Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
Azərbaycann ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki
illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul
imtahanı keçirir.
Report-un məlumatına görə, imtahan ölkənin 11
şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki,
Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində
ümumilikdə 27 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq
və 3 saat davam edəcək.
İmtahanın gedişini işıqlandırmaq üçün 50-dək KİV nümayəndəsi
TQDK-da akkreditasiyadan keçib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün ərizə verən
abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytına daxil
olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap ediblər. Buraxılış
vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim
olunub. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib
tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri
məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd- şəxsiyyəti təsdiq
edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni
gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya
sənədlər arasında uyğunsuzluq olduqda, eləcə də imtahan binasına
giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı
vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və
imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər
tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün
"Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində
TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda
istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə
bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunan sualların
düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və
facebook səhifəsində yerləşdiriləcək.
İmtahan verən abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.
Məlumat üçün bildirək ki, imtahanda 14 495 abituriyentin
iştirakı nəzərdə tutulur. Onlardan 6 859 abituriyent II qrup üzrə,
7636 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 13 598 nəfəri (II qrup üzrə 6394, III qrup
üzrə 7204 nəfər) Azərbaycan bölməsinin, 897 nəfəri (II qrup üzrə
465 nəfər, III qrup üzrə 432 nəfər) isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 6097 nəfəri (II qrup üzrə 4129 nəfər, III qrup
üzrə 1968 nəfər) oğlanlar, 8398 nəfəri (II qrup üzrə 2730 nəfər,
III qrup üzrə 5668 nəfər) isə qızlardır.
12 004 nəfər orta ümumtəhsil məktəblərinin, 246 nəfər ali təhsil
müəssisələrinin, 2 245 nəfər isə orta ixtisas təhsili
müəssisələrinin məzunudur. 42 abituriyent xarici ölkələrin
vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-ci il təvəllüdlüdü. Ən
gənci isə 2000-ci ildə anadan olub.
Bakı şəhərində 6392, Naxçıvanda 743, Gəncədə 1729, Sumqayıtda
730, Mingəçevirdə 646, Şəkidə 691, Ağcabədidə 711, Göyçayda 581,
Şirvanda 515, Lənkəranda 1021, Xaçmazda isə 736 abituriyentin
imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 111 imtahan rəhbəri və orta
ümumtəhsil müəssisələrindən 1263 nəzarətçi-müəllim cəlb olunub.