Bazar günü fürsətdən yaralanaraq ölkənin şimalına - Xaçmaz
rayonuna yol aldım. Əslində, burada fəaliyyət göstərən RTV-nin
"Yeni səhifə" layihəsinə qonaq çağırılmışdım. Tanınmış şair,
"Ulduz" jurnalının şöbə müdiri Fərqanə Mehdi və gənc şair Tural
Balabəyli ilə yol yoldaşlığımız yadda qalan oldu.
Əsən güclü külək Xəzərin ağ köpüklü dalğalarını sanki aydınlıq
olsun deyə qabardır və su damlalarını az qala yola qədər səpələyir.
Beşbarmaq arxada qalır. Rahat, iki istiqamətli yolda sürət həddi
110 km olsa da, buna riayət etmirəm, arada sürətgöstəricinin əqrəbi
150-160 rəqəmlərinin üstündə "titrəyir". Yol boyu ətraf hələ ki boz
səhralığı andırır. Maraqlı söhbət yolumuzu daha yaxın edir.
YOL AYRICI
Siyəzənin, Şabranın kəndlərini də arxada qoyuruq. Bu da
yolayrıcı, Quba- Qusar və Xaçmaza haçalanan yol. Xaçmaza tərəf
dönürük. Yolun hər iki tərəfi yaşıl ağaclıqlardı və bu bir tuneli
xatırladır. Ara-sıra yol üstündəki xəfənglərdə meyvə-tərəvəz
satılır. Qiymətlərlə maraqlanıram və "Bakıda burdan ucuzdur ki", -
deyib yoluma davam edirəm.
Nəhayət Xaçmaz RTV-yə çatırıq. Verilişin aparıcısı və layihənin
rəhbəri Sərdar Amin bizi qapının qarşısında qarşılayır. Yol boyu
zənglər etmiş, söhbətləşmişdik. Təxminən 30 dəqiqədən sonra çəkiliş
başlayır. Mövzu oxucu, mütaliə problemləri ilə bağlıdır. Arada şeir
də oxuyuruq. Çəkiliş sonu Sərdar hər üçünüzə təşəkkür edir və
söhbətimizin maraqlı olduğunu deyir.
QÜRURLU ANA HEYKƏLİ
Xaçmaz şəhərinin mərkəzindəki Şəhidlər xiyabanının qarşısında
maşını saxlayıram. Şəhidlərimizə ehtiramımızı bildiririk. Xiyaban
Xaçmaz şəhərinin mərkəzində yüksək ərazidə salınıb. Pilləkənlərlə
xiyabana qalxırıq. Pilləkənlər boyu küknar ağacları əsgər duruşu
kimi səfə düzülüb. Xiyabanın girəcəyində kədərli ana heykəli
ucaldılıb. Bu heykəl şəhid olmuş bütün Azərbaycan əsgərinin
anasının obrazıdır. Müharibəyə nifrət, şəhid düşmüş oğulun nakam
həyatına yanğı və qürur var bu heykəlin simasında... Şəkil
çəkirəm...
Üzü tüklü bir kişi xiyabanda qara yaylıqlı bir qadınla dayanıb.
Şəkillərini çəkmək istəyimə etiraz edirlər. Əlavə xahişə ehtiyac
duymuram, sadəcə:
- Sizin yaxınlarınızdan kimsə dəfn olunub? - soruşuram.
Qadın:
- Yox, Xaçmaza iş üçün gəlmişik. Buradan keçəndə dayandıq ki,
xiyabana baş çəkək, bu gül tifil gəncləri, nakam gəncləri ziyarət
edək. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Bir qədər də söhbət edirəm, məlum olur ki, həmsöhbətlərim
Lənkərandandır. Övladları müharibədə itkin düşüb, bütün şəhid
övladlarımızı öz balaları kimi görür və hansı rayonda olsalar
Şəhidlər xiyabanına baş çəkməyi özlərinə borc bilirlər.
- Ən böyük arzum indi oğlumdan xəbər eşitməkdir. Lap ölüm xəbəri
olsun. Qanı hara tökülübsə, həmin torpaqdan bir ovuc götürüb
Şəhidlər xiyabanında dəfn edim, onun qanlı torpağının məzarını
ziyarət edim...
Təsirlənirəm. Mövzunu dəyişirəm:
- Xeyir ola, Xaçmaza səfəriniz hansı işlə
əlaqədardır? - soruşuram.
- Bakıda oluruq, bazarda meyvə-tərəvəz satırıq, gəlib yerində
ucuz alırıq, aparıb topdan veririk, – bunu oğlu Qarabağ döyüşündə
itkin düşmüş ata deyir.
- Allahdan arzum budur ki, xoş xəbər
eşidəsiniz,- deyib onları şəhidlərimizlə baş-başa
qoyuram...
MÜZZƏFƏROBA
Rayonun Müzzəfəroba kəndində Fərqanə xanımın dostları var.
Gəlişimizdən xəbər tutublar. Kənd, rayon mərkəzinə çox yaxındır.
Kənd evləri yaşıllığın içərisində "boğulur". Hündür meyvə
ağaclarının budaqlarından ağ və qırmızı gilaslar sırğa kimi asılıb.
Tural fotokameranın düyməsini sıxır, o, ilk dəfədir bu hündürlükdə
gilas ağacları görür:
- Bu gilaslar o qədər gözəl görünür ki, adamın onları yeməyə
heyfi gələr, - desə də, sözünün üstündə durmur.
"ULDUZLAR"IN SƏDRİ
Kəndə gəlişimiz həm də toya təsadüf edib. Xaçmazda fəaliyyət
göstərən "Ulduzlar" ədəbi məclisinin sədri şair, kənd orta
məktəbinin direktoru Fərzalı Ziya Nurun yaxın qohumunun toyudur.
Toy evinə getməzdən öncə şairin həyətində oturub söhbət edirik.
Öyrənirik ki "Ulduzlar" 1960-cı ildən fəaliyyət göstərir. Mərhum
şair Murad Qudyalçaylı tərəfindən yaradılan məslisə 2004-cü ilə -
şair dünyasını dəyişənə qədər elə özü rəhbərlik edib. Hazırda
məclisin 30-dan çox üzvü var. Fərzalı müəllimin səyi və
təşkilatçılığı ilə 2012 və 2013-cü illərdə Məclis özünün "Duyğu
yarpaqları" adında 2 almanaxını dərc etdirib. Almanaxlardan birinə
tənqidçi Vaqif Yusifli digərinə isə məclisin sədri, Fərzalı müəllim
ön söz yazıb.
Fərzalı Ziya Nur :
- AYB-nin Quba bölməsinin sədri şair Ramiz Qusarçaylıdır.
Tez-tez görüşlərimiz olur. Qubada iki ədəbi məclis – "Ay işığı" və
"Gülüstan" Siyəzəndə "Dübrar" , Şabranda "Şabran" ədəbi məclisləri
var ki, bu məclis üzvləri bəzən birlikdə tədbirlə keçirirlər.
Bundan əlavə Dərbənddə fəaliyyət göstərən "Gülüstan" ədəbi birliyi
ilə sıx əlaqələrimiz mövcuddur. Slavyan universitetinin yaradıcılıq
fakültəsinin tələbələri ilə görüşümüz olub. Tanınmış kinoşünas Ayaz
Salayev, "Əli və Nino" kitab evinin rəhbəri Nigar xanım Köçərli də
məclisimizdə qonaq qismində görüşlər keçirilib.
KƏND TOYU
Müzəffəroba kəndinin toy adət ənənələri qədim adət-ənənələri
özündə qoruyub saxlaya bilib. Axar-baxarlı bir həyətdə, ağacların
altında sıralanmış toy süfrəsi arxasında oturanlar yeni ailə həyatı
quran gənclərin şərəfinə badələr qaldırır. Həyətin qarşısında
küçədə çadır qurulub, çadırda kişi və qadın müğənni duet olaraq
mahnı oxuyur, cavanlar və özlərini cavanlardan heç də zəif
görməyənlər şıdırğı rəqs edir. Toy evində biz çox yüksək
qonaqpərvərliklə qarşıladıq. Həyətdə, hündür ağacların altında
düzənlənmiş stolların arxasında "uzaqdan" gələn qonaqlarla bir
yerdə əyləşdik. Bir müddətdən sonra mağara dəvət olunduq. Toyun
aparıcısı və müğənnisi Fərzalı müəllimi mikrofona dəvət edir:
Fərzalı müəllim gənclərə xoş sözlərini ünvanladıqdan sonra bizə
söz verir. Çıxışlarımız və oxuduğumuz şeirlər çox rəğbətlə
qarşılanır. Fərqanə xanımın "Ana" nə "Təndir" şeirləri mağarda olan
xanımların kövrəlməsinə səbəb olur. Sonda "Azərbaycan" havasına qol
qaldırıb oynayırıq.
İlkin adlı toya dəvət olunmuş qonaqla söhbətimiz alınır:
- Mən Naxçıvandanam. Şərur rayonundan. Könüllü olaraq bura əsir
düşmüşəm, ağ bayraq qaldırmışam, - deyib zarafat edir. - Hərbi
xidmətdə burada olmuşam. Xəstələnmişdim. Hospitalda yatırdım.
Buranın camaatı məni öz balası kimi himayə etdi. Dostlaşdım.
Xidmətdən sonra qaldım. Ailə qurdun. Sonra qohumluğumuz daha da
möhkəmləndi. Kiçik bacım da bura gəlin köçdü.
Toy sahibləri ilə sağollaşırıq. Fərzalı müəllim qardaşları Sabir
və Həsən, xanımları və övladları bizi kənd boyu yola salırlar.
Bakıya qayıtmazdan qabaq Xaçmazın "Bakı" prospektindəki müasir
tikililərin, qəhrəmanlarımızın şərəfin ucaldılmış abidələrin
şəkillər çəkirik.
"DÜBRAR"
Siyəzəndə fəaliyyət göstərən "Dübrar" ədəbi məclisində də yol
üstü, atüstü görüşümüz olur. Məclisin sədri şair Nəcməddin
Mürvətdir. AYB-nin sonuncu qurultayında da nümayəndə kimi qatılan
şair rəhbəri olduğu məclislə bağlı məlumat verir. Məclis üzvlərinin
tez-tez ədəbi mədəni tədbirlərdə iştirak etməsindən bəhs edir:
- Keçən il mərhum şairimiz Cabir Novruzun 80 illik yubileyini
keçirdik. Yazıçılar Birliyinin rəhbərliyindən, şairin ailə
üzvlərindən ibarət qonaqlarımız da oldu. Bundan başqa məclisimizin
üzvü şair Əlisəfa Azayevin Qusar rayonunda oxucularla çox böyük bir
görüşü keçirildi. Şairlərdən İlyas Tapdıq, Musa Ələkbərli, Oqtay
Rza, Ramiz Qusaqrçaylı da məclisimizin dəvəti ilə qonağımız
olub...
Bu bir günün, bir səfərin təəssüratı idi. Və bu təəssüratla da
Bakıya qayıdırıq...