Yuxarı

İlham Əziz, sizi qonaqlıq verdiyiniz üçün tərifləyirlər?

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az yazıçı İlham Əzizin müsahibəsini təqdim edir:

- Ədəbiyyata bizdə də, dünyada da 40-50 yaşından sonra gələn xeyli yazıçılar var. Azərbaycan ədəbiyyatında belə nümunə sonuncu dəfə Mübariz Örən olmuşdu. İndi də siz. Haqlı, ya haqsız olaraq da bu gəlişlər birmənalı qarşılanmır. Tanımayan oxucular üçün giriş olsun: Bu vaxta qədər hardaydız, niyə yazmırdız və ümumiyyətlə, bu yaşdan sonra ehtiyac vardımı? Sizə elə gəlmir ki, yazmaq üçün çox gecdir?

- Sualın sonundan başlayım ki, yazmağın gec olması yaşamağın gec olması kimi absurddur. Özünüz də qeyd etmişiniz ki, dünyada 40-50 yaşından sonra yazmağa başlayıb, böyük uğur əldə edənlər olub. Birini desəm, kifayət edər: Eko! Mənə gələndə, əslində, bir-iki dəfə cəhd etmişəm. Tələbəlik illərində hamı kimi şeir yazmışam. Sonralar fasilələrlə başqa ölkələrdə yaşamağım yazmağıma imkan verməyib. Bu, bəlkə də bəhanədir. Məncə, insan özünü unudandan sonra yazmağa başlayır. Faniliyin verdiyi əzab, ondan qurtulmağın yolları bizim kimi adamları qayadan ədəbiyyat dənizinə atır. Texnoloji bum dövründə yazmaq bir az da həyasızlıqdı…

- Mübariz Örəni elə belə misal çəkmədim. Bəzən mühit adamları arasında söhbətlər zamanı İlham Əziz və Mübariz Örən müqayisə edilir. Özünüz necə düşünürsünüz, Mübariz Örən daha yaxşı yazıçıdır, yoxsa siz?

- Mübariz elə yazıçılardandır ki, oxuyanda yazmaq istəyirsən. Belə yazıçılar barmaq sayıdır. Bizim dil və janr yaxınlığımız var. Təbii, fərqlərimiz də çoxdur. Mübarizi özümə ustad sayıram.

- “İlham Əzizi pula görə tərifləyirlər”, “Yaxşı qonaqlıqlar verir” kimi açıq və gizli iddialar var. Doğrudurmu? Qəfil parlamağın kökündə həm də bu amillər dayana bilər?

- Vallah, haqqımda çox yazmayıblar, harda tərifləyiblərsə, onu da bilmirəm. Dincəlin, son vaxtlar heç bir qonaqlıqda iştirak etmirəm. Əvvəl-əvvəl mühitlə tanışlığa görə daha çox otururduq. Bizim yığılmağa başqa yerimiz yoxdur, ucuz kafelərə yığışırıq. Başqa sahənin adamları bizim on qonaqlıqda verdiyimiz hesabı bir kofeşopda verir. Kasıbın, sadəcə, söz-söhbəti çox olur. Özü də qəribədi, biz ədəbiyyat adamları ancaq özümüzə vedrə bağlayırıq.

- Bu söhbətlərin bir səbəbi də odur ki, hansısa istedadlı gənc haqqında heç bir söz deməyən tənqidçilər sizdən yazır, ən azı adınızı çəkir. Bəlkə kiməsə etdiyiniz bir yaxşılığın qarşılığını verirlər?

- Qətiyyən! Bu söhbətlər məni iyrəndirir. Əslində, reklama, marketinqə pul xərcləmək gözəl şeydir. Sadəcə, o cür düşünən adamlar mənəvi kasıbdırlar və hələ elə şeyləri anlamazlar.

- Hekayələrinizi oxuyanda köhnə dildə, dəqiq desək, “əkrəmvari” dildə yazdığınız görünür. Nisbətən müasir, postmodernistlər də bunu qınayır. Doğrudan da düşünürsünüz ki, məhz bu cür yazmaq lazımdır?

- “İzm”lərə uyan adam deyiləm. “Köhnə dil” söhbətini qəbul etmirəm. Onu deyən adamlar siyahı da versinlər ki, hansı sözlər köhnəlib, işlətmək olmaz. Bu, absurddur. Sadəcə, Azərbaycan dilini yaxşı bilmirlər. Öyrənmək də gec deyil. Texnologiyanın dili şil-küt etdiyi dövrdə Azərbaycan dilinə həssas olmalıyıq, hər bir sözün üstündə əsməliyik, əks təqdirdə dil ölər. İndi yalan olmasın, hər gün dünyada bir dil ölür. Məncə, bu söhbətlər əsassızdır. Əkrəm Əylisli o biri dünyadan dil gətirməyib. Adı üstündədir - bədii ədəbiyyat! Qupquru, sadə cümlələr publistikada nə qədər desən var, esse yazsınlar, köşə yazsınlar o dildə.

- Belə çıxır ki, bu dili, intonasiyanı qınayan heç bir postmodernist haqlı deyil? Onlar deyir ki, nəsrimizdəki kənd havası aktual deyil. Nə qədər olar bir hekayədə obraz kənddən şəhərə gəlir, hadisələr kənddə baş verir…

- Bizdə postmodernist yazçı hələ tanımıram. Kənd, şəhər bölgüsü də absurddur. Kimə hansı mövzu yaxındır, kimi nə narahat edir, onu yazır. Qoy, o birilər də şəhər estetikasında yazsınlar. Mən hər iki mövzuda yazmışam. Yenə deyirəm, dədə-babalarımızın işlətdiyi ifadələrə kim moratorium qoyub, niyə qısqanclıqla yanaşırlar, məlum məsələdir. Dili bilmirlər. Lap yaxşı, onlar yazsın, oxuyaq. Ona buna söz atmaqla ədəbiyyat yaratmırlar. Mətn olmalıdı. Yoxdursa, oxumağa məhkumdurlar.

- “Bizdə postmodern yazıçı hələ tanımıram” deyirsiniz. Zövqünə güvəndiyiniz bir çox yazıçılar Kamal Abdullanı postmodernist yazıçı hesab edir. Siz Kamal Abdullanı necə yazıçı kimi qiymətləndirirsiniz?

- Kamal müəllim magik realizmə yaxın, fərqli yazıçıdır. Onun “Dəvə yağışı” hekayəsini postmodernist sayıram. Ümumən Kamal Abdulla sovet nəsrindən qopan yazıçıdır, kifayət qədər cəsarətlidir. Realizmin tüğyan etdiyi vaxtlarda magik, modernist əsərlər yazıb.

- Əkrəm Əylisli “Xəsil adam” hekayəniz haqqında demişdi ki, əti, sümüyü var, amma qanı yoxdur. Razılaşırsınız? Bəlkə bu, həm də digər hekayələrinizə deyilən iraddır?

- Əkrəm müəllimin iradına ancaq hörmət edirəm. Amma mən belə yazıram. Bu mənim həqiqətimdir. Bir yazıçı öz mətnini ən yaxşılardan saymırsa, yazmasa yaxşıdır. Mən də öz hekayələrimi ən yaxşılardan sayıram. Ona qalsa, Əkrəm müəllimin son hekayəsini mən də tənqid etmişəm, o deməkdir ki, Əkrəm yazmasın?

- Ədəbiyyatımız bir aktual mövzusu da Azərbaycan Yazıçılar Birliyidir. Sizin də ora üzv olduğunuzu nəzərə alsaq, soruşmaq olar: Niyə üzv oldunuz? Bu gün AYB bir yazıçıya, sizə nə vəd edir? Görünən odur ki, heç bir istəyiniz də yoxdur oradan. Bəs onda nə üçündür bu üzvlük?

- AYB mənim uşaqlıq arzum olub. Ordakı simalar Azərbaycan ədəbiyyatının lokomotivləri idi. Ora üzv olmaq nəsə istəmək deyil. Bu, bir az da mənim kimi adamlar üçün romantik məsələdir. İnsafən son hadisələr də göstərdi ki, bu qurum qədər içində müxalif fikir olan təşkilat yoxdur. Hələlik dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır. Hər şey dəyişir, sabah necə olacaq, proqnoz vermək çətindi. Qalacaqsa, islahat qaçılmazdır.

- Bəs AYB-nə müxalif olanlar necə? Onlar iradlarında haqlı deyillərmi? AYO-dan tutmuş, ayrı-ayrı fərdlərə qədər. AYB üzvü olaraq ora qarşı olan tənqidləri qəbul edib, razılaşırsınız? Sizcə, AYB hər şeyi doğru edir? Məsələn, təqaüd bölgüsü, mükafatlar və ən əsası ev məsələsində.

- Müxalif fikir, sorğulamaq demokratik cəmiyyətin əsas qanunudur. Buna özümüzü hazırlamalıyıq. AYO-nun varlığı son zamanlar gözə dəymir. Məncə, AYO təşkilat deyil, estetik cərəyandır, ordakı sənətkarların fikirləri hansı qurumda olmağından asılı olmayaraq, hamıya təsir edir. Və belə bir hərəkatın olması ədəbiyyatın xeyrinədir, təki şəxslər üzərindən polemika az ola. Qaldı AYB-də ev, təqaüd bölgüsünə, mən bu proseslərdən uzaq adamam. Üzv çox, maddi imkan az. Məncə, imkan olsa, hamı nəzərə alınar. Təki heç bir qələm adamının belə şeylərə ehtiyacı olmaya. Bununçün xarici ölkələrin təcrübəsi öyrənilməlidir. Onda heç kim narazı qalmaz. Dövlət quruculuğu gedir, bu işlərə də əncam çəkiləcək. Siz də qəbul edin ki, ədəbiyyata iddialı olan adamların çox cüzi hissəsi əsl, konseptual mənada ədəbiyyat adamıdır. Kəmiyyət hələlik keyfiyyətə xidmət etmir.

- Mövcud imkanlarla nəzərə alınanlar ədalətlidir? “Təqaüdlər AYB-ni müdafiə edənlərə, öz tanışlarına verilir” kimi iddialar var. Üstəlik, heç vaxt tam siyahı açıqlanmır. Bəs bu proses necə nizamlanmalıdır? Ehtiyac sahibi yazıçılar ola-ola evin sürücüyə, yaxud özünün şəxsi evi olanlara verilməsi necə?

- Dövlət bu haqqı AYB-nin üzvlərinə tanıyıb. Başqa sahələrin də adamlarına mütamadi maddi yardımlar edilir, evlər verilir. AYB üzvü olmayanlar fərdi qaydada müraciət etməlidirlər, edirlər də. Qaldı bölgüyə, onun kriteriyalarını bilmirəm. Yəqin ki, öz həqiqətləri var. Yenə deyirəm, başqa sistem yaradılmalıdır ki, yazıçı belə ələbaxım olmaya. Bu, həm də dolğun əsər yazmağa ən böyük maneədir.

Tarix
2024.01.31 / 08:00
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla