Oktyabrın 10-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın Türkiyənin İğdır şəhərində 75 illik yubileyi ilə bağlı konfrans keçirilib.
Kult.az xəbər verir ki, rektor İğdır Universitetində "Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfransda fəxri qonaq kimi iştirak edib.
Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır vilayətinin valisi Ərcan Turan, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İğdır Universitetinin rektoru Əkrəm Gürel iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən vali Ərcan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kodu” adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bu günədək öz əhəmiyyətini itirməyib”, – deyə vali qeyd edib.
O, türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb.
İğdır Universitetinin rektoru Əkrəm Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib:
“Səmimi-qəlbdən inanıram ki, Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla, bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev “Dədə Qorqud” dastanının beynəlxalq səviyyədə tanınmış bir əsər olduğunu vurğulayıb.
Konfransın fəxri qonağı Kamal Abdullanın yaradıcılığı, ədəbi və elmi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib, Kamal Abdullanın türk dünyası elmində və ədəbi mühitində xidmətləri, Dədə Qorqud dastanı ilə bağlı araşdırmaları, qorqudşünaslıq elmində apardığı tədqiqatlar haqqında danışılıb.
Qeyd olunub ki, zalq yazıçısı, akademik Kamal Abdulla yaradıcılığı nəinki türk dünyasının, eyni zamanda dünya oxucularının diqqətini cəlb edir.
Sonda beynəlxalq tədbirin fəxri qonağı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.
Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə iki sessiya ilə işini davam etdirib.
Qeyd edək ki, Kamal Abdullanın 75 yaşı 4 dekabrda tamam olacaq.