Ana səhifə Kult |
Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).
Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.
Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.
Əvvəli BURADA
Uçuşu səssiz olsa da, partlayışı qorxunc olan 60 millimetrlik minaatan mərmisi qəfil qarşıda partladı. Müdafiə imkanı belə vermədi. Səssiz, qəfil gəldiyi, partlayış baş verən ana qədər özünü heç bir yolla aşkar etmədiyi üçün əsgərlər 60 millimetrlik minaatanı arzu etməz, məhz 60 millimetrlik minaatanın mərmisindən ehtiyat edirlər.
Düşmənsə bu “casus” silahdan istifadəyə daha çox üstünlük verir, əsasən qumbaraatan, minaatan və digər növ artilleriya atəşindən istifadə etməklə işğal etdiyi əraziləri əlində saxlamağa çalışırdı...
Xüsusi təyinatlılar cəld ətrafa yayılıb bir-birlərindən məsafəli şəkildə yerə uzandılar. Düşmən susdu. Sanki pusquda durub xüsusi təyinatlıların aşkara çıxacaqlarını, görüntü verəcəklərini gözlədi. Xüsusi təyinatlılarsa ətrafı müşahidə edib atəşin açıldığı ərazini təyin etməyə çalışdı.
Müxtəlif istiqamətlərdən atəş səsləri eşidilir, müxtəlif yerlərdə partlayışın qaldırdığı toz-duman diqqəti cəlb edirdi. Qrupun dumanın gəlişini gözləmək qədər vaxtı yox idi. Artıq tarixi hərəkət, illərlə gözlədikləri Şuşa üzərinə yürüş başlamışdı, müxtəlif istiqamətlərdən irəliləyən qruplar səbrlə şəhərə yaxınlaşırdı. Düşmənsə bütün qüvvəsini toplayıb müqavimət göstərirdi.
Xüsusi təyinatlılar mövqeləndikləri yerdən qalxıb Şuşa şəhəri istqamətində hərəkətə başladı. Onlar Daşaltı kəndinin yaxınlığından sızıb Şuşaya qalxacaqdılar. 60 millimetrlik minaatan mərmisi hərəkət etdikləri çığırın sağ çiynindəki ağacları qoparıb üstlərinə sıçratdı. Qəlpələr başları üstlərindən, ətraflarından vıyıltıyla uçuşub yamaclara sancıldı.
Kapitan Təhməzov sol qolunu dəlib yandıraraq keçən qəlpənin hərarətini bütün vücudunda hiss etdi. Qeyri-ixtiyari əlini yaranın üstünə bassa da, qap-qara qanı barmaqlarının arasından sızıb mundirinin qolu boyu süzülməyə başladı. Kapitan Mirzə Musayev qaçaraq özünü qrup rəhbərinə yetirdi. Döyüş yoldaşının yalnız qolundan yaralandığını görüncə:
- Şükür, qorxulu bir şey yoxdur! - deyə özü-özünə təsəlli verirmiş kimi dilləndi. Tez də arxada hərəkət edən həkim Nihal Bədəlovu səslədi: - Cəld ol, həkim, komandir yaralandı!
Sanitar çantasını çiynindən çıxararaq kapitan Təhməzovun yanına yüyürdü. Əlini yaranın üstünə möhkəm-möhkəm sıxan qrup rəhbəri:
- Hərəkətdən qalmayın, uşaqlar, qorxulu bir şey yoxdur, - deyə, yarasını sarımağa icazə vermədi: - Qəlpə sümüyü zədələməyib, belə bir yaradan ötrü vaxt itirməyə dəyməz! – deyib, hərəkəti davam etdirməyi tapşırdı.
Komandirin əmrini yerinə yetirməyə məcbur olsa da, həkim Bədəlov qrup rəhbəri ilə addımını bir atır, onu nəzarətdə saxlamağa çalışırdı. Əslində həkim kapitan Təhməzovun yarasının ciddi olduğunu anlamışdı, dayanmadan qan itirdiyini də hiss edirdi. Amma vaxtın darlığını, zamanında təyin olunmuş yerə çatmağın vacib olduğunu bildiyi üçün komandirinin inadına qarşı getməyib, səbir göstərirdi. Təyin olunmuş yerə günün ikinci yarısı çatdılar. Təyinat üzrə dəstə rəhbəri polkovnik-leytenant Fizuli İmrəliyev radio vasitəsilə mövqelənib tapşırıq gözləməyi əmr etdi. Bir-iki saatdan sonra özünün də onların yanında olacağını bildirdi.
Hava vaxtından tez qaralmağa başlamışdı. Sanki Günəş yorğun düşmüşdü. Dartılıb-dartılıb toratan kimi şüalarını yığaraq səmanın ənginliklərində dərhal öz qınına çəkildi. Qap-qara buludlar bir-birini qovaraq səmada axın etdikcə, işığın üzünü yaxıb dağların boz rəngini qaraldır, qayaların sərt üzünü kolgəsinin arxasında gizlədib, dərələri qap yorğanı ilə ötrürdü. Bayaqdan ağ papaq kimi dağların başında görünən zəif duman da axşamçağının sərin mehində qanadlanmağa çalışdı, amma işığı qovub yox edən qara buludlara qarışıb, əsirə çevrildi. Soyuq üzünü sərt tərəfinə çevirmiş, yorğun düşmüş xüsusi təyinatlıların kürəklərinə yüklənmişdi. Artıq nə durduqları yerdə hərəkət, nə də kürəklərini bir-birinə dayayıb hərarətlərini paylaşmaqla isinə bilirdilər. Dünəndən islanmış paltarları ucları buz bağlamış tikana çevrilib vücudlarına sancılır, aclıq və susuzluq taqətlərini kəsirdi...
Təyin olunmuş yerdə mövqelənib əmr gözləyəcəkdilər. Kapitan Təhməzov qrupun mövqelənməsini və ətrafı müşahidə etməyi kapitan Mirzə Musayevə tapşırıb bayaqdan addım-addım onu izləyən həkim Nihal Bədəlova yarasını sarımağı xahiş etdi. Kapitan Təhməzovun qolu şişməyə, bədəninə ağırlıq etməyə başlamışdı. Xeyli qan itirdiyindən başında kəskin ağrı baş qaldırmışdı. Gözləri qaralır, getdikcə halsızlaşırdı.
Həkim Bədəlov tez tibbi ləvazimatları çantasından çıxarıb yerə düzdü. Qayçını götürüb mundirinin qolunu kəsmək istəyirdi ki, leytenant Cavad Səmidov təyinat üzrə dəstə rəhbəri polkovnik-leytenant Fizuli İmrəliyevin gəldiyini xəbər verdi. Leytenant Səmidov sözünü bitirməmişdi ki, dəstə rəhbəri yaxınlaşıb əlini məruzə etmək üçün ayağa qalxmaq istəyən kapitan Təhməzovun çiyninə qoydu:
- Əyləş, kapitan, durmağa ehtiyac yoxdur. - Yanında yerə çökdü: - Yarası necədir, həkim? – yorğunluqdan şişmiş gözlərini qıyaraq qrup rəhbərinin yaralı qoluna diqqət kəsildi.
- Bir şey deyil, cənab polkovnik-leytenant! - Kapitan Təhməzov həkimin dillənməsinə macal vermədi: - Sadəcə qəlpə sıyırıb, - deyə komandirini arxayınlaşdırmaq istədi.
- Səndən soruşmadım, Ceyhun, - polkovnik-leytenant İmrəliyev üzünü həkimə tərəf çevirib, təkrarlamadan sualının cavabını gözlədi.
Həkim qrup rəhbərinin mundirini qayçıyla kəsərək şişib paltarına pərçimlənmiş qanlı qolundan çətinliklə ayırdı. Diqqətlə yarasına baxıb:
- Şükür ki, qəlpə sümüyü parçalamayıb, cənab polkovnik-leytenant. Amma yarası dərindir. Şişib göyərdiyi, qaralmağa başladığı üçün vaxtında cərrahi müdaxilə edilməsə, qolunu itirə bilərik. Özü də çoxlu qan itirib, – deyə izahat verdi.
- Aydındı, həkim. Diqqətlə müayinə elə, sarğını qoy. Əlində olan bütün imkanlardan maksimum istifadə elə, - deyə hər cümləsi, hər sözü, baxışları yorğunluq ifadə edən polkovnik-leytenant həkim Bədəlova üzünü tutdu: - Elə et ki, heç bir halda amputasiyaya ehtiyac qalmasın. Fürsət yaranan kimi dərhal təxliyə edin! - tapşırıq verdi.
Kapitan Təhməzov yerində dikəlib:
- Mən özümü yaxşı hiss edirəm, cənab polkovnik-leytenant! Sarğıdan sonra daha yaxşı olacaq. İcazə verin, döyüşü davam etdirim! - deyə təxliyə olunmasına narazılığını bildirdi.
- Sənin bir qolunun sıradan çıxma ehtimalı var, kapitan. Belə vəziyyətdə döyüşü davam etdirə bilməzsən.
- Mən tək qolla da atəş açmağı bacarıram, komandir.
- Tək qolla qayalara da dırmanmağı bacarırsanmı, Təhməzov? – Ayağa qalxıb üzünü qarşıdakı qayalara tərəf çevirdi: - Heç bilirsənmi bizi qarşıda hansı tapşırıq gözləyir?! Yoxsa səni ora qaldırmaq üçün daha bir əsgər ayırmalıyıq? – Cavab gözləmədi: - Bax ha, həkim, sonra qolunu kəsmək məcburiyyətində qalmayaq! İlk fürsətdə də hospitala təxliyə edin, – bir daha qətiyyətlə təkrar etdi. Sonra da kapitan Təhməzova tərəf çevrildi: - Allah şəfa versin, Ceyhun. Müalicə olunub tezliklə sıralarımıza qayıdarsan, inşallah.
Qərardan narazı qalsa da:
- İnşallah, çox sağ olun, komandir! – deyə Təhməzov sözünü deyən kimi uzaqlaşmaqda olan polkovnik-leytenant İmrəliyevin ardınca səsləndi...
Axşam yağış yağmasa da, gecə yarı başlayan çiskin döyüş yoldaşlarının tapıb ona verdiyi əsgər örtüyünü qısa bir müddətdə tamamilə islatdı. Səhərə qədər nazik və tamamilə islanmış yorğanın altında diş-dişə döydü. Səhəri dirigözlü, hərarət içərisində açdı. Erkəndən xüsusi təyinatlıların yeni bir kəşfiyat qrupunun Daşaltıya yaxınlaşması və bundan sonrakı döyüş əməliyyatlarını həmin qrupla koordinasiyalı şəkildə davam edəcəkləri haqqında məlumat aldı. Amma bu döyüşdə o, iştirak edə bilməyəcəkdi. Həkim Bədəlovun sarğısını belə dəyişdirməyə macal, döyüş yoldaşlarının halallaşmağa belə fürsət tapmadan ondan ayrılması kapitan Təhməzovu sarsıtmış, ruhdan salmışdı. İllərlə bərabər xidmət etdiyi, ağır sınaqlardan üzüağ, alnıaçıq çıxdığı, qaynayıb-qarışdığı döyüş yoldaşlarından, doğma qardaşlarına bərabər olan əsgərlərindən ayrılması qrup rəhbərini kövrəltmiş, nigaran salmışdı. Bu qədər çətin yolu qət edib, bu qədər ağır və amansız döyüşlərdən sağ-salamat keçib, son - həlledici döyüşdə iştirak edə bilməməsi kapitan Təhməzovun qüruruna toxunmuşdu.
Pərişan və küskün şəkildə təxliyə olunacağını gözləyən zaman üzünü saqqal basmış, baş leytenant rütbəli tanıya bilmədiyi bir zabit ona yaxınlaşıb:
- Ceyhun, bu sənsən?! – deyə az qala bağıraraq soruşdu.
Başını qaldırıb diqqətlə zabitin sifətinə baxdı. Səsində doğmalıq duysa da, dünəndən bəri qanitirmədən, neçə günün aclıq və susuzluğundan, yorgunluq və halsızlıqdan işığını itirmiş gözlərinin qarşısında sanki bir insan deyil, bədheybət varlığın dayandığını sandı.
- Mənəm, amma sizi tanıya bilmədim, üzürlü hesab edin! – Gözlərini qıyıb diqqətlə bir daha baxdı. Amma yenə də kəsdirə bilmədi.
Baş leytenant:
- Mənəm, Ceyhun, Əliqismət! – Dəbilqəsini çıxarıb əlində tutdu: - Əliqismət Yaqublu! - deyə ucadan bir daha təkrar etdi.
Kapitan Təhməzov qeyri-ixtiyari ayağa qalxdı. Baş leytenant Yaqublu dəbilqəsini yerə qoyaraq uşaqlıq dostunu bağrına basdı. Kapitan Təhməzov sağ əlini dostunun kürəyinə vuraraq:
- Sən hardan çıxdın, qardaş?! – kövrək bir sevinclə soruşdu: - Səni mənə Allahmı yetirdi!.
Baş leytenant Yaqublununsa diqqəti Təhməzovun qaldıra bilmədiyi sol qolunda idi:
- Yaralanmısan, qardaş! - əlini ehmalca kapitanın daş kimi ağırlaşmış yaralı qolunun üstündə gəzdirdi.
- Bir şey deyil, Əli, keçib gedəcək, inşallah. Təki Vətən sağ olsun!
- Qələbə bizimdi, Ceyhun, sən ürəyini heç sıxma! İndi isə səni təxliyə etmək lazımdır, – baş leytenant saatına baxdı. Ürəyində nəyi isə götür-qoy edirmiş kimi: - Çatarıq, – deyə çevrilib onu müşayiət edən “Niva” maşınının sürücüsünü yanına çağırdi: - Kömək elə, cənab kapitanı maşına yerləşdirək.
Sürücü maşını kapitan Təhməzovun yanına sürüncə baş leytenant Yaqublu radionun düyməsini sıxıb:
- Cənab polkovnik, uşaqlıq dostum kapitan Təhməzov ağır yaralıdır. Onu təcili Sığnağa catdırmaq lazımdır. İcazə verirsinizsə...
Briqada komandiri polkovnik Ələkbər Cahangirov onun sözünü kəsdi:
- İcazə verirəm, Əliqismət, tez get, tez də qayıt. Gedərkən şəhid və yaralılarımızı da Sığnağa çatdır, - deyə göstəriş verdi.
- Oldu, cənab polkovnik!
Əlaqəni kəsib kapitan Təhməzovun və daha bir yaralı əsgərin maşının arxa oturacağında əyləşmələrinə kömək etdi. Daha iki şəhidi və üç yaralı əsgəri UAZ markalı maşına yerləşdirdilər. Qarşıda “Niva”, arxalarınca isə UAZ markalı maşın Sığnaq kəndi istiqamətində hərəkətə başladı.
Birinci Qarabağ müharibəsindən əvvəl bu kəndlər arasında yol olsa da, illər keçdikcə dağılmış, kol-kos basmış, yol-iz itmişdi. İkinci Qarabağ müharibəsi başladıqdan bəri isə amansız döyüşlər, artileriya, tank mərmiləri yolun altını üstünə çevirmiş, keçilməz etmişdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri irəlilədikcə, kəndləri, şəhərləri düşmən tapdağından azad etdikcə, zirehli texnikanın keçdiyi yollar təkərli texnikanın hərəkəti üçün də müvəqqəti yol açır, həmin yollardan təminatın çatdırılması, şəhid və yaralıların arxa cəbhəyə göndərilməsi üçün istifadə imkanı yaradırdı. Yolların çətin keçilən olmasına baxmayaraq, qabaqda hərəkət edən “Niva” bütün imkanlarından istifadə edərək sürətlə irəliləyir, onu təqib edən UAZ isə geri qalmamağa çalışırdı.
Səkkiz-on kilometrlik məsafəni təxminən iyirmi dəqiqəyə qət edib Sığnaq kəndində müvəqqəti yaradılmış qərargaha çatdılar. Baş leytenant Əliqismət Yaqublu şəhid və yaralıları təhvil verən kimi kapitan Təhməzovu bir küncdə odun sobası qoyulmuş çadıra gətirdi. İçəri girən kimi:
- Tez bir çay dəmlə, zəhmət olmasa, – deyə çadırdakı yaralı zabitdən xahiş etdi. Özü isə sobanın üstündəki qəhvədanı isti-soyuq edib kapitan Təhməzova yaxınlaşdı:
- Əlini ver görüm! - deyə kapitan Təhməzovun üzərində qanı qurumuş sol əlinə su töküb yumağa başladı. Dərhal da yarasını açıb yenidən sarğı qoydu.
Bu zaman yaralı zabit iki fincan çay süzüb onlara yaxınlaşdı.
- Hə, qardaş, çayını iç, - deyə Əliqismət Yaqublu dəmir fincanlardan birini yaralı zabitin əlindən alıb ehmalca kapitan Təhməzovun ovcuna qoydu. Kətili çəkib dostu ilə üz-üzə oturdu. Uşaqlıq dostunu görüncə səhərki nigarançılığından əsər-əlamət qalmayan Təhməzov içərisində isti çay olan dəmir fincanı əllərini yanar sobaya yaxınlaşdırırmış kimi hər iki ovucları arasında sıxıb:
- 22 gündür bir qurtum isti çay içmirik, Əliqismət, xəbərin varmı? – deyə təbəssümlə baş leytenantın üzünə baxdı. Dərhal da: - Gileylənmirəm ha, şükürlər olsun Allaha, nəinki ac-susuz qalmağa, ölməyə belə dəyərdi! – əlavə etdi.
- Əlbəttə, xəbərim var, Ceyhun, indi elə hamımız eyni vəziyyətdəyik. Təki müharibəni qələbə ilə bitirək, təki işğala birdəfəlik son qoyaq, hər şey düzələcək, inşallah.
- İnşallah, Əli, inşallah. – Çaydan bir qurtum alıb: – Hə, danış görüm sənin işlərin necə gedir? – deyə soruşdu.
Əliqismət Yaqublu dostunun sualına cavab verməyə macal tapmadı. Ayağa qalxıb səssizə qoyduğu sadə telefonunu arxa cibindən çıxardı. Qulağına yaxınlaşdırıb:
- Eşidirəm, komandir, - deyə diqqətlə qulaq asdı. – Oldu, komandir, baş üstə! - deyib telefonu qapatdı. Kətilə çöküb üzünü Ceyhuna tutdu. Qaynar çaydan bir qurtum alıb:
- Getməliyəm, qardaş! - deyə dəmir fincanı masa kimi istifadə etdikləri kətilin üzərinə qoydu.
- Səninlə söhbətdən doymadım, Əli, çox təəssüf! – Kapitan Təhməzov gileyləndi: - Amma indiki halda hər şeydən vacib üzərimizə düşən fəzifəni layiqincə yerinə yetirməkdir, bilirəm. Ona görə də səni yubada bilmərəm. Hər şeyə görə çox sağ ol, qardaş.
– Sən sağ ol, – deyib ayağa qalxdı: - Səni burda görməklə elə bil dünyanı mənə bağışladılar, Ceyhun, - gözlərində parlayan sevinclə uşaqlıq dostunun gözlərinin dərinliyinə diqqət yetirdi: - Qismət olsa, müharibədən sonra danışarıq, inşallah!
- İnşallah!
Qucaqlaşdılar. Aralanıb bir addım geri çəkildi:
- Özünə yaxşı bax, qardaş. Vaxtlı-vaxtında sarğını elətdir! – deyə dostunun yaralı qoluna işarə ilə dilləndi.
- Oldu, Əliqismət! – Ani sükutdan sonra: - Bilmək olarmı hara gedirsən?- nigarançılıqla soruşdu.
- Yox, çox təəssüf ki, deyə bilmərəm. - Bir-iki addım geri atıb dayandı. Qayıtdı, əyilib: - Sənə demək olar, Ceyhun, - qulağına pıçıldadı: - xüsusi tapşırıq var, qardaş. Şuşaya qalxırıq!
Ceyhunun gözləri parladı. Qol güləşdirirmiş kimi dostunun əlini qamarlayıb özünə tərəf çəkdi:
- Allah yardımçınız olsun, qardaş, Şükür, bu da bizə qismət oldu. Səninlə fəxr edirəm, Əli, kaş yaralanmayıb, bu şərəfli tapşırıqda mən də iştirak edərdim!
- Sən öz vəzifəni layiqincə yerinə yetirdin, Ceyhun. Şərəflə, qəhrəmancasına döyüşdün. İndi də yaralanmısan. Öz qanını Vətən yolunda axıtdın. İndi də bir az müalicə olun, istirahət elə, özünə gəl. İcazə ver fəaliyyətimi sənin də əvəzində davam etdirim.
- “Bələdçi”nin cəsurluğu, igidliyi haqqında eşitmişdim, Əli. Amma bu “Bələdçi”nin kim olduğu gec öyrəndim. Demək o səniymişsən.
- “Bələdçi” olmağına “Bələdçi”yəm, daha doğrusu, burada “Bələdçi” çağırırlar məni. Amma bu “Bələdçi” XTQ-nin adi zabitlərindən, bəlkə də ən zəif zabitlərindən biridir.
- Allah amanında ol, qardaşım, özünü qoru!
- Sağ ol, qardaşım, sən də özünü qoru. Sağ qalsaq, tezliklə sənə qələbə xəbərini çatdıracam, inşallah! - Ayrılıb ayağını çəkə-çəkə onu gözləyən “Niva” maşınına tərəf addımladı.
- Gözləyəcəm, səbrsizliklə gözləyəcəm! – sağ əlini havaya qaldırıb uşaqlıq dostunun ardınca yellədi. - Axsadığını görüb dərhal da arxasınca səsləndi: - Sən yaralısan, Əliqismət!? Belə vəziyyətdə də tapşırığa gedirsən!?
Baş leytenant Yaqublu bir söz demədən gülümsəyib əlini başının üzərinə qaldıraraq uşaqlıq dostuna yellədi. Atılıb “Niva”ya əyləşdi. Və maşın sürətlə yerindən tərpəndi...
Ardı BURADA
Tarix
2021.12.27 / 08:30
|
Müəllif
Etibar Muradxanlı
|