Söküntü işlərinin aparılacağı ərazidə yeni yaşayış
evlərinin və ya hündürmərtəbəli binaların tikintisi nəzərdə
tutulmur. Ümumilikdə, 50 hektara yaxın ərazidə yaşıllıqlar
salınacaq.
Böyük Bakının Regional İnkişaf Planına uyğun olaraq, Bakıda
evlərin sökülməsinin növbəti mərhələsinə başlanılır. Açıqlanan
rəsmi məlumatlara görə, ilkin mərhələdə söküntü işləri Nəriman
Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına
kimi uzanan ərazini əhatə edəcək. Ümumilikdə, 10 min evin sökülməsi
planlaşdırılır. Söküntü işləri kifayət qədər böyük bir ərazini
əhatə etdiyi üçün bu işlərin 6 mərhələdə həyata keçirilməsi nəzərdə
tutulur. İkinci mərhələdə Tolstoy küçəsi və Əli bəy Hüseynzadə
küçələrinin aralığı və Akademik Milli Dram Teatrının arxasından
başlayan ərazidə yerləşən evlərin söküntüsünə başlanacaq. Üçüncü,
dördüncü mərhələdə Təzə Pir məscidinə yaxın ərazilərdə və beşinci,
altıncı mərhələlərdə Əli bəy Hüseynzadə küçəsindən "Nizami"
metrosunun arxa hissəsinə kimi ərazilərdə söküntü işləri
aparılacaq. El dili ilə desək, söküntü işləri ümumilikdə
"Sovetski", "Papanin", "Xutor" və "Kubinka" kimi əraziləri əhatə
edəcək.
milli.az "Zaman Azərbaycan"-a istinadən xəbər verir ki, söküntü
işləri zamanı tarixi abidələrin qorunmasına ciddi əhəmiyyət
veriləcək. Məsələn, ilkin məlumatlara görə, Təzə Pir məscidinin
ətrafında böyük park salınacaq. Məscidin isə həmin ərazidə yenə də
fəaliyyətini davam etdirəcəyi bildirilir. Təxminən 50 hektar
ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən
hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. Sevindirici və
ürəkaçan məqam odur ki, evlərin yerində park salınacaq, yollar
çəkiləcək, sosial obyektlər inşa ediləcək. Yəni ərazidə yenidən
yaşayış evlərinin, binaların tikintisi nəzərdə tutulmur. Bu isə o
deməkdir ki, paytaxt Bakı, sözün həqiqi mənasında, yaşıllıqlar
diyarı olacaq.
Bakı şəhərinin Baş Planına uyğun olaraq, paytaxtın Yasamal
rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy
Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni
zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi
uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanır. Yasamal Rayon
İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov deyib ki,
sözügedən ərazi böyük olduğundan söküntü işləri 6 mərhələdə həyata
keçiriləcək.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavininin sözlərinə
görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin
ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini
əhatə edəcək: "Akademik Milli Dram Teatrının arxasından başlayan
ərazi, Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı
2-ci mərhələdə, Təzə Pir məscidinə tərəf uzanan ərazilər 3 və 4-cü
mərhələlərdə, Əli bəy Hüseynzadə küçəsindən "Nizami" metrosunun
arxa hissəsinə kimi ərazilər isə 5-6-cı mərhələdə söküləcək".
Söküntü aparılan ərazilərdə yaşayış binaları
tikilməyəcək
Qış bulvarının davamı olaraq, həmin ərazi abad bir parka
çevriləcək. Söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət
parkları və sosial obyektlərin tikiləcəyini deyən Səməd İslamov onu
da bildirir ki, yeni layihəyə əsasən, ərazidə hər hansı yaşayış
binasının tikintisi nəzərdə tutulmur. Söküntü və yeni
layihələndirmə işləri Rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi,
"Azəryolservis" ASC-nın nəzdində olan "Azərekspert" təşkilatı ilə
birgə aparılır. Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən,
ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur
ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və
qiymətləndirilməsi həyata keçirilib: "Vətəndaşın istifadəsində olan
mənzillər var. Uzun illərdir yaşayıb, lakin hələ də sənədləri
yoxdur. Amma oranın kommunal xərcləri vaxtında ödənilib. Sənədli
evlərlə birlikdə həmin evlərə də indiki bazar qiymətlərinə uyğun
olaraq hər kvadratmetri 1500 manatdan pul vəsaiti veriləcək. Eyni
zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir
qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq
kompensasiyalar ödəniləcək". Artıq qarşılıqlı razılaşma əsasında
müvafiq vəsaitin 45 ailənin bank hesablarına köçürüldüyünü deyən
Səməd İslamov bildirib ki, yaxın 2 ay müddətində söküntü işlərinə
başlanacaq. Köçürülən ailələrə ayda 500 manat olmaqla ikiaylıq
kirayə pulu da ödənilir.
Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı
bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi
gözlənilir. İlkin olaraq, Hüseyn Cavid bağından Nərimanov prospekti
istiqamətində olan 16 mərtəbəli binanın tamamilə sökülməsi, yerində
yeni yol salınması nəzərdə tutulur.