan, həkim, yardım et!

Sanitar ehmalca başını qaldırıb qapanmış kipriklərini aralamadan üzünü Əliqismət Yaqublunun döyüş yoldaşlarına tərəf çevirdi. Bir-birinə pərçim olmuş kiprikləri arasından göz yaşları xəfifcə gilələnib toz-torpaqdan, his-pasdan bilinməyən yanaqları boyu süzüldü. Qrup rəhbərinin döyüş yoldaşları həkimin ümidsizcəsinə başını yelləməsindən, “Allahım!” deyə başlarını qamarlayıb yerə çökdülər.

- Bələdçi, cavab ver, Bələdçi! – Əliqismət Yaqublunun özündən bir-neçə metr kənarda düşmüş zirehli gödəçəsinin döş cibinə bərkidilmiş radiodan briqada komandiri Ələkbər Cahangirovun səsi eşidildi. Döyüş yoldaşı qaçaraq tez radionu qamarladı:

- Cənab polkovnik, Əliqismət Yaqublunu vurdular! – güclə eşidilə biləcək üzüntülü pıçıltı ilə cavab verdi.

- Nə danışırsan, Yaqublunun kəşfiyyatdan sağ-salamat qayıtdığı haqqında məlumat almışdıq!

- Kəşfiyyatdan yaralı qayıtmışdı, komandir! Amma elə burda da qrad qurğusu ilə vurdular!

- Vəziyyəti necədir!?

- Ağır yaralıdır, cənab polkovnik!

- Təcili olaraq təxliyə edin! Mən onu qarşılamaq üçün həkim briqadası göndərirəm!

- Qorxuram çatdıra bilməyək, cənab polkovnik, yarası çox ağırdır!..

... – Salam, ana, hazırlaşın kəndə gedəcəksiz! – Anası dəstəyi götürən kimi Əliqismət Yaqublu tələsik dilləndi: - Etibar əmiyə demişəm, gəlib sizi götürəcək.

- Mən çoxdan hazıram, Əli, - anası Təranə xanım nəvəsi Məhəmmədi qucağından yerə qoyub arxayınlıqla cavab verdi: - Əminə də əziyyət verməyə ehtiyac yoxdur. Özüm burdan taksiyə oturub gedəcəm evə.

- Yox, ana, uşaqları da aparacaqsız. Əliəsgərlə Məhəmmədə kənddə daha yaxşı olar, - Əliqismətin səsindən uzun danışmaq imkanı olmadığı aydın hiss olunurdu: - Təlimə gedirik, ana.

- Təlimdən axı elə dünən gəlmisən, ay bala! – Anası qeyri-ixtiyari divana çökdü. Əliqismət təlimlərə gedəndə, adətən anası Təranə xanım gəlib onlarda qalar, həddən artıq dəcəl olan nəvələrinin təlim-tərbiyəsi ilə məşğul olar, gəlininə göz-qulaq olardı.

– Etibar əmi artıq Bakıdan çıxıb, ana. Siz nə qədər tez hazırlaşsanız, o qədər yaxşı olar. Əmim gələnə qədər mən də gəlib çıxacam evə...

Evə vaxtından tez, amma hazırlıqlı gəlmişdi, - hərbi səhra forması əynində, zabit çantası da çiynində. Əmisinin gəlişini gözləməyə vaxtı olmadığından onu elə Bakı-Astara yolunda qarşılamağı, yola salıb dərhal da geri qayıtmağı qərara aldı. Tələsik taksi çağırtdırıb yola çıxdılar. Yol boyu əmisinə zəng edib gözləyəcəkləri yeri nişan verdi...

- Bu necə təlimdir, ay qardaş, ay başına dönüm, adam bir nəfəs alar, heç olmasa bir gün uşaqlarının üzünü görüb, sonra gedər! - Əmisi yaxınlaşan kimi anası gileylənməyə başladı: - Bu, dünən təlimdən qayıdıb, bu gün yenə də təlimə gedir!

- Bu dəfə dərs verməyə gedirik, ana, dərs, - anası ilə qucaqlaşıb vidalaşdı: - Dərs bitəndən sonra birbaş kəndə gələcəm, inşallah. Həm də o vaxt istirahət üçün daha çox vaxtımız olacaq!

Uşaqları bir-bir öpüb Məhəmmədi artıq əmisinin maşınında oturmuş anasının, Əliəsgəri isə həyat yoldaşının qucağına qoydu. Anası gənc əsgərlərə dərs verəcəklərini düşündüyü halda:

- Bu nə dərsdir belə, Əli? - deyə əmisi eyhamla soruşdu.

- Düşmən yenə dinc oturmur, əmi, ermənilərə dərs verməyin vaxtı çatdı artıq! – Ailəsini maşında yerbəyer etdikdən sonra bir qədər kənara çəkilib: - Düşmən aprel döyüşlərindən dərs almadı, əmi, - inamla söylədi: - Polad Həşimovun şəhadətindən sonra da onlara yerlərini bildirə bilərdik. Amma cənab Prezident daha əlverişli məqam gözləməyi məsləhət bildi. Artıq məqam yetişir, əmi. Ümidvaram, bu dəfə Ali Baş Komandan öz sözünü deyəcək, inşallah!

- İnşallah, Əli! Allah Sizi qorusun, sağ gedib, salamat, qələbə ilə qayıdın, Əli!

Qucaqlaşdılar.

- Haqqını halal et, əmi!

- Halal olsun, Əli, halal olsun! Sən də halal et, Əliqismət!..

...Zaman da uzaqlaşdı, səma da, xatirələr də. Və dondu, şəhidin sifətindəki təbəssüm kimi. Səma üzünü yalayıb ötən soyuq, amma doğma dumanla, üzüb keçən əlçim-əlçim, amma əlçatmaz buludlarla, zəif dumanın içərisindən güclə sezilən yüksəklikdə qanad çalan dağ qartalı ilə, ətrafında eşidilən güllə səsləri, artılleriya atəşi ilə və bütün bu səslərin içərisindən: - Əliqismət, həkiiiim, həkiiiim, komandir, komandiiir! - deyə döyüş yoldaşlarının həyəcan dolu çırpıntıları ilə dondu.

- Haqqınızı... halal edin! – qırıq-qırıq, zəif pıçıltı ətrafındakı bütün səsləri batırdı: - Atama deyin... məni kənddə, babamın yanında... dəfn etsin! - Atəş səsləri də, küləyin vıyıltısı da, təbiət də bu səsin fonunda susub dondu: - Əşhədu əlla ilahə illəllah... - və silahlar da, külək də, təbiət də yenidən dilə gəlib onunla bərabər təkrar etməyə başladı: - Əşhədu ənnə Muhəmmədən rəsulullah, - başının üstündə durub həyəcanla komandirlərini izləyən döyüş yoldaşları da: - Əşhədu ənnə əmirəl-mumininə Əliyyən vəliyyullah! - qeyri ixtiyari Əliqismət Yaqublunun dediklərini söylədi.

- Komandir... Əli... Əliqismət!.. – döyüş yoldaşları ehmalca sinəsinə toxunub dillənməsini, bir söz deməsini gözlədilər. Əliqismət Yaqublu susdu. Baxışları uzaqlarda, səmanın dərinliklərində gəzdi, sifətinə çökmüş təbəssüm buludların arxasından sızıb parlayan Günəş kimi şölə saçdı, boynu ehmalca ətrafında dizlərini yerə qoymuş döyüş yoldaşlarına tərəf çevrildi...

- Toxunmayın ona, incitməyin ruhunu! – həkim qulağını Yaqublunun sinəsinə qoyub pıçıltı ilə dilləndi: - Əliqismət şəhid oldu, uşaqlar!..

Nəfəslər dondu, hənirlər kəsildi. Ətrafında yerə çöküb susdular.

- Şəhadətin mübarək, qardaş! – Yaralandığını unudub özünü Bələdçinin yanına yetirən döyüş yoldaşı xırıldadı.

- Ruhun şad olsun, Əli!

Göz yaşları içərisində pıçıldadılar:

- Allah səni ən uca məqamı ilə mükafatlandırdı, Əli!

- Qisas bizə qaldı, qardaş!

- Əmin ol, əziz qardaş, sənin də, sənin kimi şəhadətə ucalmış digər qardaşlarımızın da, Xocalı qurbanlarının da, süngüyə taxılan uşaqlarımızın, diri-diri yandırılan qız-gəlinlərimizin də qisasını, Allahın izni ilə, alacağıq!..

...Şuşa, Şuşakənd kəndi ətrafındakı yüksəkliklər və şəhərin bütün ətrafı intensiv artilleriya atəşinə tutulur, düşmən son qüvvəsini toplayıb şəhərə daxil olmağa çalışan Azərbaycan Ordusunun fəaliyyət istiqamətlərdə həm şəhərin mərkəzindən, həm də itirilməmiş şəhərətrafı mövqelərindən sürəkli mərmi yağdırırdı. Avtomat və kiçik çaplı silahlardan açılan güllə səsləri isə getdikcə şəhərin küçələrində eşidilir, mərkəzində əks-səda verirdi...

Ardı BURADA

Tarix
2022.01.10 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla