Nəhayət, AYB özünün gözlənilən XII qurultayını keçirdi.
Düşünmürəm ki, bununla da böyük bir söz-söhbətə son qoyuldu.
Qurultay öncəsi gedən söhbətlər, dedi-qodular, haqlı-haqsız iradlar
indi də qurultay sonrası söhbətlər kimi davam edəcək: Niyə belə
oldu, niyə Anar yenidən sədr seçildi, nə üçün Fikrət Qoca 1-ci
müavin, Rəşad Məcid gənclər üzrə katib olaraq qaldı və
sairə…
Bu söhbətlər səngiməyəcək. Mən isə qurultayın nümayəndəsi olaraq
nəyi proqnozlaşdırmışdımsa, o da oldu. Bir yerdə yanıldım və bu
yanılmamda özümü heç də günahkar hesab etmirəm. Yəni düşünmürdüm
ki, bu qədər açıq kartla oynamaq iradəsində olan tapılsın. Məsələn,
düşünməzdim ki, yaraşıq və gözəlliklə qos-qoca Birliyin İdarə
Heyətinə düşmək olar… Gözəllik təkcə dünyanı xilas etmirmiş...
Anarı təbrik edirəm
Hadisələri dünya şöhrətli yazıçı Oljas Süleymenov qabaqladı.
Qurultaya qonaq qismində qatılan türkçü yazar Oljas ağa çıxışı
zamanı Azərbaycan yazarlarının əldə etdiyi uğurlardan bəhs etdi.
Azərbaycanın türk dünyasında və eləcə də keçmiş SSRİ-də önəmli
yerlərdən birində olmasından danışdı. Danışığında millətimizə,
dövlətimizə, ədəbiyyatımıza sevgisi hiss olundu. Çıxışının sonunda
Qurultay nümayəndələrinə uğurlar arzuladı və qeyd etdi:
- Anarı təbrik edirəm, bilirəm ki, o, bundan sonra da bu postda
ləyaqətlə işləyəcək…
Bakı nə vaxtdan rus şəhəri olub?
Bu sualla Ukraynanın və keçmiş SSRİ-nin məşhur şairi İvan Draç
salonda oturanlara çıxışının sonunda müraciət etdi. İ.Draç da
qurultaya qonaq kimi dəvət olunmasından qürur duyduğunu dedi. Eyni
zamanda əsl vətəndaşlıq mövqeyi sərgiləyərək ölkəsinin bugünkü
durumuna da toxundu:
"Ruslar Simferopol, Kiyev, Tiflis, Bakı şəhərlərini də rus
şəhəri kimi təqdim etməkdən çəkinmirlər. Bakı ha… Bakı hardan rus
şəhəri oldu? - deməsinə Xalq yazıçısı Anar replika atdı:
- Sən ki şahidi idin, mən o zaman da o tədbirdə durub dedim ki,
Bakı heç vaxt rus şəhəri olmayıb…
Beşaçılanlı oğlan
Qurultay boyu mən Xalq şairi Vaqif Səmədoğlunun çıxışının təsiri
altında qaldım. Zaraftından da qalmadı:
"Gör bu xəstəlik məni nə günə qoyub ki, Çingiz Abdullayev mənə
dayaq olur. Xərçəng mədəmdədir, beynimdə deyil, nə danlşdığmı gözəl
bilirəm".
Vaqif Səmədoğlu da çıxışında Anar müəllimə dəstək olduğunu
dedi:
- Mən Anara səs verəcəm, onun sədr olaraq qalmasını istəyəcəm.
Bununla da mən öz uşaqlığıma, uşaqlıq xatirələrimə səs vermiş
olacam. Mənim uşaqlığım bu divarların arasında keçib. O binada atam
işləyib. Rəhmətlik yadından nəyi isə həmişə çıxarardı, unudardı.
Zəng edər, - filan şeyi təcili gətir, - deyərdi. Qaçaraq gətirib
verərdim.
Anar o binanı qoruyub saxlayıb. Yadımdadır, 1995-ci ildə
qardaşım Yusif mənə zəng etdi. Tüfənglərindən birini götür, tez
İttifaqa gəl, - dedi. Beşaçılanı götürüb getdim. Bir azdan qardaşım
zəng etdi ki, tüfəngi maşında saxla, gəl yuxarı. Qalxdım, gördüm
ki, AYB-nin katibi olaraq Yusif Səmədoğlu rəhmətlik Heydər Əliyevə
zəng edib, deyib ki, cənab prezident, tapançamın darağında 7 güllə
var, altısını Yazıçılar Birliyinə gələnlərə, birini isə özümə
vuracam. Bu binanı ingilis səfirliyinə vermək istəyirlər. Heydər
Əliyev gülə-gülə deyib ki, bina verilməyəcək, sənə silahı verən DİN
isə cəzalanacaq. Beləliklə, o binanı qoruyub saxlamışıq. Anar sədr
olmasa, o binanı Yazıçıların əlindən alacaqlar. Mən həm də
klassiklərimizin ruhu dolaşan o binanı Anarın qoruyub saxlayacağına
görə ona səs verirəm.
Kitab oxumayan məmurlara iradlar
Xalq şairi Sabir Rüstəmxanlı və Türkiyədə yaşayan Məmməd
İsmayılın çıxışları daha çox diqqət çəkdi, desəm, yanılmaram. Sabir
Rüstəmxanlı çıxışında kitaba olan hörmətsizlikdən bəhs etdi,
qurutay iştirakçıları arasında olan Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevə üzünü tutaraq iradlarını bildirdi:
"Məmurlar kitab oxumamalarıyla fəxr edirlər, - dedi. -
Rayonlarda kitab mağazaları tikmək lazımdır. Dərsliklərdə verilən
yazılar uşaqlara yaxşı heç nə vəd etmir".
Məmməd İsmayılın da çıxışı bu notlar üzərində qurulmuşdu.
Fatma xanım Abdullazadə iradlari qəbul etdi
Prezident Administrasiyası Humanitar şöbəsinin müdiri Fatma
Abdullazadə çıxışında ümumulikdə deyilən iradlarla razı olduğunu
bildirdi:
"Sabir Rüstəmxanlı çox düzgün vurğuladı, rayonlarda kitab
mağazaları yoxdur. Bu, çox acınacaqlı haldlr. Dərsliklərimiz
bərbaddır, dili təhrif edirlər. Bu, yolverilməzdir. Uşaq ədəbiyyatı
əvvəlki illərlə müqayisədə yox dərəcəsindədir, belə olmaz.
Yazarlarımızın təqdimatları ürəkaçan deyil, bu haqda fikirləşmək
lazımdır".
Qurultay işini yekunlaşdırdı. Anar yenidən sədr seçildi.
Qurultaydan təəssürütlarım təkcə bu olmadı. Düşünürəm ki, Anar
müəllim 11-ci qurultayda dediklərini bu qurultayda təkrar etməsə
də, yenə də o fikirdədir: "Bu vaxta qədər necə işləmişəmsə, yenə də
elə işləyəcəm…"